Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir.
Qara | |
---|---|
HEX | 000000 |
RGB¹ (r, g, b) | (0, 0, 0) |
CMYK (c, m, y, k) | (0, 0, 0, 100) |
HSV² (h, s, v) | (0°, 0%, 0%) |
|
Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s. ifadələrdəki rəng anlamına gələn "qara" da üstündə mənfi məna yükü daşıyır.
Dedik ki, qara rəngin funksiyası çoxdur və o, qoşulduğu sözlərdə müxtəlif mənalar ifadə edir. Misal üçün, təkcə qədim adlarda (Qaraxan, Qaragünə, Qarabudaq, Qaraca Çoban, Qaraçəkur və b.), istərsə də müasir adlarda (Qarakişi, Qarakazım, Qaravəli və b.) işlənmiş "qara" çoxanlamlıdır. Bir fikrə görə, adlardakı "qara" xaqanlıqda xanların titulunu bildirir. Başqa bir fikrə görə isə "qara", "titul" yox, "başçı, böyük" deməkdir. "Qara"nın "qorxunc, dəhşətli, vahiməli, zəhmli, olduqca qorxulu, çox dəhşətli epitet funksiyası daşımaqla "cəsarət və güclük damğası" olduğunu deyənlər də vardır.
Dilimizdə "qaraqaşlı", "qaragözlü", "qarasaçlı" və s. ifadələr də işlək sayılır. Buradakı "qara", sözsüz ki, rəng bildirməklə qaşın, gözün, saçın qaralığını bildirir. Amma məsələ belədir ki, bu rəngin vasitəsi ilə insanların antropoloji xüsusiyyətlərini də ayırd etmək olur. Bu məsələ ilə bağlı indiyə qədər açılmamış çox vacib bir mətləbdən danışmağı yerində bilirik. Bəlli olduğu üzrə, araşdırmalarda "Kitabi-Dədə Qorqud"dakı Oğuzların türkmən, qırğız, qazax, özbək və üz quruluşları bunlara oxşar mənşəli olmasından az söz getməyib. Amma abidənin boylarındakı Oğuz kişi və xanımlarının qara qaşlı, qara saçlı, qara gözlü, ala gözlü, qıyma gözlü olmaları bu deyilənlərin əksindən xəbər verir.
Mətləbə keçməzdən öncə "qıyma göz"lə bağlı bir məsələ ilə tanış olaq. "Qıyma göz", "qıyıq göz" deyil. Göz qapaqları bir-birinə yaxın, kirpikləri kipləşmiş görünən gözə "qıyma göz" deyilir. Gözlərinin ucu dar, qıyılmış göz isə "qıyıqgöz" adlanır. Uzaq Şərq, Sibir, Orta Asiya, eləcə də Qazaxıstan türkləri "qıyma göz" yox, "qıyıq "göz"lüdürlər.
İndi "Kitabi-Dədə Qorqud"dakı oğuzların saçlarına, qaş-gözlərinə diqqət edək: "Topuğunda sarmaşanda qara saçlım" (Dirsə xanın xanımına aiddir), "Dirsə xanın xatununa qəhər gəldi, qara qıyma gözləri qan-yaş doldu", "Qara qıyma gözlərin uyğu almış açğıl axı" (Buğaca aiddir). "Ağ üzlü, ala gözlü gəlinlər gedərsə, mənim gedər". Bu sözləri deyən Dirsə xandır. Deməli, onun nəzərdə tutduğu "ala gözlü"dür. İribəbək və bəbək sahəsi qara, bəbək sahəsinin çevrəsi mavi çalarlı, ağ, daha dəqiqi iri, açıq mavi göz "ala göz" adlanır. Bayaq dediyimiz məkandakıların gözlərinin necəliyini xatırlatmışdıq. "Qarğı kimi qara saçım uzanır". Bu, Qazan xanın saçıdır. Burla xatun "qarğı kimi qara saçını yoldu". Bamsı Beyrək deyir: "... bir qara gözlü yavuqlum vardı". Bamsı Beyrəyin böyük bacısı əsirlikdən qurtarıb gələn qardaşına deyir: "Qara qıyma gözlərin" çöngələnməsəydi // Ağam Beyrək deyərdim, ozan sana" Bamsı Beyrək Baniçiçəkdən soruşur: "Qarğı kimi Qara saçın yoldunmu qız?! // Qara gözdən acı yaşı tökdünmü qız?! Burla xatun deyir: "Ala gözlü gəlin alar derdim", "Oguzun ala gözlü qızı-gəlini" Qanturalı deyir: "Ala gözüm açuban dünya gördüm" və s. Məsələ belədir ki, abidənin boylarında tanıdılan kafir qızları da qara qaşlı, qara gözlü, qara saçlıdır; "Doqquz qara gözlü... kafir qızları", "Şöklü Məlik, qara gözlü qızın varsa, gətir Qazana ver", Trabuzan təkurunun qızı haqqında Qanturalı deyir: "Qələmçilər çaldığı qara qaşlım" // Qurumsu qırx tutam qara saçlım!".
Sual oluna bilər ki, nə üçün Oğuzlarla kafirlərin fizionomik quruluşları eynidir. Cavab veririk. Bəzən ifrata varıb "Kitabi-Dədə Qorqud"da "kafir", "asi" olaraq tanıdılanları, hətta nəinki bizə, ümumiyyətlə, türkə düşmən olmuş, olan və olacaqlarla eyniləşdirirlər. Bu, həmin düşmənləri Oğuz ellərində əvvəlcədən var kimi göstərmək səhvidir. Amma həqiqət olan budur ki, Oğuzların yaşadıqları ərazilərdə elə Oğuzların özləri olurlar. Bu yurdlarda özgə qəbilə, tayfa, sonrakı kəsimlərdə formalaşmış etnik tərkib, xalq, millət yoxdur. Burada yaşayanlar, sadəcə olaraq, müsəlman dinini – yəni islamı qəbul edən və etməyən oğuzlardır. Elə abidənin özündə də çox nadir hallarda "yağı", "düşmən" sözlərinə tuş gəlmək olur. Burada daha çox "asi", "kafir" deyimləri işlənir. "Asi" itaət etməyən, "kafir" isə müsəlman olmayanlara, islam dininə inanmayanlara deyilir. Bu kafirlər, asilər də ya xristian, ya da bütpərəstlərdir. Odur ki, müsəlınan Oğuzlar "sasi dinli" kafir Oğuzların xristian məzmunlu kilsələrini uçurub yerində məscid tikirlər.
Beləliklə, qara rəngin yardımı ilə Oğuzların bəzi fizionomik cəhətlərini öyrəndik. Qəti olaraq bildiririk ki, Oğuzlara məxsus "ala göz"ü, "qara göz"ü "qara qaş"ı, "qara saç"ı eynilə yalnız bugünkü Azərbaycan türklərində görürük. Osmanlı (Anadolu da daxil olmaqla), Orta Asiya, Sibir, Uzaq Şərq türklərini bir anlığa göz önünə gətirək və onların saçlarını, qaşlarını, çoxunun monqoloid – qıyıq gözlərini misallar əsasında tanıtdığımız Oğuz kişi və xanımlarının qara, ala gözləri, qara qaşları, qara saçları ilə tutuşduraq, müqayisə edək. Və görəcəyik ki, deyilənləri təsdiq etməkdən başqa çarə yoxdur. Hələ onu demirik ki, biz Azərbaycan türklərində sevilən, dəyərləndirilən "ala göz" çox-çox ayrı türk xalqlarında bunun əksinədir. Misal üçün, uyğurlarda "ala göz" "sevməyən, xoşa gəlməyən, bədxah, pis niyyətli, düşmən" və s. anlamdadır. Özbək dilində "ala göz", "dombalangöz", "qurbağagöz" tək başa düşülür. Türkiyə türkcəsində bir sıra digər mənalarla yanaşı, "ala göz"ün "qorxaq" anlamı da vardır.
Qara rəngin yasla, matəmlə bağlılığı danılmazdır. Yas mərasimlərində dünyasını dəyişənlərin qara paltar geyməsi, qadınların başlarına qara rəngli örtük örtmələri də buna sübutdur. Hətta evlənməmiş, cavan ölənin yas mərasimi də "qara toy" adlanır. Bununla belə, "Qara matəm rəngidir, deyirlər, yox, yalandır // Qaldır kirpiklərini, gözlərinlə inandır" poetik deyimi də vardır. Bütün bu deyilənlər qara rəngin həm mənfi, həm də müsbət anlamda olmasını aşkar edir.
Qara rəngi seçən insanlar həmişə mübarizəyə hazır, alovlu, ehtiraslı olurlar. Bu, qiyam, üsyan rəngidir. Ancaq bu hissləri onları əhatə edən mühit və insanlar yaradırlar. Təəssüf ki, qara rəngi sevənlər çox vaxt situasiyanı düzgün qiymətləndirə bilmədiklərindən uduzur və çox əzab çəkirlər. Onların həyatında intim münasibətlər aparıcı rol oynayır, ehtirasla sevir, sevilməyi də çox xoşlayırlar. Məqsədlərindən asılı olmayaraq həmişə dayanmadan irəliyə doğru gedirlər. Onlarla münasibətdə mütləq idarəolunmaz emosiyalarla rastlaşacaqsınız, hətta vaxtaşırı mübahisələrə də cəlb oluna bilərsiniz.[1]
İnsanın müxtəlif bədən üzvləri, bürcü, doğulduğu il onun xasiyyəti haqqında məlumat verdiyi kimi onun göz rəngi də insan haqqında ətraflı məlumat almağa imkan yarada bilər.
Qara gözlü insanlar çox həyacanlanan, nizam-intizamlı olurlar. Onların sevgisi kimi kinləri də çox güclüdür. Qarşılarındakı insanları daima idarə etmək istəyirlər. Qara gözlər ehtiras, çoşğu əlamətidir. Amma bəzən belə rəngli gözü olan insanlar təsəvvür ediləndən də hiyləgər ola bilər. [2]
Veb rəngləri | Qara | Gümüşü | Boz | Ağ | Qırmızı | Çəhrayı | Tünd qırmızı | Bənövşəyi | Açıq bənövşəyi | Yaşıl | Açıq yaşıl | Zeytun | Sarı | Narıncı | Göy | Tünd göy | Firuzə | Mavi |
Yazılış | black | silver | gray | white | red | pink | maroon | purple | fuchsia | green | lime | olive | yellow | orange | blue | navy | teal | aqua |