Mirzə Əsədullayev (tam adı: Mirzə Şəmsi oğlu Əsədullayev; 1875, Bakı – 14 aprel 1936, Paris) — Azərbaycan Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyskinin 1918-ci il dekabrın 26-da təşkil etdiyi III hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdir.[1][2]
Mirzə Əsədullayev | |
---|---|
26 dekabr 1918 – 14 aprel 1919 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Ağa Əminov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1875 |
Doğum yeri | |
Vəfat tarixi | 14 aprel 1936 |
Vəfat yeri | |
Fəaliyyəti | mühəndis, siyasətçi, iş adamı |
Atası | Şəmsi Əsədullayev |
Dini | islam |
Vikianbarda əlaqəli mediafayllar |
Mirzə Əsədullayev 1875-ci ildə Bakıda milyonçu ailəsində anadan olmuşdur. Mirzənin atası iri sahibkar, neft sənayeçisi, ictimai xadim Şəmsi Əsədullayev olmuşdur. Orta təhsilini Bakı gimnaziyasında alan Mirzə Əsədullayev erkən yaşlarından atasının neft şirkətində əmək fəaliyyətinə başlamışdır. Ata Əsədullayev Moskva şəhərinə köçəndən, yəni 1903-cü ildən sonra Bakıdakı neft şirkəti ilə bağlı bütün məsələləri Mirzə həll etmişdir.[1][3]
Mirzə Əsədullayev ailəsinə məxsus şirkətin hasil etdiyi neftin ixrac məsələləri ilə bağlı vaxtaşırı Rusiyaya getməli olurdu. Müəyyən vaxtlarda Moskva və Sank-Peterburq şəhərlərində yaşamış və rus mədəniyyəti ilə yaxından tanış olmuşdur.[1]
O, təhsilini rus dilində almışdı. Ana dilini mükəmməl bilməməsi ona işində maneçilik törədirdi. 1912-ci ildə Moskva Konservatoriyasında oxuyan, özündən 10 yaş kiçik Üzeyir bəydən ana dili dərsləri almışdır. Bu barədə Üzeyir bəyin Parisdə təhsil alan qardaşı Ceyhun bəy məktubunda yazmışdır.[1]
Mirzə Əsədullayevin ictimai xadim kimi fəaliyyəti çoxşaxəli olmuşdur. Onun sədrlik etdiyi Müsəlman Xeyriyyə Cəmiyyəti müxtəlif mütərəqqi tədbirlər həyata keçirmiş və maarifçilik işində fəallıq göstərmişdir.
XX əsrin əvvəllərində onu Azərbaycan dilində mətbu orqanların az olması ciddi narahat edirdi. Odur ki, 1915-ci il martın 11-də "Qardaş köməyi" adlı qəzet buraxmağa başlayır, lakin qəzetin cəmi bir nömrəsi işıq üzü görür. Həmin yeganə nömrədə bildirilir ki, buradan əldə olunacaq gəlir hərbzadə müsəlmanların xeyirinə, o cümlədən Birinci Dünya müharibəsi zamanı çar ordusundakı azərbaycanlılardan ibarət süvari qoşun hissələrinin döyüşçülərinə sərf ediləcək.
1917-ci il fevral inqilabından sonra, yəni mart ayında Mirzə Əsədullayev Müsəlman Milli Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü seçilir. Növbəti, 1918-ci ildən isə Bakı neft sənayeçiləri qurultayı şurasının sədri olur. Həmin ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun"una əsasən neft sənayeçiləri qurultayı şurasından cümhuriyyət parlamentinə üzv seçilir.[1]
Mirzə Əsədullayev "Müsavat" və bitərəf fraksiyasına daxil idi. 1918-ci il dekabrın 26-da Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin təşkil etdiyi üçüncü hökumət kabinetində Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdir. Mirzə Əsədullayev Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələrinin yaradılmasına və yerli sənayenin inkişaf etdirilməsinə ciddi səy göstərmişdir.[1][2]
O, nazir olduğu aylarda bir sıra qanunlar qəbul edilmişdi. Məsələn, hökumətin hazırladığı 20 fevral 1919-cu il tarixli qanun layihəsi ilə xaricə konyak, üzüm və tut spirtinin ixracına icazə verilirdi. Əsədullayevin rəhbərlik etdiyi nazirliyin nəzdində Xarici dövlətlər və bir-birinə yaxın sahələrlə əmtəə mübadiləsi komitəsi fəaliyyət göstərirdi. Komitənin əsasnaməsində vurğulanırdı ki, bu strukturun mühüm vəzifələrindən biri respublikanın iqtisadi və maliyyə vəziyyətinin əsası olan neft ixracını və satışını təşkil etməkdir.[1]
Mirzə Əsədullayev bir çox ölkələrdə filial və şöbələri olan böyük neft firmasına rəhbərlik etmişdir.[2]
1919-cu ilin yazında Fətəli xan Xoyskinin başçılıq etdiyi hökumət kabineti istefaya çıxdı. Bu səbəbdən Mirzə Əsədullayev də nazir vəzifəsini tərk etdi.[1]
Mirzə Əsədullayev neft sənayeçisi Musa Nağıyevin qızı Ümmülbanu ilə ailə qurmuşdu. Mirzənin həyat yoldaşı Ümmülbanu dördüncü övladını dünyaya gətirərkən vəfat etmişdi. Odur ki, dördüncü övladına elə anasının adını vermişdilər. Ümmülbanu sonradan tanınmış yazıçı olmuş, Fransada Banin təxəllüsü ilə yazıb yaratmış, ümumiyyətlə, Üm-Əl-Banin adı ilə tanınmışdı. Sonralar Mirzə Əsədullayev ikinci dəfə Avropada təhsil almış bir qadınla evlənmişdir.[1][2][3]
Bakıda erməni-rus birləşmələrinin təxribatlarından sonra Mirzə Əsədullayev ailəlikcə İrana köçməyə məcbur olur. 6 ay İranda yaşayan ailə yenidən Bakıya qayıdır.[2]
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra milyonçu Şəmsi Əsədullayevin mülkiyyəti milliləşdirildi. Mirzə Əsədullayev isə 1920-ci ilin mayında həbs edildi. Qısa vaxtdan sonra azadlığa buraxıldı. Elə həmin il Azərbaycanda hakimiyyətə başlayan sovetlərdən icazə alıb 1921-ci ildə Fransaya mühacirət etdi. Mirzə Əsədullayev ömrünün sonuna kimi Fransanın paytaxtı Parisdə yaşamış, 1936-cı ildə Parisdə vəfat etmiş və Bobinyidə dəfn olmuşdur.[1][2][4]