Qiyasəddin Məhəmməd (v. 3 may 1336) — Elxanilər dövlətinin vəziri, Fəzlullah Rəşidəddinin oğlu.
Qiyasəddin Məhəmməd | |
---|---|
fars. غياث الدين محمد | |
Elxanilər dövlətinin vəziri | |
1327 – 1336 | |
Monarx | Sultan Əbu Səid Bahadur xan |
Əvvəlki | Nəsrəddin Adil |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Fəaliyyəti | siyasətçi |
Atası | Fəzlullah Rəşidəddin |
Dini | islam |
1327-ci ildə Əbu Səid tərəfindən vəzirliyə gətirilmişdi. Mənbələrdə Bağdadda kilsələri sökməsi və Hənəfiliyi bərpa etməsi ilə xatırlanmışdır.[1] Məmlüklər ilə sülh müqaviləsini imzalamışdır. Aqrar təsərrüfatın inkişafına şərait yaratmış, Xorasanda rüşvətxorluq hallarını aradan qaldırmışdır.
Onun fəaliyyəti əmirlər tərəfindən bəyənilmirdi. 1328-ci ilin iyulunda Əmir Əli Padşah Oyrot ona qarşı Sultaniyə tərəfdən hücuma keçsə də, bu üsyan yatırıldı. 1329-cu ildə Narın Tağayın üsyanı da yatırıldı və sərkərdə edam olundu. 1334-cü ildə Mahmudşah İncunun üsyanının aqibəti də eyni oldu.
1336-cı ildə Əbu Səidin ölümündən sonra Mahmudşah İncu ilə birlikdə hərəkət edərək taxta Arpa xanı çıxardı. Həmdullah Qəzvini yazır ki, "bu dövrdə ölkədə çoxdan gözlənilən fitnə baş qaldırmışdı, dövlət əyanlarının hər birinin iddiası var idi, hər kəs öz nümayəndəsini səltənətə sahib etmək niyyətində idi". Əbu Səidi əvəz etmiş Arpa xanın mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün gördüyü tədbirlər nəticəsiz qaldı. Əmir Əli Padşahın başçılığı ilə mərkəzi hakimiyyətə qarşı çıxmış Oyrat tayfası Arpa xanı hakimiyyətdən məhrum etdi və Musa xan padşah elan olundu. Qiyasəddin Məhəmməd 1336-cı ildə Əli Padşahın xəbəri olmadan edam edildi. Mülkü müsadirə olundu.[2]