Qafqaz Konfederasiyası Paktı

Qafqaz Konfederasiyası Paktı — Bolşevik işğalından sonra Avropada fəaliyyət göstərən qafqazlı mühacirlərin Qafqaz Konfederasiyası yaratmaq məqsədilə imzaladığı sənəd.[1]

Qafqaz Konfederasiyasının əsasları[redaktə | mənbəni redaktə et]

1934-cü il iyulun 14-də Brüsseldə imzalanmışdır. “Qafqaz Konfederasiyası Paktı” adlanan 14 iyul anlaşmasında Azərbaycan, Gürcüstan və Şimali Qafqaz Milli Mərkəzləri “Bir millətin tam inkişafının ancaq tam bir istiqlal şərtilə mümkün olacağını, təkmil Qafqaz qüvvələrinin vahid və müştərək sərhədlər daxilində birləşmədən bu məqsədə çatmasının son dərəcə çətin olacağını, Qafqaz millətlərinin xarici siyasət və milli müraciətlərinin müştərək bir tərzdə ifadə edilməsinin zəruriliyini, Qafqaz Cümhuriyyətləri Konfederasiyasının məmləkətin siyasi və iqtisadi birliyindən irəli gələn bir forma olduğunu” nəzərə alaraq, Qafqaz Konfederasiyasının əsaslarını elan etdilər.[1]

Sənəddə qeyd edilənlər[redaktə | mənbəni redaktə et]

Məhəmməd Əmin Rəsulzadə

Sənəddə göstərilirdiki, Qafqaz Konfederasiyası xaricdə tərkibinə qatılmış Cümhuriyyətlərin adından çıxış edəcək; yaradılacaq Qafqaz Konfederasiyası müştərək gömrük sərhədinə malik olacaq; konfederasiyaya daxil olan Cümhuriyyətlərin xarici siyasəti qurumun səlahiyyətli nümayəndələri tərəfindən birgə həyata keçiriləcək; konfederasiyanın sərhədləri Cümhuriyyətlərin ordularından təşkil edilən və vahid komandanlıq altında fəaliyyət göstərən konfederasiya ordusu tərəfindən müdafiə olunacaq; konfederasiyadaxili mübahisəli məsələlərə ali konfederasiya məhkəməsində baxılacaqdır. “Qafqaz Konfederasiyası Paktı”nı Azərbaycan adından Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Şimali Qafqaz adından Məmməd Girey Sunc, İbrahim Çulik, Tausultan Şakman, Gürcüstan adından N.jordaniya, A.Çxenkeli imzalamışdır.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004