Qarabağlar nekropolu I — Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qarabağlar kəndində Qalacıq yaşayış yerindən şimalda, Orta və Son Tunc dövrünə aid arxeoloji abidə.
Kurqan tipli qəbir abidələri xarakterikdir. Kurqanaltı qəbirlər, əsasən, daş qutulardan ibarət olub, iri sal daşlarla dördkünc formada qurulmuş və eyni formalı daşlarla örtülmüşdür. Tədqiqat işləri nəticəsində çəhrayı və boz rəngdə bişirilmiş gil qab (kasa, küpə, çaydan və s.) qırıqları, tuncdan hazırlanmış bəzək şeyləri və silahlar aşkar olunmuşdur[1].