Qoçu Nəcəfqulu

Qoçu Nəcəfqulu (v. 29 may 1920) — Bakı qoçusu. Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" operettasında yaratdığı Qoçu Nəcəfqulunun prototipi.[1][2]

Qoçu Nəcəfqulu
Nəcəfqulu Rzaqulu oğlu
Vəfat tarixi 29 may 1920(1920-05-29)
Tanınır Bakı Qoçusu

1918-ci ildə ermənilər Bakıya hücum edən zaman öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb.[3] Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi.

Bakı tarixində bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnmişdi.[4]

Özü ilə gəzdirdiyi keçisi olub. Keçini çəpişlik vaxtından bəsləyib. Məşhur "O olmasın, bu olsun" filmindəki həmin ağ keçidir. Qoçunun nəvəsi bildirir ki, filmdə rejissor təxəyyülünün məhsulu var:

" Keçinin olması faktı həqiqətdir, amma babam o qədər cılız adam olmayıb ki, keçiyə görə həmin satıcını vursun, alçaltsın. Elə hallarda babam həmişə sahibkara dəyən ziyanı ödəyib, keçini oradan uzaqlaşdırarmış. Həmin keçi daha çox qonum-qonşunu incidirmiş. "

[5]

Həbsi və güllələnməsi

[redaktə | mənbəni redaktə et]

1920-ci ildə 12 məşhur Bakı qoçusu həbs olunaraq, Bayıl türməsinə gətirilir. Sonradan onlara daha yeddi nəfər də əlavə olunur. 1920-ci il 20 mayda Mayılov Teatrında (indiki M. F. Axundov adına Opera və Balet Teatrı) işinə başlamış bu məhkəmə prosesinə 19 nəfər müttəhim cəlb edilmişdi. Bu prosesdə "İnqilabi tribunalın" sədri Teymur Əliyev, ittihamçı prokuror isə ədliyyə komissarı Əliheydər Qarayev idi.[6]

Cəmi bir həftə, 28 maya qədər davam edən bu məhkəmə prosesi ittiham olunanların 15-i haqqında ölüm hökmü, 3-ü barədə müxtəlif müddətli həbs cəzası və birinin azadlığa buraxılması ilə yekunlaşır. Adı ölümə məhkum olanların arasında olan Qoçu Nəcəfqulu son sözündə Bakıda müxtəlif cinayətlər törətdiyini səmimi etiraf edir:

" Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsinin iştirakçısı olmuşam, bizə hücum edən erməniləri öldürmüş, bir sıra başqa cinayətlər törətmişəm. Əgər siz məni bu işlərimə görə mühakimə etsəydiniz, sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramovu tanımışam, nə də onun öldürülməsində iştirak etmişəm. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi? "

28 may 1920-ci ildə hökm İnqilab Komitəsinin sədr müavini Mirzə Davud Hüseynov tərəfindən təsdiq olunur və 29-na keçən gecə saat 02:30-da hər iki tribunalın üzvü Zeynal Dadaşovun və Bakı şəhərinin komendantı Mazurovun iştirakı ilə icra edilir.[6]

Mart soyqırımı

[redaktə | mənbəni redaktə et]

Erməni və rus birləşmiş qoşunlarının hücumunun qarşısı Qoçu Nəcəfqulunun rəhbərliyi ilə yaradılmış "Məştağa dəstəsi" tərəfindən Maştağanın yaxınlığında yerləşən körpüdən bir qədər aşağıda, Zabrat yolunda alınıb. Qafqaz İslam Ordusu Bakı kəndlərinə daxil olduqdan sonra dəstə, silahlı heyətini genişləndirərək "Maştağa qarnizonu" adını alıb və Bakı üzərinə həlledici hücum zamanı bu qarnizon böyük rəşadət göstərib. Nuru Paşa, Qoçu Nəcəfqulunu göstərdiyi igidliklərə görə ordenlə təltif edib.[7][8]

  1. Nailə Rzyeva, Tamilla Rüstəmova. Qoçu Nəcəfqulu : bioqrafiya. 104.
  2. Əli Məmmədbağıroğlu, (filologiya üzrə fəlsəfə doktoru, dosent). "Tariximizin faciəli səhifəsi: mart soyqırımına aid iki mühüm fraqment" (azərbaycanca). 525-ci qəzet, www.elibrary.az. 15.03.2015. 2021-05-17 tarixində arxivləşdirilib.
  3. Elnur Eltürk. "Nuru Paşa hansı azərbaycanlı "qoçu"ya öz atını bağışlayıb?". xəbər (azərbaycanca). aznews.az. 06.06.2014. 2019-08-05 tarixində arxivləşdirilib.
  4. "Bakı qoçuları ilə bolşevik əlaqələrində - Stalin izi" (azərbaycanca). axar.az. 16.11.2016. 2019-08-05 tarixində arxivləşdirilib.
  5. Həbibə Abdulla. "Nuru Paşanın təltif etdiyi Qoçu Nəcəfqulu kim olub?". "Qoçu Nəcəfqulu" kitabındakı materiallardan da istifadə edilib (azərbaycanca). afn.az. 31.03.2018. 2019-08-05 tarixində arxivləşdirilib.
  6. 1 2 Bəhram Çələbi. "Bakı qoçularının qətlinə gətirən siyasi ölümün sirri – TARİXİ ARAŞDIRMA" (azərbaycanca). azvision.az. 17.10.2015. 2019-08-05 tarixində orijinalından arxivləşdirilib.
  7. Hikmət. "Mart qırğınlarında ermənilərə qan udduran Maştağalı Qoçu Nəcəfqulu" (azərbaycanca). ölkə.az. 31.03.2017. 2019-08-05 tarixində arxivləşdirilib.
  8. Aygün Muradxanlı. "Mart soyqırımında Maştağa müqavimət hərəkatı". musavat.com (azərbaycanca). mashtaga.tv. 31.03.2018. 2019-08-05 tarixində orijinalından arxivləşdirilib.