Qafqaz Albaniyasının şəhərləri

Qədim müəlliflərdən bizə Albaniyada mövcud olmuş otuzdan artıq nisbətən iri və məşhur şəhərin, habelə başqa məskənlərin adları gəlib çatmışdır.

Antik Albaniyada şəhərlərin meydana gəlməsi ölkənin çoxəsrlik sosial-iqtisadi, siyasi və mədəni inkişafının nəticəsi idi. Bu mürəkkəb proses alban cəmiyyətinin ümumi inkişafı ilə sıx bağlı idi və onun əmlak və sosial cəhətdən parçalanmasından, cəmiyyətdə gedən sinfi təbəqələşmədən, dövlət institutlarının təşəkkülündən irəli gəlirdi. Eramızdan əvvəl birinci minilliyin ikinci yarısında və eramızın ilk əsrlərində Albaniya oturaq əkinçilik-maldarlıq təsərrüfatının kifayət dərəcədə inkişaf etdiyi bir ölkə idi. Sənətkarlıq da yüksək inkişaf səviyyəsinə çatmışdı; burada artıq geniş bir əmək bölgüsü, dar ixtisaslaşma və standartlaşdırma, yəni əmtəə istehsalının əlamətləri vardı.

Tarixi mənbələrə əsasən ellinizm dövrünün Albaniyasında azad əhali, yoxsullar və əyanlar, Kiçik Asiyanın və Ermənistanın məbəd birliklərinə çox bənzəyən məbəd vilayəti, habelə məbəd qulları və kahinləri olmuşdur. Albaniyanın öz çarları, qoşunu, zərbxanası var idi. Bütün bunlar Albaniyada şəhərlərin və şəhər həyatının meydana gəlməsinə və inkişafına səbəb olmuşdu.

Ticarət yollarının üstündə yerləşən, sosial-iqtisadi cəhətdən inkişaf etmiş alban məskənlərinin tədricən şəhərlərə çevrilməsi prosesi eramızdan əvvəl I minilliyin ikinci yarısının əvvəlinə aid edilməlidir. Qədim dövrün başqa şəhərləri kimi, Qafqaz Albaniyasının şəhərləri də onları əhatə edən əkinçi icmaları ilə ən sıx şəkildə bağlı idilər.

Azərbaycan və Dağıstan ərazisində arxeoloji qazıntılar zamanı antik dövrdə, mövcud olmuş şəhər tipli məskənlər aşkara çıxarılmışdır. Bunlar Qəbələ (ÇuxurQəbələ, Çaqqallı, Seyidtala, Uzuntala), İsmayıllı (Mollaisaqlı, Şıxdərə Kəlləsi, Qalagah), Ağsu (Nüydü düzü), Qax (Torpaqqala), Qazax (Sarıtəpə), Şamaxı, Beyləqan (Təzəkənd, Qaratəpə) rayonlarında, Mingəçevir zonasında, Dağıstanda (Turpaqqala, Urseki, Tarki, Dərbənd) və başqa yerlərdə qazıntı nəticəsində aşkar edilmiş məskənlərdir.

Ptolemey antik dövr Albaniyasının şəhərlərindən və digər məskənlərindən danışarkən bildirir: "Soana çayı mənsəbinin arxasında Telayba şəhəridir; Gerr çayının mənsəbi Gelda şəhəridir: Kaysiya çayının mənsəbi Albana şəhəridir; Albana çayının mənsəbi Qaytara şəhəridir; onun ardınca Kir çayının mənsəbidir.

Qafqazdan [axıb gələn] və Kirə tökülən, - o Kirə ki, bütün İberiyadan və Albaniyadan keçərək Ermənistanı onlardan ayırdı, çay ilə İberiya arasındakı Albaniya şəhərləri və kəndləri: Taqoda, Bakxiya, Sanua, Deqlana, Niqa.

Adı çəkilən, Qafqazdan axıb gələn çayla Albana çayı arasında: Moseqa, Samunis, İobula, İuna, Embolayon, Albana, Mamexiya, Osika, Sioda, Baruka...

Albana çayı ilə Kaysi çayı arasında: Xabala, Xabota, Boziata, Misiya, Xadaka, Alam.

Kaysi çayı ilə Kerr çayı arasında: Tiauna, Tabilaka.

Gerr çayı ilə Soana çayı arasında isə: Tilbis"

Şübhəsiz ki, yuxarıda verilən siyahıda toponimlərin yazılışında xətalar və ya hətta səhvlər olmamış deyildir. Bunların bəziləri, şübhəsiz, Ptolemey məxəzindən gəlir və ya onun əlində olan əsərdə coğrafiyaşünas tərəfindən düz oxunmamasının nəticəsidir.

Ptolemeyin siyahısında dəqiq müəyyənləşdirilmiş, şəkk-şübhə doğurmayan yeganə şəhər Xabaladır. Ptolemeydən bir neçə onillik əvvəl Böyük Plini antik ədəbiyyatda ilk dəfə olaraq özünün "Təbii tarix" əsərində onun adını çəkmiş və şəhəri Kabalaka adlandırmışdı. Görünür, Plini bu ada eramızdan əvvəl II-I əsrlərdə yaşayan Roma müəllifi Varronda rast gəlmişdi.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]