Qautama

Budda (sanskr. बुद्ध, q.türk Burxan) — "Budda" sözü, Sanskrit dilində "oyanmaq, idrak etmək, başa düşmək" mənasını verən "budh" feilinin keçmiş zaman tipi olub, "oyanmış, idrak etmiş, bilinclənmiş" anlamına gəlir. Hind dilində "budda" sözü "nurlu" deməkdir. Qautama Budda, tarixdə "budda" sözcüyünü özünə görə də, ona inanan və bir yol göstərici olmadan özündən oyanan hər kəs üçün də işlətmişdir. Buddizmdə "budda" anlayışı ilə ifadə edilən şəxsin ruhunun saflıq, məsumluq və mükəmməlliyinin gücünə, öz-özünə çatması və beləliklə daha əvvəl ortaya çıxarmadığı aydın (mükəmməl) bilgəliyə çatmış (Prajna), habelə şəfqət və mərhəmətdən uzaq sonsuz həyatı sərhədsizcə inkişaf etdirməkdir.

Buddanın Hindistanda abidəsi

49 günlük imtahan

[redaktə | mənbəni redaktə et]

Şahzadə Siddhartanın evdən çıxmasından tam 6 il keçirdi. 6 il boyunca Şakuya qəbiləsinin vəlihəd şahzadəsi sərgərdan gəzib özünüdərkə yetmək istəyirdi. Bunun üçün 4 müəllimdən dərs almışdı. Amma yaranışın dərkini anlaya bilmədiyi üçün müəllimlərindən ayrılıb 5 dostu ilə aclıq və məhrumiyyətlərlə bədənini öldürməyə və ruhunu dirçəltməyə qərar vermişdi. Lakin bütün məhrumiyyətlərə dözmələrinə baxmayaraq, onların ruhu işıqlanmamış və özlərini dərk edə bilməmişdilər. Onlar sadəcə yorulmuş və bədənləri gücdən düşmüşdü. O zaman şahzadə Siddharta ölümün tam astanasında dostlarından ayrılıb Qaya meşəsinə üz tutdu. Meşəyə girərkən yaxınlıqdakı kənddən olan qadın onu gördü və darmadağın görkəmindən onu meşənin ruhu zənn etdi. Qadın əlindəki süd bardağını ona uzatdı. Şahzadə Siddharta süddən içdikdən sonra yaxınlıqdakı ağaca doğru süründü. Burda özünə söz verdi. Ya bu ağacın altında öləcək, ya da haqqı dərk edib əbədiyyətə qovuşacaqdı.

Şahzadə 49 gün ağacın altında trans vəziyyətində tərpənmədən durdu. 49 gecə, ayın bədrləndiyi və Siddhartanın 35 yaşının tam dolduğu gecə ona haqqın nuru yetişdi. Şahzadə bir anda hər şeyi anlayıb qəflət yuxusundan ayıldı və «Dörd Alicənab Həqiqət»in sirlərinə vaqif oldu.

Budda ( «Oyanmış» mənasını verir) daha bir neçə gün trans vəziyyətində qaldı. O əmin deyildi ki, içləri paxıllıqla, yalanla, nifrətlə və tamahla dolu olan insanlar bu həqiqətlərə layiqdirlər. Ona görə də haqqı insanlara çatdırmaqla bağlı onun içində böyük şübhələr vardı. Ancaq sonunda o, həqiqəti insanlara söyləməyi və onların müəllimi olmağa qərar verdi. O daha 45 il yaşayacaq və insanlara həyatın sirrini anladacaqdı.

Hər kəsdən gizlədilən şahzadə

[redaktə | mənbəni redaktə et]

Rəvayətə görə gələcək Buddanın anası o doğulduqdan bir həftə sonra dünyasını dəyişib. Atası Raca Şuddhodan Şakuya qəbiləsinin şahıydı. Uşaq anasının bətninə düşən gecə Maha Mayya yuxusunda 6 dişli bir ağ filin onun bətninə girdiyini görür. Yuxunu yozan brahmanlar bildirirlər ki, kraliça ya dünyanı fəth edəcək bir qəhrəman, ya da böyük kahin doğacaq. Uşaq doğulduqdan sonra onu yoxlayan brahmanlar öncəgörmənin doğru olduğunu bir daha təsdiq etdilər. Onlar körpənin bədənində seçilmiş olduğunu isbatlayan 32 əlamət tapmışdılar.

Oğlunun bir kahin deyil, bir qəhrəman olmasını istəyən Raca Şuddhodan onu ətraf cəmiyyətdən gizlətməyə qərar verir. Şahzadə üçün üç saray tikilir. Ona ən yaxşı döyüş ustaları dərs keçirlər. Onun ürəyi istədiyi hər şeylə istədiyi qədər təmin olunur. Heç bir şeydən ehtiyacı olmayan şahzadə 16 yaşında evləndirilir. Şahzadəyə 4000 qulluqçu xidmət edir. Buna baxmayaraq saray həyatı Siddhartanı bezdirir. O, mükəmməl döyüşçü olsa da, döyüş sənətinə həvəs göstərmir. Şahzadə özünü dərk etməyə cəhd edir. Bir gün ona saraydan çıxmaq nəsib olur.

Şahzadə sevimli qulluqçusu və cəng arabasının sürücüsü Çanna ilə həyatında ilk dəfə saray xaricinə çıxarkən ilk rastlaşdığı dörd hadisə onun bütün həyatını dəyişir. Siddhartanın ilk gördüyü bir dilənçi olur. Sonra bir xəstə ilə rastlaşır. Bir qədər küçəylə getdikdən sonra isə ayağı bir meyitə ilişir. Və nəhayət Siddharta bir zahidlə rastlaşır. Və Siddharta başa düşür ki, onun atasının hakimiyyəti, var-dövləti onu həyatın ehtiyaclarından, dəhşətli əzablarından, xəstəliklərdən və nəhayət ölümdən qoruya bilməz.

Və şahzadə elə oradaca həyatın sirrinə çatmağa qərar verir. Sevimli dostu Çannanı evə göndərib yola düzəlir. Onu heyrətə gətirən isə bu qədər dəhşətli bir həyatın içində öz yoluyla sakitcə gedən kahin olur. Zahidin arxasınca yola düzələn şahzadə Siddharta dəbdəbəli sarayları, arvadlarını və uşaqlarını birdəfəlik buraxır. Artıq onun tək hədəfi həyatın sirrini öyrənmək və özünü dərk etməkdi.

Onun 29 yaşı vardı və 29 il əvvəl brahmanların söylədikləri öncəgörmə özünü isbatlayırdı. Siddharta Böyük Səfərə çıxmışdı.

6 illik axtarış

[redaktə | mənbəni redaktə et]

Şahzadə Siddharta öz tərki-dünya həyatını küçələrdə dilənməklə başlayır. Maqadha ölkəsinin şahı Bimbisar onun haqqında eşidib saraya dəvət edir və öz tacını təklif edir. Amma Siddhartanın hədəfi heç də taxt-tac deyil. O şaha söz verir ki, həyatın sirrini tapdıqdan sonra mütləq qayıdacaq və sirri şahla paylaşacaq.

Maqadhadan ayrılan Siddharta iki brahman zahiddən yoqa elmini öyrənir. Meditasiyanı tam olaraq öyrəndikdən sonra brahmanlar onlarla qalmağı təkid etsələr də, Siddharta ustadlarından ayrılır. Yolda böyük brahman Kalama ilə rastlaşır. Bir müddət ustaddan dərs aldıqdan sonra anlayır ki, istədiyini tapa bilmir. Sonra böyük müəllim Udaka Ramaputaya qoşulur. Bir müddətdən sonra ondan da ayrılıb yenidən yola qoyulur. Siddharta özünü axtarır, amma heç bir ustad ona özünə gedən yolu göstərə bilmir.

Dərbədər zahid cənub-şərqi Hindistana doğru yol alır. Orda brahman Kondananın yanına gəlir. Brahman Kondana 4 dostu ilə birlikdə bədənini aclıqla və başqa məhrumiyyətlərlə öldürməklə «nura» qərq olmağa çalışır. Bir müddət sərgərdanlarla dolaşan Siddharta ölüm həddinə çatır. O, artıq bədənini belə idarə edə bilmir və ruh kimi dolaşır. Siddharta başa düşür ki, bu yolla o, həyatın sirrini öyrənə bilməyəcək və özünü dərk etməyəcək.

6 illik sərgərdan həyatından sonra Şakuyalı şahzadə anlayır ki, bu yolla ancaq özünü öldürə bilər, amma həyatın sirrini öyrənə bilməz. Fikirlərini dostları və Kondana ilə paylaşır. Dostları onun doğru yoldan sapdığını düşünürlər və Siddhartanı az qala ölüm ayağında buraxıb gedirlər.

Yorulmuş və əldən düşmüş Siddharta ölmək üçün zorla yaxınlıqdakı meşəyə doğru irəliləyir. Meşəyə girər-girməz əlində süd bardağı tutan kəndli qadınla rastlaşır və şakuyalı şahzadəni meşənin ruhu zənn edən kəndli qadın onu südlə doyuzdurur. Siddharta yaxınlıqdakı ağaca doğru sürünür və bu ağacın altında oturub trans vəziyyətinə düşür.

İki aydan sonra o burdan ayrılacaq və artıq hər kəsə özünü Budda Şakyamuni olaraq tanıdacaqdı. Onun sözləri hər kəsi ovsunlayacaq və heç kim bir insan oğlunun bu qədər sakin, bu qədər məntiqli və bu qədər müdrik ola biləcəyinə inanmayacaqdı. İnsanlara görə Tanrı göydən enmiş və şahuyalı şahzadənin bədəninə girmişdi…

«4 alicənab həqiqət»

[redaktə | mənbəni redaktə et]

Buddanın ilk şagirdləri yolda rastlaşdığı iki tacir oldu. Budda onlara iki sual verdi və tacirlər mallarını atıb onun arxasınca düşdülər. Bir neçə ay içində onun şagirdlərinin sayı 1000-i ötmüşdü və Budda yol gedə-gedə onlara təlim keçirdi.

Buddanın təlimi mükəmməl və mükəmməl olduğu qədər də mürəkkəb bir sistem idi. Bu sistemin doğurdanmı onun özü tərəfindən yaradıldığı və yaxud da ondan sonra gələn məktəblərdə yaradıldığı barədə heç bir şey demək mümkün deyil. Çünki Buddanın öz zamanında ona aid edilən bilgilərin toplandığı «Dhammapada» yazılmayıb.

Eynən İsa Məsihdə olduğu kimi, Budda öldükdən sonra, onun şagirdləri (arhatlar) ustadın kəlamlarını palma yarpaqlarına yazıblar. Sonradan bu əlyazmaların nə qədər dəyişikliyə uğradığını təyin etmək imkansızdır. Amma hər bir Böyük Ustadın insanlara gətirdiyi həqiqətin mahiyyətinin dəyişmədiyi bəllidi. Kimlərsə, həmin həqiqətləri sistem halına salıb mükəmməlləşdirə bilər, ancaq böyük insanların yandırdıqları məşəllər öz mahiyyətlərini qoruyub saxlayırlar.

Budda özünə qədər heç kimin bilmədiklərini insanlara gətirmişdi, ya da heç kimin öz iradəsi ilə qazana bilmədiyi bir şeyləri qazanmışdı ki, bu da mükəmməl özünüdərk sistemi idi. Bu sistemdə insanın qəflət yuxusundan ayılması üçün özünü dərk etməsi və «böyük oyanışa» (nirvana) çatması lazım idi.

Bunun üçün heç bir şey gərəkmirdi. İnsan sadəcə öz mahiyyətini dərk edib, həmin mahiyyətə qovuşmalıydı. Bu heç də asan deyildi. Çünki söhbət insanın vücudunda yatan ruhu oyatmaqdan və bundan sonra ruhən yaşamaqdan gedirdi.

Buddanın asketik təlimi o qədər mükəmməl idi ki, orta əsrlərdə, daha doğrusu 8-ci əsrdən 15-ci əsrə qədər davam edən islam renessansı məhz Buddanın özünüdərketmə təlimi üzərində təşəkkül tapdı. Həmin dövrdə bütün islam dünyasını bürüyən sufizmin qədim Hindistandan boy alan Buddizim fəlsəfəsindən heç bir şeylə fərqlənmirdi.

Budda təlimi 4 əsas sütun üzərində təşəkkül tapırdı və Budda bu sütunları «4 alicənab həqiqət» adlandırırdı. Bu dörd pilləni keçə bilən insan məhz azadlığına qovuşur və Budda (oyanmış) olur. Buddizmə görə insanı azadlıqdan məhrum edən əsas şey şəxsiyyətin özünü Bütöv Harmoniyanın bir parçası olaraq hiss etməməsidir.

Məhz özünüdərk (nirvana) hər bir şəxsin özünü Bütöv Harmoniyanın bir hissəsi olaraq hiss etməsidir. Bunun üçün insana heç kim kömək edə bilməz. İnsan özü yalançı və materialist görüntülərdən azad olmalıdır. Bunun üçün ona yol göstərmək olar, amma hər bir şəxs özünüdərkə özü çatmalıdır. Rəvayətə görə və Buddizm təliminin iddiasına görə bu mərtəbəyə yetişən Budda heyvanların, bitkilərin, hətta daşların və suyun dilini bilirdi.

O, «Oyanmış» olaraq Böyük Harmoniyanın bir hissəsi idi. Budda «mən»i yox edin dedikdə, heç də bir çoxlarının iddia etdiyi kimi insanın mahiyyətini yox etməyə çağırmır, əksinə, ruhu və vücudu iztirablardan qurtarmaq üçün hər kəsdən öz «mən»ini Böyük Harmoniyada birləşdirməyə çağırır.

Məlumdur ki, orta əsrlər islam renessansının yaradıcısı olan sufizmin də məhz 4 əsas sütunu var və sufilərin bu ruhu təkamül yolu demək olar ki, Buddanın ruhu təkamül yolundan heç bir şeylə fərqlənmir.

Lakin bu hələ hamısı deyil. Sırf tayfa inanc dini olan və öz mahiyyətində çox az sosial dəyərlər daşıyan yəhudilikdən fərqli olaraq, xristian və islam dinləri buddizmdən çox şeyi əxz etmişdilər. Təsadüfi deyil ki, İsa Məsihin Tibetə getməsi və orda başını qırxdıraraq Budda geyimində məbədlərdə moizələr oxuması haqqında rəvayətlər bu günümüzə qədər dolaşmaqdadır.

Şakuyalı şahzadə brahmanizmi darmadağın edir

[redaktə | mənbəni redaktə et]

Buddanın yeni təlimi uzun əsrlər boyu Hindistanda formalaşmış və hind insanının ruhuna hopmuş brahmanizmin təməl prinsiplərinə ziddir. Brahmanizm hər şeydən əvvəl insanları siniflərə ayırır, onları kastalara bölərək idarə edirdi. Hətta bu gün belə əminliklə söyləmək olar ki, hindu dininə tapınan hindlilər üçün kasta anlayışı özünüdərk anlayışı idi. Lakin bu şəxsiyyəti və insanı alçaldan və onu sosial zümrələrə ayıran bir özünüdərk anlayışı idi ki, bu anlayış ancaq qul psixologiyası yaradırdı.

Bu anlayışa görə hindu cəmiyyətində ən yüksək kastaya məhz ruhani sinif, brahmanlar aiddir. Brahmanllar fiziki işlərlə məşğul ola bilməzdilər. Ancaq onların qadınları ev işləri görə bilərdilər. Onların bütün ehtiyaclarını isə digər kastaların üzvləri yerinə yetirməliydilər. Brahmanlar ancaq öz zümrələrindən evlənə bilərdilər.

İkinci sırada kşatrilər dayanırlar. Bu zümrəyə ancaq şahlar, dövlət qulluqçuları və döyüşçülər aid olunurlar. Onların vəzifəsi dövlətdə və orduda vəzifə almaq və torpaqları qorumaqdır. Bu kastada kişilər aşağı kastanın qadınları ilə evlənə bilsələr də, qadınlar heç bir vəchlə digər kastaların kişilərinə ərə gedə bilməzdilər.

Üçüncü zümrəyə vayşilər deyilir. Bu kastaya ticarətlə və maliyyə işləri ilə məşğul olanlar aiddilər.

Dördüncü kasta isə şudra adlanır və bu zümrədə kəndlilər toplanıb. Həmçinin bu kastaya bir çox fiziki əməklə məşğul olan insanlar — dəmirçilər, sənətçilər, bərbərlər və s. sənət sahibləri məxsusdur.

Və nəhayət hind cəmiyyətinin tamamilə özündən kənarlaşdırdığı «toxunulmazlar» kastası. Bu zümrəyə dilənçilər, fahişələr, qəssablar, küçə süpürənlər və s. qara işləri görən insanlar daxildi. Digər kastaların üzvlərinin sonuncu kastanın nümayəndələri ilə təması günah hesab olunur. Onlara ümumi su quyularından istifadə etmək və digər zümrələrin nümayəndələrinin evlərinə daxil olmaq yasaqdı. Çünki «toxunulmazlar» haram və murdar insanlar hesab olunurdu.

Budda məhz brahmanizmin bu dəhşətli sosial bərabərsizliyini ortadan qaldırmaq üçün 6 il boyunca sərgərdan dolaşmış və özünü hər cür məhrumiyyətlərə düçar etmişdi. Sonunda o, doğru yolu tapmışdı. Buddanın təlimində sosial zümrələr və siniflər yoxdu. Buddanın özünüdərk təlimində xeyirxahlıq birinci və əsas mahiyyətdi. Bu mahiyyətə görə insan İsa Məsihin dediyi kimi öz yaxınına deyil, hər kəsə qarşı xeyirxah olmalıydı. Heç kimə pislik arzulamaq olmazdı. Heç kimin bədbəxtliyinə sevinmək olmazdı.

Budda hər kəsi bərabər görürdü. Ancaq insanlar azad deyildilər. Azad olmaq üçünsə, özünüdərkə yetməli və qəflətdən ayılmalıydılar. Buddanın təliminin əsas mahiyyəti də əslində elə beləydi: «Hər kəs xeyirxah olacaq və özünüdərk yolu ilə özünü xilas edəcək».

Mistik kommunizmin əcdadı

[redaktə | mənbəni redaktə et]

Budda mülkiyyəti rədd edirdi. Lakin o bunun əvəzinə heç bir alternativ irəli sürmürdü. Çünki özünü dərk edən insan üçün heç bir həyat nemətinin anlamı yox idi. Buddanın təliminə görə hər şey ancaq özünüdərklə gələcək və hər bir şəxs özünü xilas etdikdən sonra insan və həyat iztirablardan qurtaracaqdı.

Buddanın irəli sürdüyü bu ideyalar özlüyündə brahmanizmin təməlini dağıdır və sosial bərabərsizliyə, həmçinin insan iztirablarına son verəcək yolu göstərirdi. Brahman olsa belə, özünü dərk etdikdən, «nirvanaya» yetişdikdən sonra, hətta brahmanlar belə kastaların varlığını rədd edəcəkdi.

Əslində Buddanın ideyalarının qalib gəlməsi hələ onun zamanında brahmanizmin ciddi böhran keçirməsi ilə əlaqədardı. Heç bir vahid təmələ malik olmayan köhnə Riqveda himnləri insanlar üçün heç bir mahiyyət kəsb etmirdi. Kahinlərin sonsuz hakimiyyəti fiziki işlə məşğul olan insanların həyat şəraitini dözülməz vəziyyətə gətirmişdi.

Bunun müqabilində Budda heç bir inqilab vəd etmirdi. O heç kimin hüquqlarını belə müdafiəyə qalxmırdı. O yalnız bir şeyi istəyirdi. İnsan kamillik yoluna qədəm qoyaraq qəflətdən ayılmalıydı. Hər kəs özünü xilas etməli.

Buddanın bütün heykəllərinin cizgilərindəki sakitlik və hüzur adamı heyrətə gətirir. Onun çağırışlarının heç birində azacıq da olsa üsyan notları eşidilmir.

Bir dəfə şagirdlərindən biri soruşur:

— Əgər biri bizi vurarsa nə edək?

Budda cavab verir:

— Əgər sənin başına ağacın qurumuş budağı düşsə nə edərsən?

— Heç nə. Bu adi təsadüfdü.

— O zaman biri səni vuracaqsa, eyni cür qəbul elə. Kimsə əsəbiləşib səni vuracaqsa, buna görə narahat olmağa dəyməz. Sən sadəcə öz yolunla get. Elə bil ki, heç bir şey olmayıb.

Budda irəli sürdüyü ideya ilə mistik kommunizmin banisi idi. O heç bir halda insanlar arasında qeyri-bərabərliyi qəbul etmirdi. Ona görə bütün insanlar bərabərdilər və eyni sosial mahiyyət daşıyırlar. Cəmiyyətin tək problemi insanların qəflət içində olmasıdır.

Tanrısı olmayan din

[redaktə | mənbəni redaktə et]

Qəribədir ki, Buddanın təlimində Tanrının özü belə yoxdu. O heç bir moizəsində Tanrıdan bəhs etmirdi.

Rəvayətə görə bir dəfə səhər tezdən birisi ondan Tanrının olub olmadığını soruşur. Budda sakitcə:

— Tanrı yoxdur, heç vaxt da olmayıb. Belə axmaq fikirləri başından çıxar, deyir.

Günorta bir başqası yaxınlaşıb soruşur:

— Tanrı varmı?

Budda cavab verir:

— Tanrı var, həmişə də olub. Axtar tapacaqsan.

Axşam bir başqası yaxınlaşıb eyni sualı verir. Budda təmkinlə adamdan yanında oturmasını xahiş edir. Hər ikisi gözlərini yumur və susurlar. Bir neçə saatdan sonra o şəxs Buddaya təşəkkür edib gedir.

Şagirdlərindən biri Buddaya yaxınlaşıb heç bir şey anlamadığını bildirir. Onda Budda deyir:

— Birinci şəxs Tanrıya inanırdı. Sadəcə öz inancını təsdiq etdirmək istəyirdi. Ancaq bütün inanclarda səhvlər var. İkinci şəxs Tanrıya inanmırdı. O da öz inancının təsdiqini istəyirdi. Üçüncü şəxs isə Tanrını axtarırdı. O istəyirdi ki, mən ona Tanrını anladım. Mən isə sadəcə ondan yanımda oturmasını xahiş etdim. Və heç bir şey baş vermədi.

Budda Tanrıya inanırdı. Tanrının var olduğunu da hər kəsdən yaxşı bilirdi. Amma o heç kimə Tanrını nişan verib göstərmirdi. Heç kimə də Tanrının adından vədlər vermirdi. O hansısa möcüzə ilə də özünü isbatlamağa cəhd etmirdi. O sadəcə Tanrıya gedən yolu göstərirdi. Kimin bu yolu gedib getməməsi isə şəxsin özündən asılıdı.

Əslində bu prinsip qanunauyğunluqdu. Tanrı hər kəsi faili-muxtar yaratdığı üçün seçmək imkanını da elə insanın özünə vermişdi. İnsanın bütün iztirabları da məhz seçmək imkanlarına sahib olmasından yaranırdı. Amma ədalətli olanda bu idi. Ona görə də Budda heç kimə Tanrını nişan vermir və onun adından yararlanmırdı. Hər kəs Tanrını özü tapmalı və ona qovuşmalıydı. Kamil insan Budda belə anlayırdı.

Budda 45 il şagirdlərinə təlim keçdi. Ölümünə az qalmış onların sayı minlərlə idi. Ölümünü elan etdiyi gün 80 yaşını tamamlamışdı. Günorta Ustad şagirdlərini ətrafına toplayıb öləcəyini elan etmiş və yemək istəmişdi. Sevimli şagirdlərindən olan dəmirçi Kunda ona meşədən topladığı göbələkləri gətirir (Başqa bir rəvayətə görə donuz əti).

Buddanın yediyi son yeməkdən zəhərlənərək öldüyü bildirilir. Bu zaman Kundanın hıçqıra-hıçqıra ağladığını görən Budda deyir: «Sən mənə son xidmətini göstərdin. Baş verənlər səninlə əlaqəli deyil».

Sonra Ustad üzünü şagirdlərinə tutub son sözünü deyir: «Mənim sizə söylədiklərimə inanmayın, amma söylədiyim hər şeyi özünüz təcrübədən keçirin. Özünüz öz yolunuza işıq saçın. Bütün gücünüzlə özünüzü azad etməyə cəhd edin». Həmçinin Budda şagirdlərinə liderin arxasınca deyil, təlimin arxasınca getməyi vəsiyyət edir.

Rəvayətə görə Budda ölərkən 80 yaşının olmasına baxmayaraq, heç də qocalmayıb. Bütün sifət cizgiləri və fiziki görünüşü 35 yaşındakı formasını qoruyub saxlayıb. Buddanın heç bir zaman xəstələnmədiyi və «oyandıqdan» sonra heç bir halda fiziki ağrı yaşamadığı da iddia olunur.

Ölməmişdən əvvəl Budda atasının ölüm yatağında olduğunu eşidib onun ziyarətinə gedir. Atası son nəfəsində oğluna beyət edir. Daha əvvəl isə, o, sərgərdanlıq dönəmində söz verdiyi kimi Maqadxa ölkəsinin şahı Bimbisarı ziyarət edir. Bimbasar onun dinini qəbul edir və dağda Budda və şagirdləri üçün məbəd inşa etdirir. Atasının ziyarətindən sonra oğlu da Buddaya qoşulur və onun şagirdlərindən biri olur.

Ölümündən sonra şagirdləri onun bədənini 8 hissəyə ayırırlar. Həmin hissələri müxtəlif yerlərə aparır və xüsusi tikilmiş məbədlərdə qoruyurlar. Bəzi iddialara görə Buddanın bəzi bədən hissələrinin qorunduğu yerlər günümüzə qədər çatıb. Misal üçün iddia olunur ki, Şri-Lankada bir məbəddə Buddanın çənəsi saxlanılır.

Buddistlər inanırlar ki, Budda ölməyib. O sadəcə bədən dəyişir və bütün zamanlarda yaşayır.

Buddizm heç də göründüyü kimi bütpərəst bir din deyil. Sağlığında Budda öz təlimini, heç din olaraq da təqdim etməyib. O sadəcə insanlara azad olmanın yolunu göstərirdi. O heç bir moizəsində Tanrıdan bəhs etməyib. Axtaran insan Tanrını özü tapmalıydı. Tanrının necəliyi isə yalnız «oyanmışa» bəlli ola bilər. Sonradan onun bütlərinin yüksəldilməsi və onun Tanrı elan edilməsi təbii ki, Buddanın təlimi ilə yaxından-uzaqdan əlaqəli belə deyildi.

Budda özünü xilas etmişdi. Qəflət yuxusunda olanlar isə zənn etdilər ki, Buddanın heykəlinə tapınmaqla özlərini xilas edə bilərlər. Əslində bu xüsusiyyət bütün dinlərdə və inanclarda özünü əks etdirir. Ağlama divarından kömək uman yəhudi ilə, ikonalardan və Məsihin obrazından xilas uman xristianlarla, pirlərdən kömək diləyən müsəlmanlarla, Buddanın heykəlinə təzim edən buddistlər arasında faktiki olaraq heç bir fərq yoxdur.

Budda tarixdə ilk dəfə insanlar arasında sosial bərabərlik anlayışını gətirdi. Onun təqdim etdiyi sosial bərabərlik və azadlıq hər nə qədər mistik idisə də, bir o qədər də idealdı. Mülkiyyət hüquqnu rədd edən Buddanın təlimində inqilab anlayışı yoxdu. O sülh və hüzur təlim edirdi. Bu hüzurun içində özünü dərk etmiş insan Böyük Harmoniyaya qovuşurdu. Bütün məsələ bundan ibarətdir.

Budda həmçinin özündən sonra gələn səmavi dinlərin mənəvi və ideoloji əcdadıdır. İsa Məsihin və Məhəmməd peyğəmbərin insanlara gətirdikləri xilas yolu, Buddanın gətirdiyi xilas yolunun təkmilləşdirilmiş forması idi. Yəni İsa Məsih Buddanın mistik xilas yolunu daha realist inqilabi ideyalarla zənginləşdirdi və Məhəmməd peyğəmbər bu inqilabı gerçəkləşdirən şəxs oldu.

Qərb fəlsəfəsi özünüdərki (nirvana) həmişə bir boşluq, «yoxluq» kimi təsəvvür edib. Qərblinin təsəvvüründə özünüdərk olmayan bir şeyi axtarmaqdır. Ona görə də qərbli hər zaman iliyinə qədər realist və materialist olaraq qaldı. Xristian dini bu günə qədər, hələ ki, İsa Məsihin asketik və mistik təlimini tam olaraq həzm edə və qəbul edə bilmir. Bütün hallarda xristianlıq materializm üzərində inkişaf etdirilib və bu xüsusiyyət Qərb dünyasının hegemoniyasının əsasını təşkil edir. Qərb üçün təsəvvüf və ürfan bir elm deyil, sonu görünməyən bir boşluqdur ki, hər zaman mistik ideyalara tapınan Şərq məhz bu boşluqda çabalamaqdadır.