Qədir Qurban oğlu Möhsünzadə (24 fevral 1914, Lənkəran, Lənkəran qəzası – 1993, Odessa) — baytarlıq elmləri doktoru, professor.[1]
Qədir Möhsünzadə | |
---|---|
Qədir Qurban oğlu Möhsünzadə | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Azərbaycan SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Odessa, Ukrayna SSRİ |
Vətəndaşlığı | SSRİ |
İxtisası | Baytar |
Fəaliyyəti | professor |
Elmi dərəcəsi |
|
Mükafatları |
Qədir Möhsünzadə 1914-cü il fevral ayının 24-də Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1934-cü ildə Zaqafqaziya Baytarlıq İnstitunu fərqlənmə diplomu ilə bitirmişdir (İrəvan).
Q.Möhsünzadə institutda oxuyarkən elmə böyük həvəs göstərmişdir. 1934-cü ildə baytarlıq üzrə ən nüfuzlu institutun - Kazan Baytarlıq İnstitutunun aspiranturasına daxil olmuş, yüksək səviyyədə elmi-tədqiqat işi apararaq 3 yaşında namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir. Gənc alim 1937- ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstituna (Gəncə şəhəri) işə dəvət olunmuş və 1941- ci ilə kimi baytarlıq fakültəsinin dekanı və klinik diaqnostika kafedrasının müdiri vəzifəsində çalışmışdır. Q. Möhsünzadə, 1941-1945-ci illərdə ordu sıralarında Vətən Müharibəsinin iştirakçısı olmuşdur.
"Baytarlıq" jurnalı 2005-ci il 5-ci nömrəsində Böyük Vətən Müharibəsində Qələbəmizin 60 illiyinə həsr etmiş, Rusiya Federasiyası Hərbi Silahlı Qüvvələrin baytar-sanitar xidmətinin rəisi, tibb xidməti polkovniki Y.Q.Boyevin "1941- 1945- ci illərdə Böyük Vətən Müharibəsində hərbi baytarlıq xidməti" məqaləsində yazır: "Müharibə cəbhələrində hırbi terapevtiki xəstələrin müalicəsinin təşkilində və onların məharətlə yerinə yetirilməsində istedadlı şəxslərin- İ. M. Qolosov, A.M.Kolesov, Q.Q.Möhsunzadə, N.Z.Objorin, V. P. Spaski, İ. A. Şarobin, S. D. Şelevin- işlərini xüsusilə qeyd etmək lazımdır".
Q. Möhsünzadə 1946- 1951- ci illərdə Gəncədə yenidən Kənd Təsərrüfatı İnstitunun Klinik diaqnostika kafedrasının müdiri olmuş, at və qaramalda böyrəyin funksional fəaliyyətinin öyrənilməsinə dair elmi və əməli əhəmiyyətli geniş tədqiqatlar aparmış və 1950- ci ildə Moskva Baytarlıq Akadmiyasında doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdir.
1951- ci ildə Q. Möhsünzadə Leninqrad Baytarlıq İnstituna dəvət olunmuş və 1960- cı ilə kimi orada Klinik diaqnostika kafedrasına rəhbərlik etmişdir. Lakin şəhərin iqlimi onun səhhətinə mənfi təsir göstərdiyinə görə o, Leninqraddan getməli olmuşdur. Böyük elmi nailiyyətlərə, yüksək səriştəli pedaqoji qabiliyyıtı malik olan alim 1960- cı ildə müsabiqə ilə Odessa Kənd Təsərrüfatı İnstitutuna işə qəbul olunmuş və ömrünün sonuna kimi həmin institutda Terapiya və diaqnostika kafedrasına rəhbərlik etmişdir, institutun elmi əərlərinin məsul redaktoru olmuşdur.
Q. Möhsünzadə ömrünün bütün faydalı hissəsini baytarlıq təbabətinin ən vacib sahələrindən olan diaqnostika və terapiya elminin inkişafına, bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına sərf etmişdir. O öz tədqiqat işlərini dünya şöhrətli macar alimləri- F. Qutira və Y. Marekin, rus alimləri- N. P. Ruxlyadevin və Q. V. Domraçevin elmi məktəbləri istiqamətində və elmi-metodiki səviyyəsində aparmışdır.
Alim canlı orqanizmin sağlamlığı üçün mühüm funksiya daşıyan böyrəklərin fəaliyyətinin öyrənilməsində geniş və dərin tədqiqat işləri aparmış, elmdə mühüm kəşflər etmiş və yeniliklər getirmişdir.
Professor Q. Möhsünzadə işləyib hazırladığı yeni stimulyator- müalicə preparatı- zülal hidrolizatları keçmiş ittifaqın baytarlıq təcrübəsində geniş istifadə edilmiş və indi də tətbiq edilir. Bu preparat, körpələrin, xəzdərili heyvanların on altıya qədər xəstəliklərində dispersiya, bronxopnevmoniya, midistrofiya, qanazlığı, cərrahi və parazit xəstəliklərində səmərəli müalicəvi və profilaktiki təsirə malik olduğu üçün, müvafiq təlimatlara daxil edilmişdir.
Alimin 5 monoqrafiyası, 1 dərslik kitabı və 160 elmi məqalələri dərc edilmişdir. Onun rəhbərliyi ilə 18 nəfər elmlər doktoru və namizədləri hazırlanmışdır.
Azərbaycanda az müddət işləməsinə baxmayaraq o, vətənində silinməyən iz buraxmışdır. Onun tələbələrindən bir çoxları hazırda akademik, professor, elmlər doktoru, elmlər namizədi, əməkdar elm xadimi, əməkdar baytar həkimi, respublika dövlət mükafatı laureatı və s. bu kimi adlara layiq görüımüşdür.
Professor Q.Möhsünzadə, sivilizasiya cəmiyyətinin ziyalısına xas olan əlamətləri- yüksək mədəniyyət, mehribançılıq, səliqəlilik, diqqətçilik və s. bu kimi cəhətləri özündə cəmləşdirən yüksək intellektual səviyyəli bir alim və pedaqoq idi. Onun mühazirələri hələ də yaddaşlardan silinməyib.
Q.Möhsünzadə 1992-ci ildə, 78 yaşında, Odessa şəhərində vəfat etmişdir.