Qarabağnamə — bəstəkar Firəngiz Əlizadənin operası. Librettonun müəllifi filoloq-alim Nərgiz Paşayevadır. Əsərin premyerası 2007-ci ilin dekabrın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı səhnəsində qoyulub.
Qarabağnamə | |
---|---|
Bəstəkar | |
Librettoçu | Nərgiz Paşayeva |
Dili | Azərbaycan dili |
İlk səhnələşdirmə | 15 dekabr 2007 |
Operanın ideya müəllifi Mstislav Rostropoviç olub. Məhz o, bəstəkar Firəngiz Əlizadəyə Qarabağ münaqişəsi və Azərbaycan xalqının faciəsi haqqında opera yazmağı təklif edir. Rostropoviç operanın ilk tamaşasının dirijorluğunu özü eləmək istəyirdi, ancaq ölüm buna imkan vermədi. Ancaq Firəngiz xanım onun əziz xatirəsinə operanın ilk tamaşasını Rastropoviç adına festivalın keçirildiyi günlərin birinə salır.[1][2]
Əsərin əvvəlində Qarabağ çiçəklənən bir diyar kimi təqdim edilir. Seyid kişinin və Əsli xanımın ailəsi toy tədarükü görür: Arif və onların qızı gözəl Mələk yaxında toyunun olacağı planlanır. Lakin gözlənilmədən pis hadisələr baş verir və bu, Seyid kişinin ailəsindən də yan keçmir. Məlum olur ki, Seyid kişinin öz evində sığınacaq verdiyi, ata-anasını belə tanımadığı uşaq, sən demə, Yad adamın oğlu imiş. Özünü kimsəsiz bir qoca kimi qələmə verən, Seyid kişinin evində sığınacaq istəyən Yad adam isə Mələyin toy günündə düşmənlərlə əlbir olaraq Seyid kişinin kəndini qarət edir. Arif həlak olur, Mələk dağlarda donur, Əsli balaca oğlu ilə qalır. Düşmən uşağı da öldürmək istəsə də, bunu bacarmır.[3]
Mələk və Arifi sonradan "göylərdə qovuşduran" Dərviş obrazı da əsərdə mövcuddur. Ümumilikdə, əsər Qarabağ müharibəsindən bəhs etməkdədir.
Bu tamaşanın quruluşçu rejissorları xalq artisti Cənnət Səlimova və Raymundos Banionisdir.
Tamaşada əsas rolları xalq artisti Qərinə Kərimova (Əsli), əməkdar artistlər Əkrəm Poladov (Seyid kişi), Əvəz Abdullayev (Yad adam), Gülnaz İsmayılova (Mələk), Həsən Enami (Arif) və başqaları ifa edirlər.[3]