Kürəkçay müqaviləsi

Kürəkçay müqaviləsi (rus. Кюрекчайский договор) — Qarabağ xanlığının Rusiya imperiyasının tərkibinə keçməsi barədə müqavilə.

Kürəkçay müqaviləsi
rus. Кюрекчайский договор
1868-ci ildə nəşr olunan müqavilənin mətni
1868-ci ildə nəşr olunan müqavilənin mətni
Müqavilənin tipi Siyasi
Hazırlanma tarixi 14 may 1805
İmzalanma tarixi 14 may 1805
İmzalanma yeri Yelizavetpol dairəsi, Kürəkçay yaxınlığı
Möhürlənməsi Yelizavetpol dairəsi, Kürəkçay yaxınlığı
Qüvvəyə minməsi 14 may 1805
 • şərtləri Qarabağ xanlğının Rusiya İmperiyası tərkibinə qatılması
İmzalayanlar İbrahimxəlil xanSisianov
Tərəflər Qarabağ xanlığı və Rusiya İmperiyası
Vikimənbənin loqosu Kürəkçay müqaviləsi Vikimənbədə

Müqaviləyə qədər siyasi şərait

[redaktə | mənbəni redaktə et]

Rusiya imperiyasının XIX əsrin başlanğıcından Azərbaycan torpaqlarını yeni işğal cəhdi faktik olaraq müharibəyə çevrilmişdi. Çar hökuməti Azərbaycanın xanlıqlara parçalanmasından istifadə edərək, bu prosesdə həm silah, həm də müqavilələr bağlanmasından istifadə edirdi. Azərbaycanın Car-Balakən camaatlığı (1803) və Gəncə xanlığı (1804) silah gücünə işğal edilmişdi. Qafqazdakı rus qoşunlarının baş komandanı Pavel Sisianov Gəncənin işğalından sonra Qarabağ xanlığına hərbi-diplomatik təzyiq göstərməyə başlamışdı. Sisianovun qarabağlı İbrahimxəlil xan (1763-1806) ilə yazışmalarından, danışıqlarda vasitəçilik edən gürcü zadəganı İvan Corayev və mayor Lisaneviçə göstərişlərindən aydın olur ki, xan müqavilənin əlverişli şərtlərlə bağlanmasına çalışmışdır. Nəhayət, 1805-ci il mayın 14-də Kürəkçay müqaviləsi imzalanmışdır. Çarizmin Kürəkçayadək Cənubi Qafqaz hakimləri ilə bağladığı müqavilələrdən, bu və ya digər dövlət qurumlarının ilhaqına dair şərtlər, onların ləğvi haqqında direktiv sənədlər (Rusiya ilə Quba xanlığı arasında 1782-ci il müqaviləsi, Kartli-Kaxeti çarlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi, I Pavelin 1801-ci il yanvar və I Aleksandrın 12 sentyabr manifestləri, Quba xanlığı və digər hakimlərlə 1802-ci il Georgiyevsk müqaviləsi, Car-Balakən andlı öhdəliyi, Gəncə ilə döyüş ərəfəsində irəli sürülən şərtlər, Qərbi Gürcüstanın knyazlıq və çarlıqları ilə münasibətlərə dair müqavilələri və b.) nəzərdən keçirildikdə aydın olur ki, onun bağlanılması zamanı bəzi istisnalarla məhz 1783-cü il Georgiyevsk müqaviləsinin başlıca müddəaları əsas götürülmüşdür. Faktlar sübut edir ki, İbrahim xan onun şərtləri ilə yaxından tanış idi. Həmin müqavilənin bağlanılması barədə məlumat verildiyi bildirilən siyahıda Qarabağ xanlığının da adı çəkilirdi. Bununla birgə Qarabağ xanlığının vəziri Molla Pənah Vaqif Tiflisdə bu münasibətlə keçirilən tədbirlərdə iştirak etmişdi. Beləliklə, Rusiya Qarabağ xanlığı ilə 1783-cü il Georgiyevsk müqaviləsi əsasında traktat bağlamaqla ona ciddi önəm verirdi.[1]

Müqavilə və onun şərtləri

[redaktə | mənbəni redaktə et]

Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Pavel Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan Rusiya təbəəliyinə keçməyi tələb etdi.[2] O yazırdı ki, "sizə yalnız yaxşısını seçmək qalır". Onun anlayışında "yaxşı yol" Rusiya idi. İbrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Pavel Sisianovdan hərbi kömək xahiş edib, Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq vədi verdi. Qarabağ xanının Rusiya ilə yaxınlaşmasından həyəcana düşmüş İran sarayı İbrahimxəlil xanın oğlu Əbülfət xanı 500 nəfərlik dəstə ilə Qarabağa göndərdi. Lakin İbrahimxəlil xan onu düşməncəsinə qarşıladı və onun dəstəsini Dizax yaxınlığında əzdi. Qarabağ xanının bu qələbəsindən sonra Sisianov onun xahişinə görə Qarabağa mayor Lisaneviç başda olmaqla dəstə göndərdi. Eyni zamanda o, Rusiya təbəəliyini qəbul etmək barədə cavabı sürətləndirməyi tələb etdi. İbrahimxəlil xan xanlığını qoruyub saxlamaq məqsədilə Sisianovla görüşməyə razılıq verdi. Sisianov Gəncənin gündoğarında, Kürəkçay üzərində düşərgə salmışdı, İbrahim xan oğlanları Məhəmmədhəsən ağa, Mehdiqulu ağa, Xanlar ağa və Qarabağın başqa əyanları ilə birlikdə buraya gəldi. Adam göndərib kürəkəni Şəki hakimi Səlim xanı da əyanları ilə "böyük sərdarın" yanına çağırdı. Və tərəflər arasında "Andlı öhdəlik" imzalandı.[3]

Kürəkçay müqaviləsi preambula və 11 maddədən ibarət idi. Müqavilənin preambulasında şuşalı və qarabağlı İbrahimxəlil xanın Rusiya İmperiyasının təbəəliyinə keçməsi təsbit olunur, maddələrdə bundan irəli gələn şərtlər müəyyənləşdirilirdi. Müqavilənin 1, 4, 6, 8 və 9-cu maddələrində İbrahimxəlil xanın, 2, 3, 5 və 7-ci maddələrində Rusiyanın öhdəlikləri əks olunmuşdur. Rusiya birmənalı şəkildə Qarabağ xanlığını müstəqil dövlət kimi qəbul edir, İbrahimxəlil xanı və onun varislərini xanlığın yeganə sahibi kimi təsdiq edirdi. Ən mühüm məqamlardan biri İbrahimxəlil xanın adı keçən bütün maddələrdə şuşalı və qarabağlı İbrahimxəlil xan kimi təqdim edilməsidir. Digər vacib məsələ Qarabağ xanlığının bütövlüyünün saxlanmasına imperator tərəfindən zəmanət verilməsi idi. Müqavilənin 10-cu maddəsində qeyd edilirdi ki, bu müqavilə əbədi müddətə bağlanır və bundan belə heç bir dəyişikliyə uğramamalıdır. XI maddə ratifikasiya haqqında idi. Kürəkçay müqaviləsində Qarabağ məliklikləri və ya ermənilərin xanlığa hər hansı iddia və münasibətindən bir kəlmə belə yoxdur. Bütün bunlarla bərabər, Qarabağ xanlığının müsəlman dövləti olması və onun 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq yeni tarixi şəraitdə imzalanması 5, 8, 9, 10, 11 və b. maddələrdə irəli sürülən müddəaların burada nəzərə alınmasına imkan verməmiş, əksinə digər yeni şərtlərlə Qarabağ xanlığının təəhhüdləri ağırlaşdırılmışdır. Rus və gürcü dillərində imzalanan 1783-cü il Georgiyevsk müqaviləsindən fərqli olaraq, Kürəkçay müqaviləsi yalnız rus dilində imzalanmışdı. Bu hal da müqavilənin mətnində, xüsusilə Qarabağ xanlığına dair təəhhüdlərdə özünü büruzə verir. 1783-cü il Georgiyevsk müqaviləsi 1805-ci il 14 may Kürəkçay müqaviləsinin başlıca müddəalarının formalaşdırılması üçün əsas olduğu kimi, 1805-ci il 14 may Kürəkçay müqaviləsi Şəki xanı Səlim xanla həmin yerdə imzalanmış 1805-ci il 22 may Kürəkçay müqaviləsi və Şirvan xanı Mustafa xanla bağlanmış 1805-ci il 25 dekabr müqavilələri üçün əsas olmuşdu. Bu müqavilələrdə yalnız yerli şəraitlə bağlı olan bəzi dəyişikliklər (bacın miqdarı və s.) edilmişdi. Rusiya tərəfindən 1822-ci ildə Qarabağ xanlığının ləğv edilməsilə Kürəkçay müqaviləsinə son qoyuldu.

Müqavilənin mətni

[redaktə | mənbəni redaktə et]
ANDLI ÖHDƏLİK

Aşağıda adı çəkilən mən, qadir Allah, böyük peyğəmbərimiz Məhəmməd (s.v.s)... qarşısında İmperator Əlahəzrətinə; özümün həqiqi və əsl lütfkar (Hamisi böyük) Aleksandr Pavloviçə, Bütün Rusiyanın mütləq hökmdarına və bütün Rusiya taxt-tacının təyin olunacaq İmperator Əlahəzrəti vəliəhdə sədaqətlə və ürəkdən qulluq edəcəyimi və hər şeydə itaət göstərəcəyimi, öz canımı son damla qanıma qədər əsirgəməməyi istəməyim və buna borclu olduğum haqda söz verir və müqəddəs Qurana and içirəm...

Traktatın layihəsi
Qadir Allah naminə.

Biz, yəni Şuşalı və Qarabağlı İbrahim xan və bütün Rusiya qoşunlarının infanteriya generalı, Qafqaz müfəttişliyinin infanteriya müfəttişi kn. Pavel Sisianov, olduqca mərhəmətli böyük İmperator Əlahəzrətləri Aleksandr Pavloviçin verdiyi tam səlahiyyət və ixtiyarla Allahın köməyi ilə Şuşalı və Qarabağlı İbrahim xanın bütün ailəsi, nəsli və ölkəsi ilə bütün Rusiya imperiyasının və indi bəxtiyarlıqla hökmranlıq edən böyük İ.Ə. Aleksandr Pavloviç və onun yüksək varislərinin əbədi təbəəliyini qəbul etməsi məsələsinə başlayaraq aşağıdakı şərtləri bağladıq, qərara aldıq və imzaladıq:

Birinci maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan öz adımdan, varislərim və vəliəhdlərim adından İran və ya hər hansı bir dövlətin hər cür vassallığından və ya hər hansı ad altında olsa da, hər cür asılılığından təntənəli surətdə, həmişəlik imtina edirəm və bütün dünya qarşısında bununla bildirirəm ki, mən özüm və varislərim üzərində bütün Rusiyanın böyük İ. Ə.-nin və onun yüksək varislərinin və vəliəhdlərinin ali hakimiyyətindən başqa heç bir dövlətin hakimiyyətini tanımıram, həmin taxt-taca sədaqət vəd edirəm, çünki onun sadiq quluyam və bu haqda, adətə görə, müqəddəs Qurana and içməliyəm.

İkinci maddə

İmperator Əlahəzrətləri, zati-əliləri [xan] həzrətlərinin belə səmimi söz verməsini qəbul edərək, özünün və vəliəhdlərinin adından İmperator sözü ilə vəd edir və söz verir ki, onlar zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xandan və onun varislərindən öz sadiq təbəələri kimi mərhəmət və nəcib havadarlığını heç vaxt əsirgəməyəcəklər, buna sübut olaraq İ. Ə. zati-alilərinin və onun varislərinin ölkəsinin bütövlüyünün saxlanılmasına öz imperator zəmanətini verir.

Üçüncü maddə

Zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xanın bütün Rusiya imperatorlarının və onların vəliəhdlərinin öz üzərində ali və yeganə hakimiyyətini belə səmimiyyətlə qəbul etməsi müqabilində qərara alınır ki, adı çəkilən xan, ondan sonra isə böyük oğlunun və bu qayda ilə nəslin yaşca sonrakı böyüyü irsən xanlığa keçərkən Gürcüstan Baş Hakimi tərəfindən xanlıqda bərqərar olmaq haqqında dövlət möhürü ilə təsdiq edilmiş imperator fərmanından ibarət investitura aldıqdan sonra Bütün Rusiya imperiyasının təbəəliyinə sadiq olmasına, özü və varisləri üzərində Bütün Rusiya imperatorlarının ali və yeganə hakimiyyətinin tanınmasına təntənəli surətdə and içməlidirlər. Andın forması traktata əlavə olunur ki, indi hakim olan Şuşalı və Qarabağlı İbrahim xan bu mərasimi Gürcüstan Baş Hakiminin və bu qətnaməni başa çatdıran inf.— gen. knyaz Sisianovun iştirakı ilə yerinə yetirsin.

Dördüncü maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim və varislərimin Bütün Rusiya imperiyasına sadiq təbəəliyimiz və həmin imperiyanın işıqlı ali və yeganə hakimiyyətini qəbul etməyimiz haqda mənim mövqeyimin təmizliyini göstərmək üçün Gürcüstan Baş Hakimi ilə qabaqcadan qarşılıqlı razılıq olmadan qonşu hakimlərlə əlaqə saxlamamağa, onlardan elçilər gələrsə və ya məktub göndərilərsə, onlardan məzmunca tutarlı olanları Baş Hakimə göndərməyə və ondan icazə istəməyə, dəyəri az olanlar haqda isə məlumat verməyə və Gürcüstan Baş Hakimi tərəfindən mənim yanıma təyin edilmiş şəxsə məlumat verməyə və onunla məsləhətləşməyə söz verirəm.

Beşinci maddə

İmperator əlahəzrətləri Şuşalı və Qarabağlı İbrahim xanın ölkəsi üzərində özünün ali və yeganə hakimiyyətinin tanınmasını razılıqla qəbul edərək, özünün və varislərinin adından söz verir:

  1. Həmin ölkənin xalqlarını böyük Rusiya imperiyasının sakinlərindən az da olsa ayırmayaraq öz təbəələri sayacaqdır.
  2. İbrahim xan zati-alilərinin və onun ocağından olan varislərin və arxasının Qarabağ xanlığı üzərində hakimiyyəti dəyişilməz saxlanılacaqdır.
  3. Daxili idarəetmə ilə bağlı hakimiyyət işləri, məhkəmə və divanxana işləri, bununla yanaşı ölkədən yığılan gəlir zati-alilərin (xanın) səlahiyyətində qalacaqdır.
  4. Zati-alilərinin və onun sülaləsinin, eləcə də onun ölkəsinin qorunması üçün Şuşa qalasına 500 nəfərlik Rusiya qoşunu qərərgah və baş zabitləri ilə, (habelə) toplarla birlikdə yeridiləcək, ciddi müdafiə üçün isə Gürcüstan Baş hakimi şərait və ehtiyaca görə bu dəstəni gücləndirəcək və zati-alilərinin ölkəsinin Bütün Rusiya imperiyasına məxsus olan bir ölkə kimi hərbi qüvvə ilə müdafiə edəcəkdir.
Altıncı maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, mənim sadiq təbəəlik istəyimin əlaməti olaraq söz verirəm:

  1. İstər indi, istərsə də sonralar yuxarıda adı çəkilən qoşuna lazım olan buğda və darı yarmasını (Gürcüstan) Baş hakiminin müəyyən etdiyi qiymətlə tədarük edəcəyəm, çünki onların Yelizavetpoldan gətirilməsi ya çox çətindir, ya da tamamilə qeyri-mümkündür.
  2. Qoşunların Şuşa qalasında yerləşməsi üçün qoşun rəisinin bəyəndiyi evləri ayıracaq və lazımi qədər odunla təmin edəcəyəm.
  3. Şuşa qalasına Yelizavetpol tərəfdən yoxuşu sahmana salacaq və yolu arabaların gedişi üçün yararlı edəcəyəm.
  4. Hökumət Şuşa qalasından Cavada gedən yolu qaydaya salmaq istəsə, onda bu iş üçün lazımi olan işçilər hökumətin müəyyən etdiyi məzənnə ilə mənə verilməlidir.
Yeddinci maddə

İmperator əlahəzrətlərinin zati-aliləri Şuşalı və Qarabağlı İbrahim xana və onun varislərinə böyük ehtiram və mərhəmət əlaməti olaraq onu və varislərini üzərində Bütün Rusiya imperiyasının gerbi olan bayraqla təltif edir, onun yanında saxlanmalı və bu ölkə üzərində əlahəzrət tərəfindən bəxş edilmiş xanlıq və hakimiyyət rəmzi kimi müharibəyə gedəndə özü ilə aparılmalıdır.

Səkkinci maddə

Mən, Şuşalı və Qarabağlı İbrahim xan, İmperator əlahəzrətlərinin yüksək razılığı ilə özümün gəlirimdən həmişəki kimi istifadə etməyə icazəm olduğundan İmperator əlahəzrətlərinin Tiflisdə yerləşən xəzinəsinə ildə 8000 çervon bac verməyi öhdəmə alıram, bac iki müddətə, yeni bir hissəsi fevralın 1-də, o biri hissəsi isə sentyabrın 1-də, özü də bu traktatın İmperator əlahəzrətləri tərəfindən təsdiqi zamanı birinci hissəsinin, yəni 4000 çervonun ödənişi ilə başlanır. Bundan başqa Asiya qayda- qanunu ilə and içməklə yanaşı, mən böyük oğlum Məhəmmədhəsən-Ağanın ikinci oğlu Şükürallahı həmişəlik Tiflisdə yaşamaq üçün girov verməliyəm.

Doqquzuncu maddə

İmperator əlahəzrətləri özünün xüsusi mərhəməti ilə, Tiflisdə sədaqət bildirmək üçün saxlanılması olan zati-aliləri (xanın) nəvəsinin dolanışığı üçün Rusiya pul vahidi ilə gündə 10 gümüş manat iltifatla bəxş edir.

Onuncu maddə

Bu müqavilə əbədi müddətə bağlanır və bundan belə həmişəlik heç bir dəyişikliyə uğramamalıdır.

On birinci maddə

Bu traktın İmperator əlahəzrətləri tərəfindən onun dövlət möhürü vurulmuş Ali Fərmanı ilə təsdiqi bu sənədin imzalanmasından 6 ay keçənədək və ya mümkün olsa, daha tez olmalıdır.

Yuxarıdakıların həqiqətə uyğun olduğunu (bildirmək) üçün aşağıda imza edənlər Yelizavetpol dairəsinin düşərgəsində, Kürək çayı yaxınlığında, miladın 1805-ci ilinin yayında, mayın 14-də (müsəlman təqvimi ilə 1220-ci il səfər ayında) bu maddələrə qol çəkərək öz möhürlərini vurdular.


Kürəkçay müqaviləsinin mətni ilk dəfə general Sisianovun çar I Aleksandrın adına 22 may 1805-ci il tarixli «tam sədaqətli» raportunda olduğu kimi gətirilmişdir. Raportun mətni isə öz növbəsində «Qafqaz Arxeoqrafiya komissiyasının topladığı aktlar»ın II cildində çap edilmişdir.[4] Həmin çap üzrə də azərbaycancaya çevrilmişdir.

  1. Mahmudov, Yaqub. Azərbaycan — beynəlxalq münasibətlər və diplomatiya tarixi. Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları. Bakı. 2009.
  2. Azərbaycan Tarixi IV cild. Bakı: Elm nəşriyyatı. 2007.
  3. Əliyarlı, Süleyman. Azərbaycan tarixi (Uzaq keçmişdən 1870-ci illərə qədər. Bakı: Azərbaycan nəşriyyatı. 1996.
  4. Aktı, sobrannıe Kavkazskoi Arxeoaqrafiçeskoi Komissiei, t. II. Pod red. A. Bsrjs. Tiflis, 1868, sənəd 1436, s. 702—705

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]