Qafqaz günləri (roman)

"Qafqaz günləri" (fr. Jours caucasiens) — Azərbaycan əsilli Fransa yazıçısı Baninin 1945-ci ildə Parisdə nəşr olunmuş romanı.[1]

Qafqaz günləri
fr. Jours caucasiens
Müəllif Banin
Orijinalın dili fransız dili
Orijinalın nəşr ili 1945

Qafqaz günləri romanında XX əsrin əvvəllərinə aid olan Azərbaycan tarixi təqdim olunur, o zamankı adət-ənənələr, həyat tərzi, mədəniyyət haqqında ətraflı məlumat verilir.

Fransız dilində yazılmış roman avtobioqrafik faktlar üzərində qurulmuşdur.

Əsərin məzmunu Baninin şəxsi bioqrafiyası üzərində qurulmuşdur. Romanda Bakının bir çox zəngin ailələri, onlar arasında olan münasibət, bayram və yas mərasimləri, milli adət-ənənələr, zamanın əhval — ruhiyyəsi müəllif tərəfindən dəqiqliklə və ustalıqla qələmə alınmışdır.

Romanda gənc qəhrəmanın onu əhatə edən insanlara və mühitə münasibəti, müasirlərinin əhval-ruhiyyəsi onların baş verən hadisələrə münasibəti öz əksini tapmışdır.

Öz evinin və Mərdəkandakı bağ evinin təsvirindən müəllif onun və yaxınlarının həyatına güclü təsir edən hadisələrin təsvirinə keçir.

Bu əsərə erməni-azərbaycan qarşıdurması, Bakıda azərbaycanlılara qarşı törədilmiş qırğınlar, demokratik respublikanın qurulması və süqutu, nəhayət qırmızı ordunun Azərbaycanı işğalı və Bakıya daxil olması hadisələri daxildir.

Banin babasının vəsiyyətinə əsasən onun və üç bacısının birdən-birə milyonçuya çevrilməsi, lakin onların "milyonçuluğunun" çox çəkməməsi, Azərbaycan qırmızı ordu tərəfindən işğal edildikdən sonra ailəsinin başına gələn faciələr haqda ətraflı yazır.

Yazıçı ADR-in hökumətində nazir olmuş atası Mirzə Əsədullayevi, ata nənəsini, alman dayə fröylen Annanı ən kiçik detalları belə nəzərdən qaçırmadan təsvir edir.

Banin Novruz və Ramazan bayramının qeyd olunmasını çox maraqlı bir tərzdə təsvir edir.

  1. "Рамиз Абуталыбов: "Банин всегда и везде гордо заявляла, что она азербайджанка"" (rus). Day.Az. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-06.