Qasım Gül

Qasım Kazım oğlu Gül (31 dekabr 1909, Şamaxı30 may 1972, Bakı) — görkəmli coğrafiyaşünas, Azərbaycanda okeanologiya məktəbinin banisi, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, həm də şturman, kapitan, pedaqoq, elm və təhsil təşkilatçısı, ictimai xadim. 50-dən artıq kitab, monoqrafiyanın müəllifi və həmmüəllifi və yüzlərlə jurnal, qəzet məqaləsinin müəllifi olan Qasım Gül Xəzər dənizinin ekologiyası və balıq ehtiyatlarının ehtiraslı müdafiəçisi kimi də xüsusi nüfuz qazanıb.

Qasım Gül
Qasım Kazım oğlu Gül
Doğum tarixi
Doğum yeri Şamaxı, Azərbaycan
Vəfat tarixi (62 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR
Elm sahələri coğrafiya, okeanologiya
Elmi dərəcələri coğrafiya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü
Elmi adı
Üzvlüyü

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Qasım Gül 31 dekabr 1909-cu ildə Şamaxı şəhərində anadan olmuşdur. Tam adı Ağaqasım Kazım oğlu Güləhmədovdur və ata tərəfindən şəcərəsi Şirvan hakimi olmuş (1792- -1820)) Mustafa xana gedib çıxır.[1] 1918-ci ildə ermənilər tərəfindən xarabaya çevirmiş Şamaxıdan qaçqın düşən Güləhmədovlar ailəsi 1919-cu ildə Bakıya gəlir və balaca Ağaqasım Xəzər dənizçiliyinin yunqa məktəbində (1920–1923) təhsil alır.

1924-cü ildə Ağaqasım Güləhmədov Bakı dəniz texnikumuna daxil olur. Bakı dəniz texnikumunu bitirdikdən sonra o, bir müddət öz doğma dənizçilər məktəbində rəis müavini vəzifəsində işləmiş (artıq Gül soyadı ilə) və Xəzər dənizçiliyinin "Yakov Zevin", "Çiçerin" gəmilərində, "Port Pəhləvi" (İran balığı) paroxodunda, Sovet ticarət donanmasının Qara dənizdəki "Lus" paroxodunda kapitan köməkçisi vəzifəsində üzüb.

1930-cu ildə Gül Leninqrad Dəniz Nəqliyyatı Mühəndisləri İnstitutuna göndərilir və o, bu sahədə respublikamızın yeganə nümayəndəsi olur. Gəmi sürücülüyü üzrə mühəndis-pedaqoq əla diplomu ilə geri dönür və 24 yaşında Bakı dəniz texnikumuna (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası) ilk azərbaycanlı (o zamanlar türk) rəis təyin edilir. Özünün gənc olmasına baxmayaraq qısa müddət ərzində Q.Gül çox böyük uğurlar qazanır, milli dəniz kadrlarının hazırlanması üçün müəssisəsinin tarixində ilk dəfə türk (Azərbaycan) dilində tədris qrupunu yaradır. Doğma dildə dərs vəsaitlərinin olmadığı üçün o, rus dilindən "Naviqasiya", "Dəniz praktikası", "Dəniz astronomiyası" və s. kitabları tərcümə edərək əlyazması şəklində tələbələrə çatdırır. 1936-cı ildə aspiranturaya daxil olan Q.K. Gül Azərbaycan Dövlət Universitetinin coğrafiya kafedrasında dərs deyir, həm də tədris və elmi hissə üzrə prorektor köməkçisi (1938–1941) vəzifələrində çalışıb. Müharibə illərində o, SSRİ Xalq Müdafiə Komitəsinin rabitə kurslarının siyasi rəhbəri olur (1941–1942), yerli sənayeyə rəhbərlik edir, Azərbaycan SSR Balıq sənayesi xalq komitəsinin flaq-şturmanı təyin edilir (1942–1946). O, 1947-ci ildə namizədlik, 1951-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edir, professor adına layiq görülür, fiziki coğrafiya kafedrasının müdiri (1952–1958) vəzifəsinə seçilir, elmi işlər üzrə prorektor (1954–1957) vəzifəsində işləyir. 1957-ci ildən elmi-tədqiqat işlərinə üstünlük verən Q. Gül Azərbaycan EA-nın Coğrafiya İnstitutunun direktoru (1957–1962), Xəzər dənizi Problemləri Sektorunun rəhbəri (1957–1972) kimi fəaliyyət göstərib.

1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

"Professor Gül" bərəsi

SSRİ EA-nın Okeanaqrafiya şöbəsinin Aral-Xəzər bölməsinin və Azərb.EA-nın Xəzər komissiyasının (1953-cü ildən ömrünün sonunadək), eləcə də, Azərb. SSR Coğrafiya Cəmiyyətinin (1958–1970) sədri olmuşdur.[2]

1959-cu ildə Nyu-Yorkda okeanoloqların 1-ci ümumdünya qurultayında və 1960-cı ildə İsveçin Stokholm şəhərlərində keçirilən beynəlxalq konfransda məruzə ilə çıxış etmişdir.

"Şərəf nişanı" ordeni ilə təltif olunmuş və çoxlu sayda diplom, fəxri adlara layiq görülmüşdür. Onun şərəfinə adlandırılmış "Professor Gül" bərəsi 1986-cı ildən Xəzər dənizində işləyir. [3]

Əsas əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Dənizçinin terminlər lüğəti (Azərbaycanca-rusca). Bakı, 1942;
  • Пути использования водных ресурсов Азербайджанской ССР в сельском хозяйстве" на азербайджанском языке. Баку, 1954;
  • Гидрология районов морских нефтяных месторождений Западного побережья Каспийского моря. Баку, 1955;
  • Каспийское море. Баку, 1956;
  • Режим волнения, динамика берегов и дна моря у Западного побережья Каспия. Баку, 1956;
  • Справочник для судоводителя Каспийского моря, 1957;
  • Антарктика. Баку, 1958;
  • Путеводитель по Каспию. Баку, 1959;
  • Природа Дагестана. Баку, 1959;
  • Dağıstan MSSR-in coğrafiyası, Bakı, 1959;
  • Meteorologiya və iqlimşünaslıq. Bakı, 1960;
  • Meteoroloji cihazlar və onlarla müşahidə üsulları;
  • Толковый словарь географических названий Азербайджанской ССР. Баку, 1960 (в соавторстве);
  • Каспийское море. София, 1961 (совм. с К.П.Тилевым);
  • Южное (Иранское) побережье Каспия. Баку, 1962;
  • Xəzər dənizi Kirov körfəzinin coğrafiyası. Bakı, 1967;
  • Проблема Каспия.;
  • Каспийское море. Реферативный сборник. Баку, 1970 (в соавторстве);
  • Библиографический аннотированный справочник по Каспийскому морю. Баку, 1970 (в соавторстве).
  • Физическая география (для 7–8 классов средней школы);
  • Fiziki coğrafiya (orta məktəbin 7–8-ci sinifləri üçün);
  • Физические процессы в Каспийском море в связи с колебаниями его уровня. Баку, 1971 (в соавторстве).
  1. A.Q.Gül, E.Q.Gül-Nəcəfova. Dənizə həsr olunmuş həyat. Bakı: AFPoliqrAF, 2011
  2. Azərbaycan Sovet Ensiklopediyası. VI cild, Bakı, 1982
  3. А.К.Гюль, Э.К.Гюль-Наджафова. Жизнь посвященная морю, Баку: AFPoliqrAF, 2011