Qədim Afina

Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət.

Qədim Afina
Gerb
Gerb
Paytaxt Afina
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Afina akropolu, Leo fon Klensin rekonstruksiyası 1846-cı il

E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı.

Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi. E.ə. VIII əsrdə Akropolda yaşayan adlı-sanlı adamlar Attikanın bütün əhalisini özlərinə tabe etdilər. E.ə. VIII əsrdə Afina şəhər dövlətini ağsaqqallar şurası və onun seçdiyi 9 hökmdar idarə edirdi.

Adlı-sanlı yunanlar öz idarə üsullarını "aristokratiya", yəni "yaxşıların hakimiyyəti" adlandırırdılar. Attikanın qalan azad əhalisinə, yəni sənətkarlara, kəndlilərə, günəmuzdçulara, dənizçilərə isə "demos" deyirdilər.

Afinada təsərrüfatın inkişafı

[redaktə | mənbəni redaktə et]

Afina əhalisi əkinçilik və maldarlıqla məşğul olur, əsasən, zeytun və üzüm becərir, şərab və zeytun yağı istehsal edirdi. Şərab və zeytun yağını saxlamaq və daşımaq üçün amfora adlanan gil küplər düzəldirdilər. Amfora qablar iki qulplu dar boğazlı idi. E.ə. VI əsrdə qara və qırmızı rəngli amfora istehsal edilirdi. Akropolun yaxınlığında aqora adlanan bazar meydanı yerləşirdi. Burada dulusçuluq, dəmirçilik, toxuculuq, kənd təsərrüfatı məhsulları satılırdı. E.ə. VII əsrdə Afinada gümüş pul kəsilirdi.

Afinada quldarlıq təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

İran-Yunan müharibəsindən sonra da Afina dəniz ittifaqı fəaliyyət göstərdi. Afina bu ittifaqın donanma və qoşunundan, xəzinəsindən istədiyi kimi istifadə edirdi. Afinalılar öz şəhərlərinin ətrafına müdafiə divarları çəkdilər. Afinalılar "dəniz sahibləri" sayılırdılar. Onun 6 kilometrliyində olan körfəzdə Pirey limanı salındı. Şəhərdən limana qədər hündür divarlar çəkilmişdi. Dünyanın müxtəlif ölkələrindən Afinaya məhsullar gətirilirdi, buradan isə Afinada istehsal olunan məhsullar aparılırdı. Tacirlər Afinaya gətirdikləri mal üçün ticarət vergisi (gömrük) verirdilər. E.ə. V əsrdə Afina Yunanıstanın ən varlı şəhər dövləti oldu.

Afinanın sərvəti qala divarlarının tikilməsinə, möhtəşəm məbədlərin, ictimai binaların, heykəllərin yaradılmasına sərf olunurdu. Bu isə bənnaların, sənətkarların və başqalarının işlə təmin olunmasına şərait yaradırdı. Hərbi donanma gəmiqayıranların, dənizçilərin, avar çəkənlərin yaşamasına imkan verirdi. Yunanıstanda böyük qul bazarları var idi. Ən böyük qul bazarlarından biri Xios adasında idi. Bu bazarda gündə 10 min qul satılırdı. Qul əməyindən ən çox filiz mədənlərində, daş karxanalarında, sənətkarlıq emalatxanalarında, kənd təsərrüfatında. ev qulluqçuluğunda istifadə olunurdu. Quldarlar qulları "İnsan ayaqlı" adlandırırdılar.

Borc daşı. Köləlik

[redaktə | mənbəni redaktə et]

Afinada varlılar əvvəllər özləri torpaqlarını becərirdilər. Sonra onlar günəmüzdçülardan, (torpağı və daimi işi olmayan, yalnız gördükləri işə görə haqq alan), daha sonra isə qullardan istifadə etməyə başladılar. Afinada köləliyin əsas mənbələri dəniz quldurluğu, müharibədə əsir götürmək, borca görə kişiləri, qul qadınların uşaqlarını qul etmək idi. Qulları bazarda satır, onları, əsasən, mədənlərdə, sənətkar emalatxanalarında, kənd təsərrüfatı və ev işlərində işlədirdilər.

Afinada kəndlilər aristokratlardan borca və ya sələminə pul alırdılar. Aristokratlar verdiyi borcu kəndlinin tarlasının kənarında borc daşına yazırdılar. Buraya borcun miqdarı, sələm faizi, verildiyi vaxt, qaytarılacağı müddət qeyd edilirdi. E.ə. VII əsrdə, demək olar, bütün kəndlilər borca düşdülər. E.ə. VII əsrdə demosun bir hissəsi varlanmışdı, amma yenə də aristokratların hakimiyyəti altında idi.

Demos və aristokratlar arasında mübarizə

[redaktə | mənbəni redaktə et]
Solon

E.ə. VII əsrdə Afinada bütün məsələləri adlı-sanlı adamlardan ibarət Ağsaqqallar Şurası həll edirdi. Aristokratlar hakimiyyətlərini möhkəmləndirmək üçün sərt qanunlar qəbul edirdilər. E.ə. VII əsrdə belə sərt qanunu Drakon tərtib etmiş və "Drakon qanunu" adlanan bu qanun haqqında deyirdilər ki, o, "mürəkkəblə deyil, qanla yazılmışdır". Adlı-sanlı olmayan hər kəs cüzi xəta üstündə, hətta bir salxım üzüm oğurladıqda ölümə məhkum edilirdi. E.ə. VII əsrdə idarəetmədə iştirak etmək üçün demosla aristokratlar arasında mübarizə başlandı.

Demos yoxsulların borclarını ləğv etməyi, torpağı kəndlilər arasında bölüşdürməyi tələb edirdi. E.ə. VI əsrin əvvəllərində demosla aristokratlar arasında mübarizə kəskinləşdi. Aristokratlar xalqın üsyan edəcəyindən qorxdular və demosa güzəştə getməyə məcbur oldular. E.ə. 594-cü ildə demos və aristokratları barışdırmaq hökmdar Solona tapşırıldı. Solon xalq yığıncağına arxalanıb islahat keçirdi və islahata əsasən borc daşlarını və borca görə qul olmağı ləğv etdi. Afinalıların gələcəkdə borca görə qul edilməsi qadağan olundıı. Attikanın bütün yerli kişi sakinləri Afina vətəndaşları hesab edildi. Kənar yerlərdən gəlmələr Afina vətəndaşı sayılmırdılar. Əmlaka görə əhali 4 dərəcəyə bölünürdü. Onlar iki il hərbi təlim keçir, müharibə başlanan kimi bütün vətəndaşlar silahı ilə orduya gəlməli idi. Piyada döyüşçülərin əksəriyyəti kəndlilər idi.

Afina vətəndaşları xalq yığıncağında iştirak etmək hüququna malik idilər. Afinada dövlətin idarə olunmasında daha çox adam iştirak edirdi. E.ə. VI əsrin sonundan başlayaraq xalq yığıncağı Afina ordusuna və donanmasına başçılıq edən strateqləri də seçirdi. Beləliklə, e.ə. VIII–VI əsrlərdə Afinada quldarlıq quruluşu bərqərar oldu və quldarlıq dövləti yarandı.

Afinada quldarlıq demokratiyası

[redaktə | mənbəni redaktə et]
Perikl

E.ə. V əsrdə Yunanıstanda hakimiyyətin iki forması uğrunda mübarizə gedirdi. Yuxarı təbəqə oliqarxiya (azların hakimiyyəti) tərəfdarı idi. Azad əhalinin aşağı təbəqəsi demokratik hakimiyyəti (xalq hakimiyyətini) müdafiə edirdi.

E.ə. V əsrdə Afinada ali hakimiyyət ayda 3–4 dəfə çağrılan xalq yığıncağına məxsus idi. Yığıncaq qanunlar qəbul edir, xəzinəni ixtiyarında saxlayır, müharibə və sülh məsələsini həll edir, strateq və başqa vəzifəli şəxsləri seçirdi. Qərarlar səs çoxluğu ilə qəbul olunurdu. 500 nəfərdən ibarət şura xalq yığıncağına kömək edirdi. Xalq yığıncağı demosun mənafeyini müdafiə edənləri vəzifəyə seçirdi. E.ə. 443-cü ildə strateq vəzifəsinə görkəmli dövlət xadimi Perikl seçildi. O, ömrünün sonuna kimi 15 il dalbadal strateq oldu. Perikl varlı ailədən olmasına baxmayaraq demokratiyanı müdafiə edirdi. Perikl dövrünün ən görkəmli elm və mədəniyyət xadimlərini müdafiə edirdi. Parfenon məbədi və digər möhtəşəm abidələr onun dövründə tikilmişdi. O, yoxsulların pullu vəzifələrə seçilməsinə nail oldu. Afinada dövlətin bu cür idarə olunması demokratiya adlanırdı, bu da "demosun hakimiyyəti" demək idi. Afina demokratiyası qullar üzərində quldarların hakimiyyətini təmin edirdi. Bu demokratiya quldarlıq demokratiyası idi. Perikl dövründə demokratiya özünün ən yüksək mərhələsinə çatdı. Afinada ata-anası afinalı olanlar vətəndaş sayılırdı. Qullar, Afinaya gəlmələr və onların övladları Afina vətəndaşı ola bilməzdilər, demokratiyanın bəhrəsindən istifadə etmək hüquqları yox idi.

Afinanın izdihamlı və səs-küylü yeri aqora idi. Səhər çağı aqorada ticarət başlanırdı. Axşama yaxın ticarət dayandırılır, əhali yenilikləri öyrənmək üçün buraya gəlirdi. Əhali burada xalq yığıncağında və məhkəmələrdə baxılacaq işlər haqqında bildirişlə tanış olur, yeniliklərdən xəbər tuturdular. Aqoraya hamı — varlı da, yoxsul da gəlirdi. Yaşlı kişilər və gənclər gimnaziyalarda məşhur alimlərin mühazirəsini dinləyir, gimnastika ilə məşğul olurdular. Böyük bir binada musiqiçilər və müğənnilər yarışırdılar.

  • Афины Древние // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред. А. М. Прохоров. — 3-е изд. — М. : Советская энциклопедия, 1969–1978.
  • Афины // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
  • Бузескул В. П. , Афинская политией Аристотеля как источник для истории государственного строя Афин до конца V в., Хар., 1995;
  • Жебелева С. А. , Из истории Афин (229–31 года до н. э.), СПБ. 1898;
  • Колобова К. М., Древний город Афины и его памятники, Л., 1961;
  • Зельин К. К., Борьба политических группировок в Аттике в VI в. до н. э., М., 1964;
  • Доватур А., Политика и политии Аристотеля, М.—Л., 1965;

İngilis dilində

[redaktə | mənbəni redaktə et]
  • Maria Pantelidou-Gofa. The City of Athens in the Prehistoric Times Archaeology of the City of Athens. Dark ages — Classical Period Ferguson W. S., Hellenistic Athens, L., 1911;
  • Day J., An economic history of Athens under Roman domination, N. Y., 1942.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Qədim yunan şəhər-dövlətləri — kayzen.az
  • Afina quldarlıq demokratiyası