Qalstuk (alm. Halstuch) — geyim aksesuarı[1]
Uzun və mübahisəli keçmişi olan qalstuklardan bu gün dünyada təqribən 650 milyon adam istifadə edir. Bir ildə satılan qalstukların sayı isə 800 milyona yaxındır. Qalstukları 1618–1648-ci illərdə baş verən məşhur 30 illik müharibənin yadigarı da saymaq olar.
Azərbaycan dilində işlədilən "qalstuk" kəlməsi alman dilindən “halstuch” (boğaz dəsmalı) şəklində rus dilinə və rus dilindən bizim dilimizə keçmişdir və 1940-cı illərdən daha sıx işlənməyə başlandı. Ondan öncə ədəbiyyatda və lüğətlərdə boyunbağı sözü işlənməkdə idi, və indi də bu sözə qalstuk mənasında nadir hallarda rast gəlmək olar. [2] İndiki Azərbaycan dilində Boyunbağı sözü dəyərli metallardan hazırlanmış boyuna taxılan zərgərlik məmulatlarına deyirlər. Bu cür məna sürüşməsinin səbəbi həm "qalstuk" sözünü deyincə klassik tip qalstuku düşünməkdir, həm də ilk zamanlar qalstukların çox fərqli olmağı, həmçinin qiymətli daşlarla bəzənməsidir. Cənubi Azərbaycanca və Türkiyə türkcəsində işlədilən “kravat” (کراوات ya قراوات) sözü xorvatlarla əlaqədardır. Söz fransızca "cravate" kəlməsindən törəmiş, mənası "xorvatlar" deməkdir. Qalstukun çağdaş aksesuar kimi Fransada meydana gəlməsi təxminən 17-ci əsrə təsadüf edir. 1635-ci ildə Fransa Kralı XIII Lüdovikin əsgərləri arasında birdən-birə boğazına parça bağlayan əsgərlər peyda olmuşdu və bu əsgərlər xorvatlar idi. Zamanla bu parçalar fransız modelyerlərin diqqətini çəkmiş və aksesuar "a la croate", yəni "xorvat tərzi" adı ilə tanınmışdır. Sonralar bu söz Fransa hüdudlarından da kənara çıxmış, aksesuar təkmilləşərək müasir qalstuklar meydana gəlmişdir. Türkiyədə "kravat" sözünün işlənməsi Tənzimat hərəkatı ilə əlaqadardır və ilk qalstuk taxan Osmanlı İmperatoru Sultan Əbdülməcid olmuşdur.
Qalstukun tarixi keçmişi Türk qatillərinə məxsusdur[3]
1660-cı ildə Osmanlılar Avstriya ordusuna məğlub olduğu zaman Avstriya-Macarıstan İmperiyası tərkibində olan Xorvatiyadan (Kroatia) bir qrup əsgər zəfərin qəhrəmanları olaraq Parisə aparıldılar və kralın hüzuruna çıxarıldılar. Bu əsgərlərin boğazlarına xanımları tərəfindən rəngli dəsmallar bağlamışdı. Əsgərlər bu yaylıqlara baxıb öz ailələrini yada salırdılar. Bu dəsmallar romalılar dövründə səs tellərini isti saxlamaq üçün taxılan dəsmallara oxşayırdı. Kral çox bəyəndi və özü də krallıq qalstukları taxan bir ordu qurdu.
Köhnə vaxtlardan qalstuklar o qədər möhkəm bağlanmışdı ki, insanlar boyunlarını döndərmədən ətrafa baxa bilmirdilər. Amma onlar qılınc zərbəsindən boynu qoruyurdu. 1960-cı illərdə qalstuklar bir az gözdən düşsə də, 1970-ci illərdə yenidən populyarlığı artdı.
2010-cu ildə İranda islam dəyərlərinə uyğun qalstuk hazırlanıb. Qalstukun müəllifi Hümmət Komeyli onu İran Sənaye Mülkiyyətləri İdarəsində qeydiyyatdan keçirib. Qalstuk qılınc formasındadır. Müəllif deyib ki, qalstukun qılınc formasında olması heç də zorakılığa rəvac vermək deyil: "Bir çox müsəlman ölkələrində, o cümlədən bizim ölkədə müsəlman alimlər və digər din xadimləri qalstukdan istifadəyə icazə vermir və bunu Qərb mədəniyyətinin simvolu kimi qəbul edirlər. Mənim hazırladığım qalstuk gözəl və yaraşıqlı olmaqla yanaşı həm də islam dəyərlərinə uyğundur. Bəzi ayətullahlar və müsəlman alimlər onu bəyəniblər. Qalstukun qılınc formasında hazırlanması Həzrət Əlinin məşhur qılıncı – Zülfüqar qılıncı ilə bağlıdır. Bu müqəddəs qılınc həmişə zülmə qarşı olub, ədalətin bərqərar olunmasına xidmət göstərib".
Qeyd edək ki, 1979-cu il İranda islam inqilabı qələbə çalandan sonra hökumət idarələrində və digər rəsmi yerlərdə Qərb mədəniyyətinin simvolu kimi təqdim edilən qalstuk taxmağa qadağa qoyulub.