Bəybalayev Qəmbər Bəylər oğlu (1 mart 1957, Quba) — "Azərpoçt"un sabiq baş direktoru; texnika elmləri namizədi, dosent; Azərbaycan Respublikasının "Əməkdar Mühəndis"i[1]
Qəmbər Bəybalayev | |
---|---|
2001 – 2015 | |
27 aprel 1998 – 23 aprel 2001 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1957 (67 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | alim |
Qəmbər Bəybalayev 1 mart 1957-ci ildə Azərbaycanın Quba rayonunun Əlik kəndində anadan olmuşdur.
1973-cü ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomatik elektrik rabitəsi ixtisası üzrə elektrotexnika fakultəsinə daxil olmuşdur. 1978-ci ildə həmin institutu bitirərək təyinatla Respublika Elektrik Rabitəsi və Radiolaşdırma Qovşağında mühəndis, böyük mühəndis vəzifələrində işləmişdir.
1985–1988-ci illərdə Respublika Elektrik və Radiolaşdırma Qovşağının rəisi, 1988–1997-ci illərdə "Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi, 1998-ci ildə "Aztelekom" İB-nin baş mühəndisi, 27 aprel 1998-ci ildən 23 aprel 2001-ci il tarixədək isə "Aztelekom" İB-nin baş direktoru vəzifəsində işləmişdir.
2001-ci ildən hal hazıradək "Azərpoçt" DM-nin Baş direktoru vəzifəsində çalışır.
13 noyabr 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə texnika elmləri namızədi alimlik dərəcəsi almışdır. Bir dərs vəsaitinin, dörd kitabın, beş ixtira üzrə patentin və 15 texniki məqalənin müəllifidir. Azərbaycan Respublikasının Baş Naziri Artur Rasizadənin 22 iyun 2005-ci il tarixli 115 saylı Qərarı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Kollegiya üzvü təyin edilmişdir[2].
Azərbaycan Texniki Universitetinin dosentidir.
"Rayon Rabitəsi" İstehsalat Birliyinin baş mühəndisi işlədiyi dövrdə, 1991–1992-ci illərdə bütün döyüş bölgələrində, həmçinin Dağlıq Qarabağ və onun ətraf rayonlarında rabitə əlaqəsinin yaradılmasında bilavasitə iştirak etmişdir. Kapitan rütbəsindədir. Müharibə veteranıdır.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən rabitə sahəsində səmərəli fəaliyyətinə görə dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir.
3 noyabr 2015-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Barəsində həbs qətimkan tədbiri seçilib.[3][4]