Qaraçuq - Xocavənd rayonunda dağ adı.
Qaraçuq - Xocavənd rayonunda dağ adı (hünd. 632). Yuxarı Qarabağın Dizaq nahiyəsində Qaraçuq kənd adı da qeyd olunmuşdur. Qaracuq adlı dağ və kənd Naxcıvanda da vardır. Kitabi-Dədə Qorqud eposunda da Qaraçuq yer adı cəkilmişdir.[1]
Qaracuq, Qaraçıq – coğrafi koordinatı məlum olmayan yer adı. KDQ-də üç yerdə adı çəkilir (II, D- 3613, III, D-1105, VII, D-2054).
II boyda Bayındır xan Amid soyunun aslanı, Qaracuğın qaplanı, qonur atın iyəsi, Xan Uruzun babası...” – deyə xatırlanır (D-3613).
III boyda Beyrək Dəli Ozana Qazan xanı Türkistanın dirəgi! Amid soyunun aslanı, Qaracuğun qaplanı! Qonur atın ayası, xan Uruzun babası...” adı ilə təqdim edir (D-1105).VII boyda da təkrarən Bayındır xanın şəxsiyyəti eyni bəlağətli, müsbət keyfiyyətlərlə təkrar edilir (D-2054).
Qaracuğun coğrafi koordinatı barədə fikirlər müxtəlifdir. Türk müəllifi Ziya Gökalp KDQ-də adı keçən Qaracuğun Diyaribəkirin qərbindən cənubdakı Qaraca dağ olduğunu qeyd edir. Onu da bildirir ki, Qaracuq adlı dağ Mosul yaxınlığında da vardır. Bu dağlar Türkmənistanda olan Qaracuq dağına bənzədiklərinə görə xalq xatirələrində yaşatmaq üçün bu dağa Qaracuq dağı adını vermişdir.
E.Rossi Ziya Gökalpın bu fikri ilə razılaşmışdır. Halbuki, Mosul və Diyaribəkirdəki Qaracuq (Qaraca dağlar) əski oğuzların cənub sərhədləri üzərindədir. Burada isə Bayındır xan sülaləsinin döyüşlər və igidliklər göstərdiyi hadisələr baş verməmişdir. Ancaq Xorasan vilayətində “Kuşanlar yurdu Bəlxdə də Qaracuq//Qaracıq dağı vardır. Bu M.Kaşğarlının “dairəvi cahan xəritəsi”ndə Xəzər dənizinin şərqində “məkani-kıfcak”, “Bilad ül-Quzey” (Oğuz ölkəsi şəhərləri) arasında “Cebel- i Qaracuq” adı ilə göstərilmişdir (M.F.Kırzıoğlu).
Xorasan yaxınlığındakı bu dağ (Qaracuq) Oğuzların qədim yurdu, Bayındır xan və Salur Qazan sülaləsinin torpaqları olmuşdur. Çox güman ki, KDQ-də bu Qaracuq dağdan söhbət gedir. M.F.Kırzıoğlunun bu fikri başqa qaynaqlarla da təsdiq edilir. Azərbaycanda Kiçik Qafqaz sıra dağlarının Mil düzünə sarı uzanan hissəsi “Qaracuq çoban dağı” adlanır.
“Qaracuq Cənubi Azərbaycanda Qaradağ mahalı ərazisində yaylaqdır”. Eyni adlı dağın qədim Naxçıvan ərazisində və Qarabağın Hadrud bölgəsində də olduğu da göstərilir. Tədqiqatçı S.Babayev və N.Babayev belə hesab edirlər ki, “Qaracuq” – Naxçıvan şəhərinin cənubunda, Babək rayonu ərazisində, Arazın sol sahilində yerləşən qədim kənddir. KDQ-də Salur Qazana verilən Qaracuğun qaplanı titulu da bu kəndin adı ilə bağlıdır”. [[Naxçıvan Muxtar Respublikası|Naxçivan Muxtar Respublika]]nın Batabat sahəsində qədim Qaracuq yurdu da vardır. Ş.Cəmşidov KDQ qəhrəmanı Qaracuq Çobanın adını Qarabağda olan Qaracuq dağı ilə əlaqələndirir.