Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi — 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində açıq səma altında yaradılmış muzey kompleksi.[1]

Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi
Xəritə
Əsası qoyulub 2008
Yerləşir Qala kəndi, Abşeron yarımadası
40°26′22″ şm. e. 50°10′08″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qala Dövlət tarix-etnoqrafiya qoruğu. Dublalı ev

Qala kəndi Abşeron yarımadasının mərkəzində, strateji əhəmiyyətli bir təpədə yerləşir. Qala kəndinin qədim hissəsi 1988-ci ildə tarixi-etnoqrafiya qoruğu elan edilmiş və 216 tarixi, arxeoloji və memarlıq abidələrini əhatə etmişdir. Kənddə 5 məscid, qala qalıqları, 3 hamam, 170-dən çox ev, habelə məqbərələr, türbələr və s. yerləşir.

Abşeron yarımadasında tapılmış e.ə. 2-3-cü minilliklərdən ortə əsrlərə qədər olan dövrü əhatə edən qayaüstü rəsmlər, Qavaldaş, keramika, məişət və bəzək əşyaları, silah və sikkələr, qədim yaşayış kompleksinin konservasiya olunmuş qalıqları muzey kompleksində cəmlənmişdir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Abşeron” arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə qazıntı işləri aparmışdır. Qazıntılar zamanı e.ə. 3-2 minilliklərə, həmçinin 14-15-ci əsrlərə aid müxtəlif tapıntılar aşkar edilib. Tunc dövrünə aid qayaüstü və qayaaltı yaşayış məskənləri, qayaüstü təsvirlər, qədim özüllər, ibtidai divar qalığı, 10-14 və 10-15-ci əsrlərə aid Xəzər dəniziBakı şəhəri istiqamətində 2 yeraltı yol, 18-ci əsrə aid təndir muzey kompleksində nümayiş etdirilir.[2][3]

Muzeydə eyni zamanda 10-14-cü əsrlərə aid müşahidə və mühafizə məqsədilə istifadə olunmuş qala yerləşir. Qala qəsri 13,8 metr hündürlüyündə, qüllədən və istehkamdan ibarətdir. Qayaüstü rəsmlərdə qadınlar, kişilər, heyvanlar, digər müxtəlif fraqmentlər, ovçuluq, evlilik mərasımləri əks olunmuşdur.

İnteraktivə 3 muzey daxildir:

  • Arxeoloji-Etnoqrafik muzey kompleksi
  • Qala Qəsri
  • Əntiq Əşyalar muzeyi

Arxeoloji etnoqrafik muzey kompleksiAbşeron yarımadasının abidələri, tarixi yerləri qeyd olunmuş xəritə, plan, sxem və Abşerona məxsus abidələr təsvir olunmuş stendləri; Abşeronun şərqindən aşkarlanmış ov səhnəsi, insanı qurban vermək, müqəddəs nikah və s. təsvirlər həkk edilmiş, ümumi ideoloji dünyagörüşü sistemi təqdim olunmuş, e.ə 3-2-ci minilliyə aid qayaüstü rəsmləri; bütlər; meqalitik abidələr; arxeoloji tapıntılarla zəngin arxeoloji qalereya; orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqları; qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümünələrini; interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən 19-cu əsrə aid ikimərtəbəli yaşayış evi; təsərrüfatın canlı nümunələri- qoyunçuluq, dəvəçilik, atçılıq və s. özündə birləşdirir.

Qala qəsri — kəndin ən qədim yaşayış ərazisində tikilmişdir. 2009-cu ildə aparılan arxeoloji qazıntılar zamanı 10-12-ci əsrlərə aid olması aşkar edilmişdir. Hazırkı dövrə divar qalıqları və qalanın bir hissəsi gəlib çatmışdır. 2011 -ci ildə qala Heydər Əliyev Fondu tərəfindən yenidən bərpa olunmuşdur.

Arxeoloji qazıntılar zamanı üst təbəqədən orta əsrlərə aid bir neçə material aşkarlandı ki, bu da ərazinin orta əsrlərdə daimi yaşayış məskəni olmasını subut etdi. Aşkarlanan təndir qalıqları, keramika qalıqları (boyalı və boyasız), dəmir alətlər, heyvan bağlamaq ücün dəliklər, aşkarlanan yaşayış məkanları insanların qala ətrafında kompleks şəkildə yaşamasından xəbər verir. Həmin təndirlər çox guman ki, XVIII əsrdə Nadir şahın bura öz qarnizonunu yerləşdirdiyi vaxtlarda, qarnizonun tələblərini yerinə yetirmək məqsədi ilə inşa edilmişdir.

Qəsrdə aşkarlanan yeraltı yollar X-XIV əsrlərə aid edilir. Kənd ağsaqqallarının dediklərinə görə yollardan biri dəniz qırağına, digəri isə şəhərə gedib çıxır.

Arxeoloji tədqiqat zamanı maraqlı tapıntılardan biri də, Tunc dövrünə aid edilən qayaaltı yaşayış yeridir.

Qəsrin bir divarına bitişik məscid inşa edilmişdir. Daxilində ekspozisya qurulmuş, arxeolojı qazıntılar zamanı aşkarlanan XIII- XIV əsrdən, Azərbaycanda çarizm dövrünə qədər yəni XIX əsrə qədər olan numizmatik materiallar və orta əsrlərə aid keramika qalıqları nümayiş olunur.

Əntiq Əşyalar muzeyi — 2011-ci ildə mühəndis, bərpaçı, xeyriyyəçi, Qarabağ müharibəsi əlili, “Azərbaycan bayrağı” ordenli Şahid Həbibullayevin topladığı şəxsi kolleksiya əsasında yaradılmışdır. Kolleksiya hazırda 3000-ə yaxın maddi-mədəniyyət nümunələrini əhatə edir. Əntiq Əşyalar Muzeyində bu toplunun yalnız 800 eksponatı nümayiş etdirilir. Muzeyin 2-ci mərtəbəsində müxtəlif dekorativ-tətbiqi sənət inciləri, 3-cü mərtəbədə respublikanın ayrı-ayrı bölgələrindən toplanmış, ABŞ, Almaniya, Avstriya, Belçika, Rusiya, Fransa, İngiltərə, İran, Özbəkistan, Polşa, Türkiyə və digər ölkələrdə istehsal edilmiş və qədim zamanlardan xalqın məişətinə daxil olmuş nümunələr sərgilənir.[4]

Muzeydə İnformasiya Mərkəzi yaradılmış, karvansara-restoran fəaliyyətə başlamışdır. Turistlər və qonaqlar İnformasiya Mərkəzindən qoruqdakı muzeylər barədə ətraflı məlumat ala, elektrik avtobusları və velosipedləri icarəyə götürə bilər. Muzey daxilinə müxtəlif dillərdə ekskursiyalar təşkil olunur: Azərbaycan, Rus, İngilis, Alman və Fransız. Muzey-kompleksində fiziki qüsurlu insanların hərəkəti üçün şərait yaradılmış, 35000 kvadratmetrlik parkinq sahəsi, elektrikli nəqliyyat vasitələri üçün qaraj quraşdırılıb. Muzeyin ərazisi 1.5 ha-dır.

2010-cu ildə keçirilən Qala festivalında toxuculuq, dulusçuluq, dəmirçilik ənənələrini yaşadan sənətkarların əl işləri nümayiş etdirilmiş, uşaqlar üçün ustad dərsləri təşkil olunmuş, qonaqlara qədim məişət və etnoqrafik ənənələrlə yaxından tanış olmaq imkanı yaradılmışdı.

  1. "Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi". heydar-aliyev-foundation.org. 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  2. "Qala muzeyi". anl.az. 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  3. "GALA - ARCHAEOLOGICAL AND ETHNOGRAPHIC MUSEUM COMPLEX". visit-azerbaijan.com. 2018-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-15.
  4. "MUZEYLƏR HAQQINDA". qalareserve.az. 2019-06-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-1-15.