Qaytarqoca silsiləsi — Böyük Qafqazın Azərbaycan Respublikası ərazisində dağ silsiləsi. Baş Qafqaz silsiləsi ilə Yan silsilə arasındadır. Tufan dağı yaxınlığından Dübrar dağının şimal-qərbinə qədər uzanır. Yura və Tabaşirin qumdaşı, əhəngdaşı və gilli şistlərindən təşkil olunmuşdur. Bəzi zirvələrin (Qocadərəbaşı, Kiryaqanıt və s.) hündürlüyü 3000 m-dən artıqdır. Qudyalçay, Qaraçay, Vəlvələçay və s. çayların dərəsilə kəsilmişdir. Alp və subalp çəmənləri ilə örtülüdür. Yay otlağı kimi istifadə olunur.