Şəmkirçay hövzəsində Qalakənd kəndindən cənub-qərbdə yerləşir. H. İ. Əliyev (1991-1998) tərəfindən aşkar olunan bu təzahürün sahəsində qədim dağ qazmaları mövcuddur. Çox güman ki, bu ərazidə Siemens firması tərəfindən dağ-qazma işləri aprılmışdır.[1]
Təzahürün sahəsi təxminən 1,5 kv. km. sahəni əhatə edir ki, burada alt bayos yaşlı albitləşmiş andezit-bazaltlar, psammit tufları və tuf qumdaşları; Üst bayosun riolit və riodasitləri tuf qlavrelitləri, tuf argillitləri iştirak edir. Sahənin geoloji quruluşu bir sıra şimal-qərb istiqamətli qırılmalarla mürəkkəbləşmişdir. Bu qırılmalar boyu ətraf süxurlar hidrotermal dəyişmələrə məruz qalmışlar. Burada bir-birinə paralel kvars damarcıqlarına malik, hidrotermal dəyişmiş, piritləşmiş, limonitləşmiş iki zona vardır. Zonalarda qazılmış xəndəklərdən götürülmüş sınaqlarda Au- 0,25-0,75 q/t, Ag-2,6-6,5 q/t, Cu-0,01%, Mo-0,002%, Pb-0,01%, Zn-0,01-0,1% aşkar edilmişdir[1].