Qarabağ xanlığının bayrağı — 1807-ci ildə Rusiya imperatoru I Aleksandr tərəfindən Qarabağ xanı Mehdiqulu xana hədiyyə edilən bayraqdır. 2-ci şəkildə isə Qarabağ xanlığının öz bayrağı göstərilib.
Qarabağ xanlığı bayrağı | |
---|---|
Təfərrüatlar | |
Qəbul edilib | 14 may 1807 |
Proporsiya | 115 x 100 sm |
14 may 1805-ci il tarixdə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanmış Kürəkçay müqaviləsinin yeddinci maddəsində bayraq haqqında bu cür qeyd edilir:[1]
"İmperator əlahəzrətlərinin zati-aliləri şuşalı və qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır".[1] |
1807-ci ildə Küərkçay sülh müqaviləsi imzalanan zamanı verilən bayraq dördkünc, ikiqat ağ qanovuz ipək parçadandır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Hər iki tərəfdə Rusiya imperiyasının gerbi təsvir olunub. Boz rəngli ikibaşlı qartalın dimdiyi, gözləri, caynaqları və caynaqlarında tutduğu hakimiyyət rəmzləri, eləcə də qartalın hər iki başında və başlarının üstündə, ortada təsvir edilən iki kiçik və bir böyük tac qızılı rəngdədir. Tacların üstü göy və qırmızı daşlarla bəzənib.[2] Qartalın sinəsində qızılı haşiyəsi olan Avropa qalxanı təsvir edilib. Qalxanın üzərində ağ, qırmızıvə boz rənglərlə Moskva şəhərinin gerbi, Müqəddəs Müzəffər Georginin əksi verilib. Bayrağın kənarlarına gümüşü güləbətin saplarla bafta tikilib, onun üzərində isə uzunsov dairələrdə səkkizləçək güllər və xaçlar salınıb. Bayrağa üç tərəfdən qızılı saplardan və altıləçəkli gül formasında olan zərif gümüş asmalardan saçaq tökülüb.[2]
Qarabağ xanlığı ləğv olunduğundan Mehdiqulu xanın vəfatından sonra ona təqdim edilən bayraq varislərinə verilmədi, yenidən Sankt-Peterburqa qaytarıldı və Sarskoe Selo Saray Cəbbəxanasına təhvil verildi.[3] 1924-cü ildən isə bayraq Milli Azərbaycan Tarixi Muzeyində 461 saylı inventar altında saxlanır.[4]