Qaraçoban düzü - Şərur rayonu ərazisində düzənlikdir.
Qaraçoban düzü Şərur rayonu ərazisində, Sədərək kəndinin cənub-qərbində, Bozağıl, Qaradaş, Düz, Həsənqulubağ dağlarının arasında maili düzənlikdir ki, onun da mütləq yüksəkliyi 950-1000 metrdir. Səthi Bağırsaqdərə və bir sıra digər dərələr vasitəsilə zəif parçalanmışdır. Daimi axına malik olmayan Bağırsaqdərə çayı Qaraçoban düzünün şimal-şərqində iki qola ayrılır. Ərazidən qış və yay otlağı kimi istifadə olunur.[1] Qaraçoban maili düzənliyi (800–1200 m) əsasən allüvial-prolüvial çöküntülərindən təşkil olunmuşdur. Onun səthi Cəhənnəm dərəsi, Bağırsaq dərəsi və bir sıra başqa quru dərələr vasitəsilə parçalanmışdır. Suayrıcları hamar və genişdir, çox zəif parçalanmışdır. Maili düzənliyin mərkəz hissəsində yerləşən Bağırsaq dərəsindən keçən sellər Sədərək düzündəki əkinlərə ciddi zərər verir. Qaraçoban maili düzənliyində inkişaf etmiş boz torpaqların tərkibində çoxlu çay daşı vardır.
Maili düzənlikdə əsas yeri iyli yovşan, çılpaqdil və çəngəlli gəvən tutur. Efemerlər geniş yayılmışdır. Burada müxtəlif şoran bitkiləri, poruq, Marşall süddüyəni, üzərrik, quruçiçək,dəvəqıran, sivriuc və s. bitir. Ərazidən qış otlağı kimi istifadə olunur. Qaraçoban maili düzənliyinin geniş torpaqlarından əkinçilikdə istifadə etmək üçün suvarma tədbirləri görülmüşdür.
Qoyunçuluğun inkişafı üçün əlverişli şəraitə malik olan Qaraçoban düzünün “Kitabi Dədə Qorqud” eposunun qəhrəmanı Qaraca Çobanın adı ilə bağlı olduğu ehtimal edilir.[2]