"Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu

Qala Dövlət tarix-etnoqrafiya qoruğu. Dublalı ev

"Qala" Dövlət tarix-etnoqrafiya qoruğu, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 aprel 1988-ci il, 135 saylı qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli, 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur.

Qala: Abşeron yarımadasında Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Abşeron rayonunun inzibati ərazisi 1407,5 m². Respublika ərazisinin təqribən 7%-ni əhatə edir. Yarımada 70–80 km məsafədə dənizin icərilərinə uzanır. Ümumiyyətlə ərazisinin uzunluğu 60, eni isə bəzi yerlərdə 30 km-ə catır. Hesab edilir ki, "Abşeron" sözü fars dilindəki "ab" və "şoran" sözlərindən yaranmış və tərcümədə "duzlu su" mənasını verir. Bu ad əvvəllər Xəzər dənizini bildirmək üçün də istifadə edilmişdir. Bütün əhalisi 189.4 min nəfərdir. Şəhər əhalisi 156.9 min nəfər, kənd əhalisi 32.5 min nəfərdir. İqlimi, əsasən, mülayim isti və quru subtropikdir. İl ərzindəki günəş parıltısının miqdarı 2200–2400 saatdır. ən soyuq ayın orta temperaturu baxımından qışın sərtliyi ərazi üçün yumşaq (0; −5 °C), çox yumşaq (2.5–0 °C) və həddən çox yumşaq (5–2.5 °C) şəraitdə keçir. Ölkəmizin ən az yağıntılı (200–400 mm) və ən küləkli ərazilərindəndir. İsti dövrlərdəki (aprel-oktyabr) mümkün buxarlanma 1000 mm tərtibindədir. İyun- sentyabr aylarında quraqlıq keçən günlərin sayı 5–25 gün ətrafında tərəddüd edir. Küləyin orta illik sürəti 4–6 m/san və daha yüksək olur. Göründüyü kimi, ərazi yüksək külək enerjisi potensialına malikdir. Küləklər dördcür olur: xəzri (şimal küləyi), gilavar (cənub küləyi), gündoğuş (şərq), dağ yeli(cənub-qərb) və gicəvar. Gilavar küləyinin istiqaməti bilinməz. O, qısa müddətə əsər və ətrafı toz-torpoğa bürüyər. Yarımadanın iqlimi quru subtropikdir. İllik yağıntının miqdarı isə 200 mm-ə catır. Yarımada axar sulara malik deyil, ümumiyyətlə isə burada su ehtiyatları azdır. Yarımadada təbii meşəlik yoxdur. Abşeronun hər bir kəndinin özünəməxsus tarixi kecmişi, təsərrüfat-məişət həyatı, qiymətli memarlıq abidələri olmuşdur. Diqqətəlayiq kecmişi olan belə yaşayış məntəqələrdən biridə qala kəndidir. Coğrafi mövqeyinə görə Qala Abşeron yarımadasının şimali-şərqində yerləşir. Sahil yaşayış məntəqələrinə nisbətən yayda havası azca isti və quru təsir bağışlayır. Qəsəbənin ərazisi gilli-qara-sərt torpaqlıdır. Qədim yaşayış məskənlərindən biri olan Qala kəndi Abşeronun cənub-şərqində yerləşir. Qala kəndində olan memarlıq abidələrinin yaranma tarixi XII–XIII əsrlərə aid edilir. Bu dövrə aid olan Qala divarları indiyədək qalmışdır. Bu cür tikililər onu göstərir ki, Qala hələ qədim zamanlarda da canlı mədəni- ticarət mərkəzi olmuşdur. Rusiya imperiyasının əhali yerlərinin siyahısına görə 1873-cü ildə Qalada 431 həyət, 2331 nəfər əhali (1240 kişi, 1031 qadın) olmuşdur. Abşeronda torpaq sahəsi ən böyük olan kənd Qala olmuşdur belə ki, torpaq sahəsi 7009 desitin olmuşdur. Kənd canlı karvan yolu üzərində yerləşmişdir. Qalalıların əsas məşğuliyyəti əkinçilik və maldarlıq olmuşdur. Yerli əhali Qalanı " Taxıl kəndi" adlandırırmış. Çünki, Qalada taxılçılıq daha çox inkişaf etmişdir. Taxıl məhsulları xırmanda döyülürdü. Bu məqsədlə vəldən istifadə edilirdi. Vələ at, yaxud eşşək qoşulurdu. Taxıl məhsullarını üyütmək üçün uzunqulaq, həmçinin at qoşulmuş "quru" dəyirmanlardan istifadə olunurdu. Burada bağçılıqla da məşğul olmuşlar. Bağlarda ən çox əncir, tut, nar, üzüm, heyva, alça (paraxodu), xüsusən də məşhur Şüvəlan alça ağacları var idi.

Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Ən maraqlısı da odur ki, paytaxt şəhərə, iri sənaye mərkəzi olan Bakıya yaxın olmasına baxmayaraq, Qala kəndinin infrastrukturu və abidələri vahid kompleks şəklində olduğu kimi qalmaqdadır. Bundan başqa yaşayış mühiti də öz əksini qoruyub saxlamışdır.

Qala Abşeronun digər kəndlərindən taxıl ehtiyatının çox olması ilə də tanınırdı. Qalalıların əsas məşğuliyyətlərindən biri də əkinçilik olmuşdur. Yerli əhali Qalanı "Taxıl kəndi" və ya "Taxıl Qələ" də adlandırırmış. Kəndin ərazisində çoxlu taxıl quyuları, taxıl zirzəmiləri və tikili anbarlar vardır. Qala qəsəbəsində həmçinin taxıl və un anbarları ilə yanaşı duz quyuları da vardır.

Qala öz bostan məhsulları ilə şöhrət qazanmışdı. Bostan məhsullarından qarpız, qovun, şamama becərilirdi. Öz keyfiyyətinə, şirinliyinə görə Qala ağ qovunu bütün Abşeronda məşhur idi. Kənddə cirə, lobya, noxud, zəfəran, hətta pambıq kimi texniki bitki növü də becərilirdi.

Qala kəndinin tarixi çox acınacaqlı olmuşdur. XIX əsrdə bu yerlərdə neft çıxarılmağa başlanmış, bu da əkinçilik və maldarlıq yerlərinin azalmasına gətirib çıxarmışdır. Su azlığı problemi, torpaqların kolxozlaşdırılması, heyvandarlıq və əkinçiliklə məşğul olan əhalinin həyat tərzini çətinləşdirmişdir. Sovet hökumətinin siyasi qayda-qanunlarına əsasən bir neçə yerdə əhalinin torpağı olmasına icazə verilməmiş, yalnız bir yerə qeydiyyata düşüb yaşamağa icazə verildiyindən, eyni zamanda əkin sahələri və mal-qaraya görə olan vergilər onsuz da Qalalıların çətin olan həyat tərzini daha da ağırlaşdırmışdır. Beləcə əhalinin bu yerlərdən köçüb getməsinə səbəb olmuşdur. Xüsusən də bu proses XX əsrin 30–40-cı illərinə qədər davam etmişdir. Qalada onlarla misgər, dulusçu , dərzi, dəmirçi emalatxanaları var idi. Habelə silahsaz, örkəntoxuyan (kişilər), boyaqçılar, xalçaçılar da var idi ki, hansı ki, onları Məhəllələr: Orta əsrlərdə Qala kəndində bir sıra məhəllələr olub. Hər məhəllədə isə ictimai mərkəz kimi, məscidin qarşısında kiçik meydança var idi. Həmin meydançaya ağsaqqallar yığışıb, kənd camaatı ilə söhbətlər aparırmışlar.

Qala kəndində məhəllələrdə əhali qonşuluq prinsipi əsasında yaşayırdı. Bu məhəllələrdən Hacı Ramazan, Tərəkəmə, Balaverdi, Çəmbərəkənd qeyd etmək olar. Məhəllələrin adları orada yaşayan ad qazanmış, hörmətli şəxsiyyətlərin adları ilə, də bağlı olardı. Belə şəxslər çox zaman öz nəslini ətrafına yığardı. Nəsli genişlənərək məhəllə şəklinə gələrdi. Məhəllələrin adı orada məskunlaşmış əhalinin əslinə əsasən də adlanardı. Məsələn, Tatlar məhəlləsində əslən tatlar yaşayırdı. Tərəkəmə məhəlləsində isə türk köçəriləri yaşayırdı. Qala kəndi ətrafında ovdanlar, quyular və su üçün hovuz var imiş. Onların çoxu hal-hazırda itmişdir. Sənaye tullantılarının gölə tökülməsi nəticəsində suyun səviyyəsi qalxmış, 2 göl birləşmişdir. Əvvəllər əhalinin su təchizatını ödəmək üçün ovdanlardan, su quyularından və "Xaşa-xuna" bağlarından gələn kəhrizlərdən istifadə edilirmiş. Qeyd edək ki, kənddə indiyə qədər su quyularının bir qismindən istifadə olunur.

Şor gölü: Kəndin ərazisində əvvəllər 2 göl var idi. Göl orta əsrlərdə kəndin həyatında xüsusi rol oynamışdır.

Şirin suyu olan göl "nohur" adlanırdı. Kəhriz quyularından axan suyun qalığı buraya yığılırdı. Onların əsas məşğuliyyəti heyvandarlıq olduğu üçün göldən istifadə sərfəli imiş. Belə ki, göldən yun məhsullarının yuyulması və heyvanların suvarılması üçün istifadə edilirmiş. Uzunömürlülərin dediyinə görə göldə bir dəfəyə 12 min at, 6 min qoyun, 1400 iri buynuzlu heyvan suvarılmağa gətirilirmiş.

İngilis səyahətçisi Şupv bu yerlərdə olanda yazırdı ki, "Bakı ətrafında 2 göl var. Bu göllər vasitəsilə təbii iqlimin köməyi ilə əhali buradan duz çıxarırmış."

XIX əsrin 30-cu illərində hər yay fəsli Abşeron Şor göllərindən 30000 xalvara yaxın duz yığılarmış. Bu zaman Qala Şorunun uzunluğu 1 verst 125 sajen, çevrəsi isə 3 verst 300 sajen idi. Qala duzu keyfiyyət baxımından digərlərindən ağlığı və aci olmaması ilə fərqlənirdi. Bu duz məişətdə istifadədən əlavə çuvallara doldurularaq karvanlar vasitəsilə aparılır və satılırdı.

XIX əsrlərdə bu yerlərdə neft çıxarılmağa başlanmışdır. Neft istehsalı, sənayenin inkişafı ilə əlaqədar sənaye tullantılarının gölə tökülməsi nəticəsində suyun səviyyəsi qalxmış və iki göl birləşmişdir. Duz çıxarılması dayandırılmışdır.

Gölə yaxın yerdə "Tocuqla" adlanan meydan varmış. Həmin yerə kəndin əhalisi toplaşar, mərasimlər, bayramlar keçirərdilər.

Duz ilə əlaqədar vaxtı ilə yerli əhali arasında belə bir əfsanə yayılmışdır ki, güya yerli xan qazanc məqsədilə şoru icarəyə vermək məqsədinə düşür. Lakin bu zaman birdən şorun üstünü qan ləkəsi örtür. Bunu görən xan öz niyyətindən əl cəkir. Ona görədə camaat əvvəlki kimi hec bir ödənc vermədən həmin duzdan istifadə edir.

Ovdanlar: Kənddə 4 ovdan və içməli su quyuları indiyə kimi qalmaqdadır

Abşeronun yarımsəhra iqlim zolağında yerləşməsi, daima əhalinin suya olan tələbatında çətinliklər yaratmışdır. Əkinçilik və maldarlıqda, eləcə də məişətdə olan su ehtiyaclarını ödəmək üçün əhali yaxındakı su mənbələrindən yaşayış məntəqələrinə kəhriz sistemi ilə su çəkir və ya Abşerona xas olan ovdan və quyulardan istifadə edirdilər.

Abşeron yarımadasının bütün yaşayış məskənlərinə xas olan kəhriz və ovdanlar Qala kəndi üçün də səciyyəvi hal almışdır. Qala kəndinin təbii su mənbəyi olan "Şor" gölün sahilində yerləşməsinə baxmayaraq, tarixən burada 6 ovdan, 8 içməli sulu el quyusu və kəhriz sistemi mövcud olmuşdur. Gölün suyunun çox şor olması, əhalini XIX əsrin əvvəllərində Qurat bağlarından, Xəşəxuna bağlarının 150–200 metrlik şimal tərəfindən kəhriz çəkməyə vadar etmişdir.(13) Qala kəhriz sistemində hər 50 metr məsafədə olmaqla cəmi 17 quyu qazılmışdır. Bu quyuların suyu yeraltı saxsı borularla, yerin relyefi nəzərə alınmaqla su hövzələrinə toplanaraq (belə su hövzəsi cəmi 10 ədəd olmuşdur.)istifadə olunmuşdur. Qeyd etmək istərdim ki, həmin kəhrizin nişanələri hələ də qalmaqdadır.

Kənddə mülki şəxslər tərəfindən qazılmış 8 el quyusunun bəzilərindən indii də istifadə olunur. Kənddə su yalnız "Şor" gölün sahilindən çıxdığı üçün, sahil boyu müxtəlif şəxslərə məxsus quyular səpələnmişdir. "Leyla bulağı", "Qafur quyusu", "Hacısəlim quyusu", "Balakişi quyusu", "Kəbləpaşa quyusu", "Mürşüd quyusu", "Əlisəttar quyusu", "Orucqulu quyusu" xalq arasında "el quyusu", "camaaat quyusu", "kənd quyusu" kimi tanınırdı. Bu quyuların bəziləri isə "savab" məqsədilə qazılaraq (Leyla bulağı) əhaliyə paylanardı. Quyulardan su çıxarılmasında dolamaçarx və yel dəyirmanları, dartma, mancanaq, dolbağara üsullarından istifadə olunurdu. Qala kəndində, əhalinin verdiyi məlumata görə, 6 ovdan fəaliyyət göstərmişdir. Lakin hal-hazırda bu ovdanların 4-ü qeydə alınmışdır. Ovdanların üçü "Şor" gölün sahilində, biri isə qəbiristanlıq ərazisində tikilmişdir."Ovdan" sözü əslində el arasında işlənən "Oudan" sözündən götürülmüşdür."Ou"-su, "dan"-işarə, göstərmək deməkdir. Deməli, oudan suyun olduğu yeri göstərmək, işarə etmək mənası daşıyır.

Ovdanlar, su qorunan hövzələr, maraqlı hidrotexniki qurğular kimi, unikal memarlıq və konstruktiv həlli nöqteyi-nəzərindən memarlıq abidələri sırasına daxil edilmişlər. Özlərinin çox da böyük olmayan həcm-məkan tutumu ilə ovdanlar, sanki Abşeron landşaftına hopmaqla onun ayrılmaz hissəsinə çevrilmişlər. Kəndin bu su qurğuları, əsasən yeraltı qrunt sularının yığılması nəticəsində ərsəyə gətirilmişdir. Ən qədim ovdan XVII əsrdə, Şah Abbas dövründə qəbiristanlıq ərazisində tikilmişdir. Ovdanın epiqrafik yazıları qiymətli abidə kimi "Şirvanşahlar" saray qoruğunda mühafizə edilir. Epiqrafik yazının ərəbcədən tərcüməsi belədir: "Bu dövr ədalətli şah, yer üzündə böyük Allahın kölgəsi Şah Abbas Səfəvinin hakimiyyətinə aiddir. Allah onun hakimiyyətini daimi etsin. Bu ovdan kəndxuda Nurməhəmməd oğlu Fuladın əmri- miladi ilə 1665-ci ildə tikilmişdir." Ovdanın yerüstü hissəsi, Abşeron memarlıq ənənələrinə uyğun olaraq, girişi baş tağla qeyd olunmuşdur. Yarım dairəvi baş tağın üstündə kitabə həkk olunmuşdur. Ağ əhəngdaşından tikilmiş ovdanın yerüstü hissəsi üfüqi sıralarla hörülmüşdür. Girişdən yeraltı su hövzəsinə kimi 17 pilləkən düşür. Pilləkən qəfəsəsi daş bloklarla tağ örtük konstruksiyası vasitəsilə örtülmüşdür. Birmarşlı pilləkənlər düzbucaq plan quruluşlu ovdana düşür. Ətraf üfüqi proyeksiyalı daşlar arasında, Qala kəndinin çılpaq, yeknəsaq landşaftında, qədim ovdan, yaxınlıqdakı "Məhəmməd türbəsi" ilə birlikdə monumental tikinti təəssüratını yaradır. Digər 3 ovdan-- "Dünyamalı ovdanı", "Kərbəlayı Süleyman ovdanı" və "Məşədi Süleyman ovdanı" qeyd olunduğu kimi "Şor" gölün sahilində ovdanlar sistemini yaratmışlar. Ovdanlardan biri XVIII, daha ikisi isə XIX əsrlərə aid edilir. Hər üç ovdan unikal memarlıq ansamblı kimi cənuba istiqamətlənmişdir. Vaxtikən maraqlı kompozisiya həlli ilə seçilən bu hidrotexniki qurğular, hal-hazırda dağıntılara çevrilmiş, onların mühafizəsini təmin etmək, su mənbəyini qorumaq məqsədilə, qoruq idarəsinin təşəbbüsü ilə onların girişləri abidələrin bərpasına xitam verilənə kimi qapanmışdır.

Quyu və ovdanlar kəndin tanınmış peşə sahibləri olan kənkanlar tərəfindən qazılmışlar. Onların bəziləri uzun illərin təcrübəsindən, neçə metr dərinlikdə hansı sahənin suyunun şirin, yaxud şor olduğunu belə dəqiq müəyyənləşdirə bilirdi. Ümumiyyətlə, vaxtilə Qalada öz sənətinin bütün incəliklərinə bələd olan sənət, peşə adamları; misgərlər, colaylar, dərzilər, dəmirçilər, tikinti ustaları yaşamışlar. Dülgər Kərbəlayı Umudəli, Əbdüləli, bənnalar Usta Qədim, Məşədi Dərgah, Yarəhməd, Daşdəmir, Əlivahab, cuna ustaları; Colay Həzrətqulu, Hacı Zeynal mahalda öz işləri ilə şöhrət qazanmışlar. Bir məhəllə digər məhəllə ilə qohum olmağa meyilli olmazdı. Qız köçürüb oğul evləndirəndə seçdikləri gənclər öz məhəllələrindən olardı. Sonralar artıq məhəllələr arasında qohumluq yaranmağa başladı. Təbii ki, bu gənclərin öz arzu və istəkləri əsasında baş verirdi. Məhəllələrdən uşaqlar toplaşar və məhəllər arasında oyunlar, yarışlar keçirilərdi. Bayramlarda isə gənclər arasında yarışlar təşkil olunardı. Bəzi məhəllələr sənətkarlıqla bağlı olardı (məsələn: dulusçular, dəmirçilər və s.). Belə məhəllələr də qohumluq əsasında yaradılardı. Lakin sənət nəsildən-nəsilə keçdiyi üçün belə məhəllədə yalnız sənətkarlıq geniş yayılardı və məhəllə el arasında sənət növünə görə adlandırılardı.

Burada kı abidələrə diqqət yetirsək görərik ki, tikililər küləyin istiqamətini nəzərə alınmaqla inşa edilmişdir. Axı Abşeron ümumiyyətlə, Bakı küləklər diyarıdır. Məşhur Azərbaycan səyyah coğrafiyaşünası Zeynalabidin Şirvani XYIII əsrin sonlarında belə yazırdı ("Büstanüsəyyahə" adlı kitabında): "…İqliminə görə Badukubə deyilir, ona görə ki, çox vaxt o torpaqdan külək əskik olmur. Bəzən elə əsir ki, oranın heyvanat və imarətinə zərər dəyir."

XIX əsrin II yarısından etibarən həm Bakı şəhərinin, həm də bütövlükdə Abşeronun əhalisi təbii miqrasiya yolu ilə sürətlə artmışdır.

Yarımadada boz torpaqlar və dənizsahili qumsallıqlar yayılmışdır. Təbii-coğrafi mühiti Xəzər dənizi ilə bilavasitə əlaqədar olan Abşeron arxipelaqlarına (Pirallahı, Çilov, Qum adası, Gil adası, Daşlı adası və s.) malikdir. Yarımadada zəngin yeraltı sərvətlər xüsusilə də neft boldur. Yarımadanın məşhur təbii sərvətləri və tarixi irsi hələ uzun illərdən bəri Avropa və Asiya səyyahlarını özünə cəlb etmişdir.

"Qala" Dövlət tarix-etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası, həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür. Yəni Qala qəsəbəsinin tarixi hissəsində- "Qala" Dövlət tarix- etnoqrafiya qoruğu ərazisində olan elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur.onun məşhurluğu hətta ətraf kəndlərə də yayılmışdı.

Həyət: Qala kəndi faktiki olaraq kiçik şəhər kimi olub, əhalisinin böyük hissəsi kənd təsərrüfatı ilə məşğul olmasına baxmayaraq, kəndin daxilində əkin sahələri və bağlar olmayıb. Bütün əkin sahələri kənddən kənarda olmuşdur.

Qəsəbənin yaşayış evləri üçün kiçik bağlı həyətlər xarakterikdir. Bu həyətlərdə əsasən bir neçə ağac əkilərdi. Xüsusilə tut və püstə ağacı əkmək demək olar ki, ənənəvi hal idi. Qaydaya görə hər həyətdə daş hovuz da olardı. Bu hovuzlar bəzən yumru, bəzən də kvadrat şəkilli olarmuş. Həyətlərdə su quyusu, taxıl üçün zirzəmi və duz üçün quyu da olub.

Artizan su quyusu Qala üçün səciyyəvi olan su mənbələrindən biridir. Quyunun ətrafındakı daşlarda yarıqlar da var, bu səhəng qoymaq üçün xüsusi yerlərdir. Həm də bu daşda su qalıb iy verməsin deyə, axar yerləri də var. Quyunun içinə düşmək üçün ayaq yerləri də var.

Quyularla yanaşı, kənddə ovdanlar və yeraltı kəhriz sistemi də olub. İçməli su məsələsi Qalada çətin olub. Quyuların əsas hissəsi ancaq Şor gölün ətrafında yerləşib. Kəndin şərq (yuxarı) hissəsinə getdikcə suyun tərkibi tam dəyişir, həmin sudan istifadə isə mümkün deyil.

Ev: Bildiyimiz kimi, Abşeron qumluq və susuzluq olan bir yerdir. Ağac məhsullarının qıtlığından Abşeronda tikinti materialları üçün əhəng daşından istifadə edilirmiş. Evlərin tikilişində daşların üstünlük təşkil etməsi, tağ və gümbəzli evlərin yaranmasında müəyyən rol oynamışdır. Qala kəndində olan evlərin əksəriyyətinin tavanları tağ formasındadır. Yəni həmin konstruksiya bütövlükdə tağın mərkəzində yerləşən qıfıl daşın üzərində qurulub. Bu tağ trapesiya şəklindədir. Həmin daşlar gil vasitəsilə tikilmişdir. Evlərin damı üst hissədən gillə çəkilir, su gillərin üstündən navalçalar vasitəsilə süzülür. Hər mənzilin qarşısında mütləq 80sm-1m hündürlüyündə səki olur.

Qalanın özündə yaşayış evləri iki, bəzi hallarda isə üç otaqdan ibarət olub. Şərti olaraq otağın birini təsərrüfat hissəsi adlandırmaq olar. Digər bir hissə isə qonaq, yaxud yataq otağı kimi istifadə olunur. Üçotaqlı evlərdə otaqlardan biri mətbəx, ikisi qonaq və yataq otağı kimi istifadə olunurdu. Ümumiyyətlə, üçotaqlı evlər ailənin maddi, sosial vəziyyəti və uşaqların sayının çox olması ilə əlaqədar tikilirdi.

Təsərrüfat yönümlü otaqda, həm mətbəx, həm də təsərrüfat işləri görülürdü. Mətbəx hissəni, qonaq otağından ayırırmaq üçün, evlərdə tağ tikilirdi. Adətən mətbəx hissədə təndir, ocaq və "suaxan" yerləşir. Ən maraqlı memarlıq abidəsi "suaxan" adlanan yerdir. "Suaxan" adlanan yerdə, evli insanlar qüsl vermək, namaz qılmamışdan əvvəl dəstəmaz (pak olmaq üçün)almaq üçün istifadə edirmişlər. Bu da onu göstərir ki, Azərbaycan xalqı ta qədim dövrlərdən öz yaşayış tərzinə böyük diqqət ayırmış, sanitar-gigiyenik normalara vaxtlı-vaxtında riayət etmişlər.

Mətbəxin içərisində gildən təndir olurmuş. Evlər plan quruluşuna görə elə inşa edilmişdir ki, mətbəx hissədə xörək hazırlayanda, həm ocağın, həm də təndirin tüstüsü onların üzərində yerləşən xüsusi baca(dobla) vasitəsilə çıxırmış. Otaqların qızdırılması üçün kürsüdən, yaxud buxaradan istifadə edilirmiş. Otağın bir hissəsində mərkəzdə kürsü üçün yer ayrılırmış, ora manqal qoyurmuşlar, içərisinə qızmar kömür tökülürmüş və onun vasitəsilə də otaqlar qızdırılırmış. Kürsü qızdırılan zaman yaranan tüstünü evdən uzaqlaşdırmaq üçün dam örtüyündə kiçik bir boşluq-baca qoyulurdu. Otaqların döşəməsi torpaq, bəzən də gillə örtülərmiş. Divarlarda müxtəlif ölçülərdə taxçalar düzəldilərmiş. "Cumaxatan" deyilən yerdə sandıq və üzərində yorğan-döşək qoyurlarmış. Divarın hündür hissəsində özünəməxsus xüsusiyyətə malik taxça tikilər və bura müqəddəs kitab- "Quran" yaxud "çıraq" qoyulurdu. 1,8–2m hündürlüyündə ləmə düzəldilirmiş. Ləməyə qab-qacaq düzərdilər və bu da evin gözəlləşməsinə xidmət edərdi.

Qala kəndində bir sıra sənət sahələri inkişaf etmişdi. Qala xalçaçıları, dəmirçiləri, dulusçuları, bənnaları, dülgərləri, silahsazları ilə məşhur idi.

Qalalılar üçün ənənəvi təsərrüfat sahələrindən biri həmişə heyvandarlıq, xüsusilə də qoyunçuluq olmuşdur. Qala cins qoyunu öz keyfiyyətinə görə məşhur idi. Bu cinsdən olan qoyunlar 80–90 kq ət verirmiş. Hətta onların quyruğunun ağırlığı 15–20 kq olub. Bəzən quyruq o qədər ağır olurmuş ki, heyvan yatıb dura bilmədiyindən hərəkətdən qalırmış. Buna görə də ağır quyruqlu heyvan üçün iki çarxlı yeşikvarı xüsusi sürüyücü araba hazırlayıb, hərəkət zamanı quyruğu onun içinə salırmışlar. Bütün bu cəhətlərinə görə Qala qoyunu Abşeronda həmişə ən yüksək qiymətləndirilmişdir.

Samanlıqlar: Samanlıqlar evlərə bitişik inşa edilməklə yanaşı evlərdən kənar həyətdə də inşa edilirdi. Ümumiyyətlə, samanlıqlar sonralar həyətdən kənarda inşa edilmişdir. Əslində samanlıqların bir hissəsi yerin altında olmaqla iki hissəli inşa edilirdi. Aşağı enmək üçün pilləkənlər qoyulurdu. Dam örtüyü daşların səliqə ilə yığılmasından ibarət olurdu. Daşların arasına gil çəkilirdi. Dam örtüyündəki qoyulmuş oyuq isə havanın dövr etməsi üçün idi.

Belə tikililərin ilkin nümunələrində daşların arasında gil örtüyü olmamışdır. Deməli, əcdadlarımız həndəsi baxımdan bu tikililərin inşasını mükəmməl düşünməyə qadir olmuşlar. Yuxarı hissəni daha çox "zəvərdər" adlanan böyük daşlar saxlayır. Divarda heyvanı yemləmək üçün yer ayrılarmş. Divarda kiçik oyuqlar da olur, bunlar isə heyvan bağlamaq üçün nəzərdə tutulub. Deməli, bu samanlıqdan çox ailəyə məxsus heyvanı saxlamaq üçün yer olmuşdur. D. A. Axundov Eneolit və tunc dövrünə aid edilən evlər haqqında bele yazır ". Yaşayış məskəni əsasən gümbəzli, dairəvi tikilililərdən ibarətdir. Yaşayış evinin yuxarı hissəsində dəliklə mövcud idi. Dəliklər əsasən otaqın işıqlandırılması və tüstünün cıxması üçün nəzərdə tutlurdu. Ehtimalda varki həmən evlərdə pəncərələrdə mövcud olmuşdur. R. Göyüşov öz kitabında bu yaşayış məskənlərinin təhlilini yazır: "Ümumi sahəsi 0.5 h dan bir qədər çox olan oval formalı bu abidədə iki mədəni təbəqə üzə çıxarılmışdır. Onun I alt təbəqəsi Eneolit, II təbəqəsi isə son Tunc dövrünə aiddir. Eneolit dövrü təbəqəsinin qalınlığı 1.5 m-dir. Bu təbəqədə sahəsi 400 kv-ə yaxın dairəvi yaşayış binası və xeyli təsərrüfat tikililəri aşkar olunmuşdur. Bunlar müxtəlif ölçülü (50–55x22–25x8;26x16x9 sm) ciy kərpiclə tikilmışdır. Bir-birinə gil məhlulla bərkidilmiş, kərpic hörüklərinin diametri 3 m-ə catır. Onlar yarımformal formada (0.5x0.5m ölçüdə) düzəldilmişdir. Alimlərin bu fikri bizə Azərbaycan ərazisində eneolit və tunc dörlərində mövcud olan evlərin dairəvi və dəlikli olmasını deyir. Belə bir tikili formasına Qala qəsəbəsində mövcud olub, bu günə kimi bizə qaranlıq qalıb, samanlıq kimi tanınan tikililərə rast gəlmək olar. Onlar hansı dövrə aid edilməsini və hansı məqsədlə tikiliməsini qətiliklə demək üçün isə orada arxeoloji qazıntılara ehtiyac duyulur.

Qala kəndin qəbiristanlıq ərazisində, tikinti texnikası Şirvan-Abşeron memarlıq üslubuna xas olan iki türbə yerləşmişdir.

Ümumilkdə türbə anlayışı İslam təliminə ziddir və İslam ölkələrində türbə tikintisinin çox geniş yayılması, başlıca olaraq əsgi türk gələnəklərinin bu regionun xatirə memarlığına yönəldici təsir göstərməsi ilə bağlıdır. Bir qrup alim (M. Van – Beşem, E. Dits, N. Baçinski, O. Aslanapa) türbələrin türk mənşəli olmasını təsdiq edərək, onların yaranmasını köçəri çadırının, yaxud köçəri xalqların başçılarının iri çadırlarının monumental memarlıqda yamsılanması ilə bağlayırlar. Q. A. Puqaçenkovanın fikrinə görə bu türbələr "ideyaca Orta Asiyanın və Qafqazın türk xalqlarının qədim kurqanabənzər dəfn tikintilərinə bağlıdır." Bu xatirə tikililərinin türkcə orijinal adı – türbət sözünün də anlamı "duran (daimi) ev" deməkdir. ("Tu / u / r" – duran – dayanan, "bet / d" – bina, xatirə binası, ev) İstər şərq, istərsə də qərb səyyahları türk ellərinin kurqanabənzər çadırabənzər qəbirüstü tikililəri haqqında məlumatlar vermişlər. Onlardan İbn Fədlanın X yüzilin başlanğıcında Qərbi Türküstanda yaşayan oğuz türklərinin dəfn mərasimi haqqında olan məlumatıdır. O yazmışdı: "Əgər onlardan adam ölübsə, onun üçün evəbənzər, böyük bir qəbir qazırlar…Sonra onu həmin evə qoyurlar, üstünü tirlərlə örtürlər, onun üstündə isə gildən yurtabənzər tikili ucaldırlar." Qala kəndində yerləşən türbələrdən biri "Məhəmməd imarəti" adı ilə tanınan türbədir ki, 1624–1625-ci illərdə inşa olunmuşdur. Bunu girişin üstündə, arxitravın altındakı epiqrafik yazıda oxumaq olur. Ərəb əlifbasının nəsx xətti ilə yazılmış kitabədə qeyd olunur: "Bu binanı məğlubedilməz Şah-Abbas Heydərin və əl-Hüseyn Hacı Məhəmməd əl-Kəlainin hakimiyyəti günlərində h.q. tarixi ilə 1034-cü ildə (1624–25-ci illər) tikməyi əmr etmişdir." Türbə ağ əhəng daşından tikilməklə üzlük daşla örtülmüşdür. Tikintidə iri sal daşlardan istifadə olunmuşdur. Türbənin həcm kompozisiyası iki hissədən—kvadrat plan quruluşlu əsas üzərində ucaldılmış aşağı və onun örtüyünü yaradan yuxarı, yarımdairəvi gümbəzdən ibarətdir. Türbə karnizlə tamamlanır.

Naturadan tədqiqat zamanı, türbə içərisində heç bir qəbir aşkar olunmamışdır. Qəbrin nə vaxtsa yer üzündən silindiyi güman edilsə də, yerli əhali onun mövcudluğunu ümumiyyətlə təsdiq etmir. Lakin tarix təsdiqləyirki, insanlar ölməmişdən öncə özlərinə türbə tikdirmişlər. məs; XIV əsrdə Əmir Teymur deyirdi ki, "xoşbəxt o kəsdir ki, içərisinə girməzdən öncə özünə türbə hazırlayır." XII yüzildə Böyük Səlcuq Sultanı Səncər sağ ikən paytaxtı Mərvdə özünə əzəmətli bir türbə tikdirir və onu "gələcək yaşayışın evi" adlandırır. Elxani hökmdarlarından Qazan xan XIII yüzilin sonunda Təbrizdə, Olcaytu xan isə Sultaniyyədə öncədən özləri üçün azman türbələr ucaltmışlar.

İkinci türbənin XVIII əsrdə tikildiyi fərz olunur. Türbənin kimə məxsus olması haqda heç bir məlumat yoxdur. Maraqlı plan quruluşuna malik olan bu memarlıq abidəsi iki mərtəbədə öz həllini tapmışdır. 24 m². sahəsi olan I mərtəbədəki otaq sanki türbənin pyedestalı rolunu oynayır. Tağ-tavan sistemi ilə örtülmüş otaq, yer səviyyəsindən nisbətən aşağı səviyyədə tikilmişdir. Pəncərəsiz yerləşkə kiçik qapı açımı və navalçası ilə yadda qalır. Otağın üstündə, ikinci mərtəbənin mərkəzi hissəsində kvadrat əsaslı türbə yerləşir. Türbənin interyerində şimal və şərq istiqamətə açılmış pəncərələr, qərb divardakı kiçik taxça diqqəti cəlb edir. Türbə yarım sferik formalı gümbəzlə örtülmüşdür. Şərq istiqamətdəki pəncərə, I mərtəbədəki qapı açımı ilə bir ox üzərində həllini tapmışdır. Türbənin iki mərtəbədə həlli çox güman ki, burada dəfn olunmuş müqəddəs şəxsdən mətləb istəmək üçün nəzərdə tutulmuşdur.

İslam memarlığı geniş bir ərazini – şərqdən qərbə kimi Ərəbistan yarımadasından Atlantik okeanınaAvropaya kimi olan bir məkan boşluğunu doldurur. Onun belə böyük bir arealda yayılması müəyyən fasilələrlə, təxminən 1200 il əvvəl başlamaqla davam etmişdir. Azərbaycanın İslam memarlığı üslubu Orta Asiyanın, Misirin, Suriyanın, Avropanın xarakterik üslublarından fərqlənir. Belə ki, İslam memarlığında vahid kanonlar yoxdur, o daima regionun və dövrün sosial-iqtisadi inkişafı ilə vəhdətdə mövcud olmuşdur. Dini memarlıq Azərbaycanın bütün şəhərkəndlərində olduğu kimi, Abşeron yarımadasınında yaşayış məskənlərində VIII əsrdən bəri şəhərsalma sisteminin formalaşmasında başlıca amillərdən biri olmuşdur. Məscidlərin köməyi ilə Abşeron kəndlərində dini etiqadları müəyyən etmək olar. Azərbaycanın Sovet hökumətinin tərkibində olduğu zaman, 1805-ci ildə rus memarı Lastrov tərəfindən ilk məscid layihələri tərtib edilmişdir. Lakin Şərq memarlıq üslubuna uyğun olmadığına görə dini idarələr tərəfindən bu layihələr qəbul edilməmişdir. Hal-Hazırda Qala kəndində müxtəlif vaxtlarda tikilmiş 5 məscid mövcuddur.

Cümə məscidi — Qalada olan məscidlərdən biri "Cümə məscidi"dir, hansı ki, Hacı Ramazan məhəlləsində yerləşir. Kəndin əsas dini tikilisi kimi əlverişli relyefdə yerləşməklə, həcm-məkan həllinə görə müdafiə qalasının memarlıq–plan qruluşuna uyğunlaşdırılmış, ətraf şəhərsalma strukturunda dini mərkəzə çevrilmişdir. Cümə məscidi Qala divarlarının şimal-qərb hissəsində, künc mövqe tutmaqla onun həcmini iki istiqamətdə kəsir. Məscidin inşa tarixi XVII əsrə aid edilir. Lakin bu məscid üzərində bu əsrdə bərpa işləri aparıldığına görə onun tarixini daha qədim hesab etmək olar. Maraqlı fakt odur ki, məscid nə vaxtsa müdafiə qalası ilə bir kompleks təşkil etmişdir. Bu dini məbədin bir neçə mərhələdə tikilmə versiyası irəli sürülür. Tikintinin şərqdən başlanan qolu tikinti texnikası nöqteyi nəzərindən ən qədim hissə hesab olunur. Qala divarları üzərində ucaldılmış məscidin şimal divarı bunu bir daha sübut edir. Birinci məscid tikilisinin altında, arxeoloji qazıntılar zamanı dirəvi stolu xatırladan 12 taxçalı, oval şəkilli yeraltı kamera aşkar olunmuşdur. (bu yəqin ki, gizli ibadətlər üçün nəzərdə tutlmuşdur.) Məscidin döşəməsindəki sal daşı kameraya giriş qapısını əvəz edir. Düzbucaqlı plan quruluşuna və günbəz konstruksiyalı örtüyə malik olan məscidin ikinci hissəsi, birinci məscidin davamı kimi uzanaraq əhalinin artımını nəzərə alaraq böyüdülmüş və cənuba istiqamətlənmiş, tikintisi XIX əsr əsas aid edilən məscidin üçüncü tikilişi ilə birləşir. Hər üç tikilinin tikintisi texnikası bir birindən fərqlənir. Hər iki mərhələdə bir kameralı ibadət məkanı, üfüqi istiqamətdə həlli ilə, memarlıq konstruksiyası baxımından oxvari tağ-tavan örtük sistemi ilə diqqəti cəlb edir. Ona perpendikulyar ikinci üfüqi kameranın həlli və bu iki zalın mərkəzi oxlarının kəsişməsində çox da hündür olmayan günbəz konstruksiyası məscidin monumental bədii-memarlıq simasını tamamlamışdır. Cümə məscidinə giriş iki istiqamətdən, həm köhnə, həm də sonuncu tikilidən həll olunmuşdur. Hər iki giriş portalsız və dekorativ motivlərdən istifadə olunmadan sadə həllini tapmışdır. Girişin ikili həlli, məscidin "əndərun" və "birun" hissələrinə bölünməsi ilə izah olunur. Cümə məscidinin interyer kompozisiyası sadə həlli ilə yadda qalır. Məkkənin istiqamətini göstərən mehraba məscidin hər iki qolunda – köhnə və yeni tikilidə rast gəlinir. İnteryerdəki dekorativ bəzəklərin kasadlığı mehraba da siraət etmişdir. Təbii işıqlanma yalnız məscidin günbəzi vasitəsilə həyata keçirilir. Divardakı kiçik taxçalar ikinci dərəcəli işıqlanma üçün nəzərdə tutulmuşdur. Qala kəndinin Cümə məscidinin memarlıq-plan həlli Azərbaycanın, eləcə də Abşeronun dini memarlığında az təsadüf olunan memarlıq tipidir. Abşeronun Bilgəh kəndindəki Abdin (XIV əsr), Zirə kəndindəki Heybət-Əli məscidləri, (1878–79, 1839–40-cı illər) "L" şəkilli plan quruluşları ilə Qalanın Cümə məscidinin analoqları sayıla bilər. Lakin analoji məscidlərin baş fasadının frontal istiqamətdə həlli, onların memarlıq kompozisiyasını Qala Cümə məscidindən fərqləndirir.

Balaverdi məscidi — Qala kəndinin şərq ərazi tutumunda Balaverdi məhəlləsinin ictimai-ibadət tikilisidir. İnşa tarixi 1864-cü ilə təsadüf edən məscidin, Kərbəlayı Süleyman tərəfindən tikdirildiyi məlumatlandırılır. Giriş qapısının üstünə oturdulmuş epiqrafik daş kitabə, Balaverdi adlı imkanlı şəxsin məscidi bərpa etdirdikdən sonra hörülmüş və dini məbəd o zamandan bəri "Balaverdi məscidi" adını almışdır. Məscid kəndin baş arterial küçəsi – Qala küçəsinin sağ "qolunda", alçaq, dublalı evlərlə təzadda, həcm-məkan həlli ilə uzaq məsafədən seçilir. Bütün dörd fasadı ilə məhəllə meydanında mərkəzi mövqe tutması, məhəllə məscidinin məkan mühitində memarlıq mahiyyətini əsas faktor kimi qeyd edir. Eninə uzanan baş fasad assimetrik həll olunmuşdur. Giriş qapısı ilə eyni hündürlükdə açılmış üç pəncərə, məscidin daxili plan quruluşuna uyğun yerləşdirilmişdir. Girişi nəzərə çatdırmaq məqsədilə, qapı portalı əvəz edəcək çərçivə ilə əhatə olunmuşdur. Tikintinin tarixindən məlumat verən daş kitabə, çərçivənin içində yerləşdirilmiş, lakin təəssüflər olsun ki, bu kitabə indi yerində yoxdur. Fasad yuxarıdan karnizlə əhatələnmişdir. Qala kəndinin digər məhəllə məscidlərindən memarlıq şərhi və həcm kompozisiyası ilə seçilən Balaverdi məscidinin günbəzi, hündürlüyü və fasadın dominant elementi kimi məscidin bütün plastik xüsusiyyətlərini özündə cəmləşdirir. Məhəllə məscidinin mərkəzi günbəz konstruksiyalı ibadət zalı bir kameralı olmaqla, daxili məkan həlli ilə diqqəti cəlb edir. Örtük konstruksiyasının və günbəzin barabanının yükünü daşıyan tağlar, interyer kompozisiyasında tağ-tavan sisteminin yaratdığı xaçvari plan quruluşlu, bir-birini təkrarlayan iki məkanın yaradıcı elementlərinə çevrilmişlər. Balaverdi məscidi yeni sosial-iqtisadi formasiyanın və yeni əsrin memarlıq şərhini özündə əks etdirməklə, Qala kəndinin orta əsr məscidlərindən fərqli olan həcm-fəza həlli ilə kəndin şəhərsalma sistemində dövrünün dini memarlıq simasının ilk təcəssümü olmuşdur. Vestibülsüz və portalsız memarlıq-plan quruluşlu məscid, Abşeron tikinti mədəniyyətinin bariz nümunələrindəndir.

Hacı Ramazan məscidi — Məhəllə məscidinin tarixi onun fasadına həkk olunmuş yazılı kitabəyə əsasən 1842–1843-cü illərə şamil edilir. Yerli əhali isə məscidin daha qədim tarixə mənsub olduğunu qeyd edir. Memarlıq şərhinə görə Abşeron yarımadasında Mərdəkan kəndindəki Tuba-şahi (XV əsr), Keşlənin XVII əsr, Nardaran kəndinin Hacı-Baxşı (XVII əsr), Bakının Key-Qubad (XV əsr), Şirvanşahların saray məscidinə (XV əsr), Gəncənin qədim Cümə məscidinə (XVII əsr) analoji yaxınlığı bu fikirləri təsdiqləməyə imkan verir.

Memarlıq-plan həllinə görə Hacı Ramazan məhəllə məscidi, kvadrat şəkilli quruluşu ilə çox da böyük olmayan həcm-məkan tutumuna malikdir. Daxili məkan, mərkəzdəki dörd dayaq sisteminin köməyi ilə doqquz seksiyaya bölünmüşdür. Məscidin ibadət zalı mərkəzi günbəzli, xaç şəkilli konstruktiv formaya əsaslanır. Bu plan quruluşu Alban-xristian memarlığının təsiri altında yaranmışdır. Dayaq sistemlərinin yaratdığı tağlar, təkcə günbəzin barabanının yükdaşıyıcı elementləri kimi deyil, eləcə də zalın künclərində iki mərtəbəli hücrələrin yaradıcısı kimi fəaliyyət göstərirlər. Künclərdəki hücrələr konstruktiv həllinə görə xüsusi maraq kəsb edir. İkinci mərtəbə ilə əlaqə divarın içindəki pilləkən qəfəsəsi ilə yaradılır. Belə pilləkən qəfəsəsi, məscidə girişin sağ tərəfində, azana çağırış məqsədilə dama çıxmaq üçün nəzərdə tutulub. Divarın dərinliyində pilləkən qəfəsəsinin həlli, Abşeronun, eləcə də Qala kəndinin dini tikililərinə və müdafiə qalalarına xas olan konstruktiv elementdir. İnteryerin vacib elementlərindən olan mehrab, məscidin cənub divarında, oxvari forması ilə diqqəti cəlb edir. Müəyyən qədər mürəkkəb, lakin kompakt memarlıq-plan quruluşuna malik məscidin fasadının həlli portalsız, oxvari tağ şəkilli kiçik qapı və düzbucaqlı pəncərələrlə yadda qalır. Girişin insan miqyasından kiçik olması, yəqin ki, Allahın məbədinə hörmət əlaməti olaraq əyilərək girmək üçün nəzərdə tutulmuşdur. Məscidin interyeri konstruktiv yükün daşıyıcısı, tağ-tavan sisteminə minnətdar olaraq estetik zənginlik əldə etmişdir. Hacı Ramazan məscidinin memarlıq-plan həllinə Mərdəkandakı Tuba-Şahi məscidinin təsiri hiss olunur. Lakin Tuba-Şahi məscidindən fərqli olaraq, fasadın portalsız həlli, yeni motiv və elementlər, Mərdəkan məscidinin kəndin baş məscidi, Hacı Ramazan məscidinin isə məhəlli xarakter daşımasından və yeni əsrin tikinti texnikasından irəli gəlir.

Tərəkəmə məscidi — kəndin şimal hissəsində yerləşən eyni adlı məhəllənin yeganə monumental tikilisidir. Plan kompozisiyası "T" şəkilli məscidin tarixi XVII-XVIII əsrlərlə bağlanır. Tikinti tarixinə görə Cümə məscidindən sonra inşa edilməklə, bu məhəlli məscid kəndin ən qədim dini tikilisi kimi qəbul oluna bilər. Kompozisiya həllinə görə iki zallı və ya iki kameralı olan Tərəkəmə məscidinin tikintisinin müxtəlif dövrlərdə iki mərhələdə aparıldığı müəyyən olunur. İlk mərhələdə oxvari tağ-tavan örtük sistemi ilə məscidin bir kameralı ibadət zalı tikilmiş, zaman ötdükcə həcm-məkan tutumunun genişləndirilməsi nəticəsində, köhnə tikiliyə perpendikulyar ikinci zalın əlavə edilməsi məscidin yeni memarlıq kompozisiyasında fəaliyyətinə rəvac vermişdir. Zalların həcminin kəsişmə oxunda örtük günbəzinin qurulması ilə üfüqi proyeksiyalı tikintiyə şaquli aksentin əlavə olunması, tamamlanmış memarlıq simasına nail olmaq demək idi. Tərəkəmə məscidi yerin qərb-cənub cəhətləri üzrə yerləşməklə portalsız, sadə girişə malikdir. Giriş hər iki kameradan nəzərdə tutulub. Mehrab interyer kimi dekorsuz həll olunmuş və məscid, daş şəbəkəli bir-neçə kiçik pəncərədən işıqlandırılır. İnteryerdə günbəz barabanının, tağ-tavan örtüyünün yaratdığı genişlik, sağ və sol qollar ibadət zalına ilk baxışdan rahatlıq bəxş edir. İnteryerdəki kiçik taxçalar ikinci dərəcəli işıqlanma üçün nəzərdə tutulmuşdur. Fasadda yerləşdirilmiş daş navalçalar fasadın zənginləşməsində müəyyən rol oynayır. Minarəsiz Tərəkəmə məscidinin memarlıq kompozisiyasının şaquli aksenti, onun yarımsferik həndəsi formalı günbəzi və binanın yan fasadındakı bir marşlı pilləkən qəfəsəsidir. Namaza çağırış daxildən, divarın içindən və xaricdən məscidin şimal divarına bitişik pilləkənlərin köməyi ilə binanın damından həyata keçirilmişdir. Məscid, kənd ağsaqqallarının verdiyi məlumata görə Hacı Ağahüseyn və Məşədi Məmmədyarovlar tərəfindən tikdirilmişdir. Tərəkəmə məscidinin tam memarlıq kompozisiyasını tapması bir-neçə illər davam etsə də, şəhərsalma sistemində, kəndin şimal qolunda məhəllə sisteminin formalaşmasında ilk rüşeym rolunu məhz bu məscid oynamışdır. Bu tipdə memarlıq-plan quruluşuna malik məscidlər demək olar ki, Abşeronun kəndləri üçün xarakterikdir. Hökməli, Pirşağı, Kürdəxanı, Fatmayı, Corat kimi kəndlərdə analoji plan quruluşlu, lakin həcm-məkan tutumuna görə fərqli dini məbədlərə rast gəlinir.

1911-ci il məscidi — Tərəkəmə məhəlləsində yerləşən "Göy günbəzli məscid" 1911-ci ildə tikilmiş məhəllə məscididir. Məscid bərpa olunmuşdur və dini məqsədlər üçün istifadə edilir. Məscid orta günbəzli tikilişə malikdir. Cənub və qərb tərəfdən məscid meydana baxır. Şərq fasadı əhənglə örtülmüş və bəzədilmişdir. Giriş hissəsi tac şəklindədir. Giriş hissəsinin üzərində ay və 8 uclu ulduz təsvir edilmişdir. Damın üzərində ərəb dilində tikilişinin tarixini 1911-ci ili göstərir. Məhəllə meydanının memarlıq dominantı olan məscid, məhəllə meydanına istiqamətlənməsinə baxmayaraq onun baş fasadı arxadakı kiçik həyətə açılır. Həyətdəki daş tavalar və hovuz məscid tikilisini tamamlayır. Məscidin baş fasadı rustovka daşı ilə üzlənmiş və daşın yaratdığı gözəl işıq-kölgə effektindən bəhrələnmişdir. Giriş qapısının nəzərə çarpdırılması üçün istifadə olunan və portalı əvəz edən pilyastrlar yarımdairəvi tağ şəkilli qapını hər iki tərəfdən haşiyələyir. Pilyastrlar sanki qoşa minarəni xatırlatmaqla baş fasadı ritmik ahənglə şaquli oxlar üzrə kəsir. Daş navalçalar, pəncərələri haşiyələyən rustovkalar, karnizlər, dekorativ detallar kimi fasadın estetik gözəlliyini artırmışdır. İnteryerdən əlavə məscidin baş fasadında qurulan mehrab, onun xaricində ibadət edən insanlarla ünsiyyət yaratmış və kəndin digər məscidlərindən fərqli simasını formalaşdırmışdır.

Şıxlar məscidinin əsas şaquli elementi olan yumurtavari günbəzi, onun memarlıq kompozisiyasını öz hündür həcm-fəza tutumu ilə tamamlayır. Məscid bir kameralı ibadət zalından və vestibüldən ibarətdir. Zal kvadrat şəkilli plan quruluşuna malik olmaqla mərkəzi günbəzlidir. İbadət zalı, dörd sütunun köməyi ilə üç nefə bölünmüşdür. Məscidin memarlıq konstruksiyası tağ-tavan sisteminə əsaslanır. Şıxlar məhəllə məscidi Qala kəndinin yeganə nefli məscididir ki, bu da XX əsrin tikinti texnikasının inkişafının təcəssümüdür. İnteryer kompozisiyasında, günbəz barabanından və yan pəncərə açımlarından düşən işıqlanma, sadə mehrab, özünəməxsus kapitellərlə tamamlanan sütunlar yüksək səviyyəli interyer təəssüratı yaradır.

Qala kəndində 3 hamam olmuşdur. Bunlar "Şor hamamı", "Qum hamamı", "Bayraməli hamamı" adı ilə tanınan hamamlardırlar.

"Şor hamamı" kəndin cənub hissəsində, duz gölünün yaxınlığında yerləşirdi. Oraya göldən su çəkilmişdir. Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi məqsəd daşımışdır. Bu su daha çox dəri xəstəlikləri zamanı istifadə olunardı. Hamam dağılmış, lakin özülü bu günə qədər qalmışdır. 2012–2013-cü illərdə aparılmış tədqiqatlar, hamamın XVIII əsrə aid olduğunu sübut etmişdir. Tədqiqat zamanı tapılmış dəmir materialları hamamın XIX və XX əsrlərdə bərpa edildiyini göstərir.

Bu hamamlardan yalnız biri bu günə qədər fəliyyət göstərir. Həmin hamam çox vaxt "Cümə hamamı" yaxud da "Bayraməli hamamı" adlanırmış. Giriş hissəsindəki epiqrafik yazıdan məlum olmuşdur ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir. Demək ehtimal var ki, hamam daha qədim ola bilər. Hamam iki hissədən ibarətdir. Soyunmaq və yuyunmaq yerləri. El hamamlarına gəlmək üçün qadınlar və kişilər üçün ayrıca günlər olardı. Bu hamamdan hal-hazırda Azərbaycan xalqının adətlərindən biri olan "Bəylik hamamı" kimi-el adəti ilə oğul evləndirəndə bəyi hamama gətirmək üçün istifadə olunur. Keçmişdə gəlinləri oğlanın anası, bacısı hamamda görüb bəyənərdilər. Belə bir deyim də var idi: "Qız bəyənəndə onu ya hamamda bəyən, ya da səhər-səhər əl-üzünü yuyanda".

Qum hamamı – Bu hamamlardan, "Qum hamamı" daha qədimdir. Təsadüfən bərpaçılar tərəfindən tapılmışdır. Tamamilə zibil və torpaq altında uzun müddət qalmışdır. Təmizlənmə aparıldıqdan sonra məlum olmuşdur ki, hamam XII–XIV əsr memarlıq quruluşuna malikdir. Hamam torpağın altında yerləşdiyindən "Qum hamamı" adlanmışdır. Sanitariya –gigiyena məqsədlərindən əlavə, hamamda istirahət otaqları vardır. Hamamın özünəməxsus xüsusiyyəti, yer səthindən 1,5–2 m aşağı olmasıdır ki, bu da istiliyin saxlanması rolunu oynayır. Bu hamamın arxasında qazanxanası mövcuddur. Divarların içindən və döşəmənin altı ilə saxsı (keramik) borular vasitəsilə hamamı qızdırırlarmış. Hamam soyunmaq otağı və hovuzla yanaşı, 8 otağı özündə birləşdirir. Hamamda olan hovuz əhəng daşından yumru şəkildə yonulmuşdur və soyuq su üçün nəzərdə tutulur. Hər otağın giriş hissəsində ayaqqabı üçün xüsusi taxçalar vardır. Qaynar sudan qorunmaq üçün xüsusi ayaqqabı- başmaq geyinərlərmiş. Hamamda təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilirdi. Burada görüşlər keçirilir, ticarət edilir, nərd oynanılır və çay içirmişlər. Qadınların həyatında hamamlar böyük rol oynamışdır. Onlar hamama azuqə gətirir və bütün günü burada mahnı oxumaqla və söhbət etməklə keçirərmişlər. Otaqların biri mehrab üçün nəzərdə tutulmuşdur. Buradan namaz qılmaq üçün istifadə olunmuşdur.

Hətta türk səyyahı Cəlal Əsəd XIX əsrdə qeyd edirdi: "Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır". Avstriya səyahətçisi Q. Vamberi göstərirdi ki, hamamlar bütün müsəlmanlar üçün həm daxili tələbatı ödəmək üçün, həm də dini məqsədlər rolunu oynamışdır. Yuyunmaq üçün otaqlarda hovuz olurmuş. Müsəlman adətinə görə su başqasının bədəninə dəydikdə təmiz su sayılmırmış. İsti və soyuq suyun saxlanması üçün lap arxada kiçik otaqlardan istifadə edilirmiş. Otaqların işıqlandırılması və havanın təmizlənməsi üçün günbəzdən çıxan bacadan istifadə edilirmiş.

  • Qala və Qalalılar. T. Səlimov, F. Abdullayev
  • Unikal Qala kəndi. R. Əliyeva

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]