Qro Harlem Brundtland

Qro Harlem Brundtland (norv. Gro Harlem Brundtland, ɡruː hɑːɭɛm brʉntlɑnː Fayl haqqında məlumat dinlə; 20 aprel 1939[2][3][…], Berum, Akersxus[d]) — Norveçin ictimai-siyasi xadimi, baş naziri.

Qro Harlem Brundtland
norv. Gro Harlem Brundtland
bayraq
Norveçin 10-ci baş naziri
3 noyabr 1990 – 25 oktyabr 1996
ƏvvəlkiYan Peder Süse
SonrakıTurbörn Yaqland
Şəxsi məlumatlar
Doğum adı Gro Harlem
Doğum tarixi (85 yaş)
Doğum yeri Berum, Norveç
Partiya
Təhsili Oslo Universiteti
Fəaliyyəti aktrisa, siyasətçi, diplomat

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qro Harlem 1939-cu ildə Norveçin Berum şəhərində, əvvəl səhiyyə və sosial məsələlər, sonra müdafiə naziri olmuş həkim Qudmund Harlemin və “radikal sosialist”, Stokholmda dövlət vəzifəsində çalışan ilk vəkil qadın İnqa Sandberqin ailəsində anadan olub.

1940-cı ilin aprelində Almaniya Norveçə hücum etdiyi üçün valideynləri onu Stokholma - nənəsinin (vəkil Marqaret Sandberqin) yanına göndərərək özləri işğalçılara qarşı müqavimət hərəkatına qoşulublar. Amma 3 il sonra onlar da ölkəni tərk edib ora getmək məcburiyyətində qalıblar.

Müharibədən sonra ailə Osloya geri qayıdıb, Qro Ruselyokka məktəbində təhsil almağa başlayıb, Norveçin ilk siyasi təşkilatlarından olan İşçi Pariyasının uşaq təşkilatına üzv olub. Heqdehaugen məktəbində oxuduğu illərdəsə Sosialist Şagirdlər Assosiasiyasının qurulmasında iştirak edib.

Həmin illər haqqında Qro Harlem memuarlarında belə yazır:

“Evimizdəki kitab rəfləri fəhlə hərəkatı, sosial demokratiya, Karl Evanqın seksual təhsil kitablarıyla doluydu. Evimizdəki siyasi müzakirələr, o cümlədən, İşçi Partiyasının üzvü olan atamın Norveç hökumətində nazir vəzifəsinə təyin olunması da mənə ciddi təsir etmişdi. Qadın fəhlələrin 1887-ci ildə Kristianadakı ilk tətili haqqında valideynlərimin danışdıqları da yaddaşımda dərin iz buraxmışdı. Onların hamısı istismar edilən və ciddi sağlamlıq problemləri olan zəif qadınlarıydı, amma onlar vəziyyəti dəyişə biləcək qədər güclü ola bilmişdilər”.

Qro Harlemin böyüdüyü mühit gender bərabərliyi məsələsini onun, necə deyərlər, qanına hopdurub - qızğın siyasi müzakirələrdə iştirak edən, maşın sürməyi öyrənmiş ilk qadınlardan olan anası və cinsi ayrı-seçkiliyə qarşı olan atası hələ kiçik yaşlarından Qroya kişilərlə eyni səviyyədə uğur qazana biləcəyini aşılamışdırlar. O illər gənc qızda “ədalətə, bərabərliyə, sağlamlığa və böyük sülhə böyük bağlılıq yaratmışdı”.

Amma həmin dövrdə Qronun əsas hədəfi qızları tibbi baxımdan maarifləndirmək, onlara hamiləlik mövzusunda mümkün qədər çox informasiya vermək idi. Məktəb illərində atasının ginekologiya haqqında kitablarından oxuduqlarını dostlarıyla bölüşən Qro məktəbi bitirəndən sonra “yeni biliklər qazanmaq və hər kəsi bu bilikləri öyrənmək hüququyla təmin etmək üçün” Oslo universitetində tibb təhsili almağa başlayır, eyni zamanda Sosialist Tələbə Assosiasiyasının, ardınca da Tələbə Əmək Assosiasiyasının fəaliyyətində yaxından iştirak edir. Bu solçu qızın Mühafizəkarlar Partiyasının üzvü Arne Olav Brundtlanda ərə getməsi (1960) çoxları üçün az qala sensasiya olur.

Həkimlik peşəsini sadəcə romantika xatirinə seçmədiyini Qro hələ tələbəykən nümayiş etdirir: “Mən düşünürdüm ki, karyeram mövcud vəziyyəti dəyişməyə kömək edəcək və bu belə də oldu. Təhsilimin hələ ilk illərində təcrübə keçdiyim xəstəxanaya bir qadın gətirmişdilər. Müayinə zamanı onun döşündə şiş olduğunu aşkar etdim. Halbuki növbətçi həkim başqa diaqnoz qoymuşdu. Mən bir tələbə olaraq cəsarət nümayiş etdirib özümdən yaşca xeyli böyük kişilərə doğru bildiyimi deməliydim - bu, baş həkimin özünə meydan oxumaq kimi bir şey idi. Amma mən dedim və ortaya dərin bir sükut çökdü. Sonra cərrahiyyə üzrə professorumuz həmin qadını təkrar müayinə etdi və məlum oldu ki, qadında həqiqətən də xərçəng şişi var. Onda mən hətta qorxduğun anda da həm özünün, həm də özü öz yerinə danışa bilməyən birinin sözünü deməyin nə qədər böyük əhəmiyyət daşıdığını, bəzən hətta həyati əhəmiyyət daşıdığını anladım”.

Unirversitet illərinin ardından Osloda həkim işləməyə başlayan Harlem az sonra ABŞ-nin Harvard Universitetində ictimai səhiyyə üzrə magistr təhsili almağa gedir (1965), qayıdanda Norveç Səhiyyə İdarəsində işə düzəlir, 2 il sonra həmin idarənin məktəblərə səhiyyə xidməti üzrə baş həkimi təyin olunur.

“Xəstəxanadan ayrılandan sonrakı bütün fəailiyyətimi ictimai səhiyyə üzrə həkim olmağa sərf etdim. Tibb bacıları və nisbətən məlumatlı müəllimlərlə çalışmağa başladım. 1920-1930-cu illərdə bütün İsveş və Norveç boyu səyahət edib qadın haqlarının, qadınların özünümüdafiəsinin və reproduktiv planlaşdırmanın zəruriliyi haqda məlumat verən, bu işin ilk və həqiqi pioneri olan jurnalist və təbliğatçı Eliza Ottesen Yensen mənim qəhrəmanımıydı. Hətta 1950-1960-cı illərdə də bu məsələlərin heç biri ciddi qəbul edilmirdi. Cinsi tərbiyənin vacibliyi barədə ciddi siyasi müzakirələr gedirdi” – həmin illəri Qro sonralar belə xatırlayacaqdı.

Yeni postunda o, ailə planlaşdırılması və reproduktiv sağlamlıq məsələlərinin, o cümlədən, uşaqların sağlamlığı, körpələrin ana südüylə bəslənməsi, xərçəngin profilaktikası mövzularının ön plana çıxmasına çalışır. Şəxsi təcrübəsində yaşadığı problemlər – oğlu Knutun doğulan kimi sarılığa yoluxması, oğlu İvarı dünyaya gətirəndən sonra özünün uşaqlığına infeksiya düşməsi “qadınların ana olmaq üçün çəkdikləri ağrı və əziyyətləri” və bu sahədəki tibbi çatışmazlıqları daha yaxşı anlamaqda ona kömək edir.

Qro ölkənin sosial-iqtisadi inkişafında qadın sağlamlığının əsas faktorlardan biri olması, ictimai və siyasi inkişafın həm də bu bu faktora nəzərən ölçülməsi ideyasını təbliğ etməyə başlayır. İştirak etdiyi bütün tədbirlərdə və beynəlxalq konfranslarda qadınların işləməsinə şərait yaradılmasının vacibliyindən və ölkə iqtisadiyyatının bundan götürəcəyi faydalardan danışır.

1970-ci ildə qadınların abortla bağlı müstəqil qərar verməsi mövzusu cəmiyyətdə ciddi mübahisələr doğurur. Ana və uşaq sağlamlıq mərkəzində, həmçinin Oslo universitetinin xəstəxanasında abort komissiyasının üzvü olan Qro istənməyən hamiləliklərin baş verməməsi üçün qadınlara yardım etməyə çalışır, hətta kontraseptiv almaları üçün imkansız ailələrə bəzən öz cibindən pul verir.

Qanunsuz abortlar zamanı qadınların səhhəti üçün yaranan risklər və onların abortla bağlı müraciətlərinə kişi həkimlərin qərar verməsi kimi mövzular da müzakirə predmetinə çevrilir. İctimai debatlar zamanı Qro bu məsələdə qadının öz iradəsinin üstün olduğunu təbliğ edir.

1974-cü ildə Stortinqdə (parlamentdə) abortla bağlı qanun layihəsi hazırlanır. Həmin dövrün baş naziri Trüqve Bratteli Qronu yanına dəvət edəndə o, məhz bu məsələylə bağlı çağırıldığığını düşünür. Amma Bratteli Burndlanda Ətraf Mühit Nazirliyinə rəhbərlik etməyi təklif edir.

Qro təklifi qəbul edir və tezliklə ekoloji siyasəti Bratteli hökumətinin əsas fəaliyyət istiqamətlərindən birinə çevirir. O, sonrakı hökumətin dönəmində də bu vəzifəni icra edir; Hardangervidda platosunun milli parka çevrilməsi üçün göstərdiyi səylərlə, neft hasilatının ətraf mühitə zərərinə və kimyəvi turşu yağışlarına qarşı mübarizəsiylə cəmiyyətin diqqət mərkəzinə gəlir. 1977-ci ildə Şimal dənizindəki “Bravo” neft platformasında baş vermiş qəza zamanı ekoloji fəlakəti önləmək üçün gördüyü təcili tədbirlər Qronu həm öz ölkəsində, həm də beynəlxalq miqyasda məşhurlaşdırır, mətbuat onu “yaşıl ilahə” adlandırmağa başlayır.

Brundtland nazir təyin olunan il hökumətdə ondan başqa cəmi iki qadın vardı. Bir il sonra o, Norveç İşçi Partiyası liderinin ilk qadın müavini olurr. 1975-ci ildə bu partiyanın üzvü olaraq parlamentə seçilir.Həmin dövrdə Qro uşaqlı qadınlara işləmək imkanı yaradacaq islahatlar üzərində işləyən qadınlar qrupunda da fəaliyyət göstərir.

1979-cu ildəki parlament seçkilərində zəif nəticələr əldə edən İşçi Partiyası hakimiyyətdə çox sayda üzvlə iştirak edə bildiyi üçün Brundtlandı partiya liderinin xeyrinə hökumətdən geri çağırırlar. Bunun ardınca o, parlamentin maliyyə komitəsində fəaliyyət göstərir, sonra beynəlxalq məsələlər komitəsinin rəhbəri seçilir.

1981-ci il seçkilərinə bir neçə ay qalmış səhhətindəki problemlərə görə vəzifəsindən gedən baş nazir Nordli öz yerinə ətraf mühit naziri Rolf Hansenin gəlməsini istəyir, Hansensə Brundtlandın namizədliyini irəli sürür. Beləliklə, fevral ayında Qro Norveçin ən gənc və ilk qadın baş naziri olur. İki ay sonra İşçi Partiyasının sədri postunu tırk edir və bu, Brundtlandın həm də partiyanın ilk qadın lideri olmasıyla nəticələnir.

O, səhiyyə və ekologiya sahəsində yeni strategiyalar müəyyənləşdirir, qadın hüquqlarının qorunmasını və gender bərabərsizliyinin aradan qaldırılmasını özünün əsas hədəflərindən elan edir.

Həmin ilin fevral ayında keçirilən seçkilərdə partiya parlamentdəki Sosialist Sol Partiyayla birlikdə olan say çoxluğunu itirir, Brundtland baş nazir postunu tərk edir və müxalifətin lideri statusunu qazanır.

1985-ci il seçkilərində Qro partiyasının səslərinin 37%-dən 41%-ə yüksəlməsinı nail olsa da, sağ yönümlü partiyaların koalisiyasını üstələyə bilmir.

1986-cı ilin əvvəllərində neft qəflətən ucuzlaşır, Norveç ciddi iqtisadi problemlərlə üzləşir. Hökumətin sərt tədbirləri gözlənilən nəticəni vermir, işsizlərin sayı artır. May ayında parlamentdə hökumətin məhdudlaşıdrmalar paketinə etimad səsverməsi tələb edən baş nazir Kore Villok çoxluğun etimadsızlığıyla üzləşərək istefa verir. Beləliklə, 6 may 1986-cı ildə Brundtland yenidən baş nazir seçilir. O, hökumətdəki 18 nazir postundan 8-ni qadınlara həvalə edir (Nə əvvəllər, nə də sonra heç bir hökumətdə bu sayda qadın təmsil olunmayıb. Yaponiyanın Osaka şəhərindəki “Sakai” qızlar məktəbində Norveçin bu “qadın hökumətinə” heykəl də qoyulub).

Brundtland memuarlarında bu haqda belə yazır:

“Mən kabinetimdəki 18 nazir vəzifəsinin 8-nə qadınları təyin etdim – bu, dünya üzrə birinci yer demək idi. O illər ərzində mən qadın olaraq rəhbər vəzifə tutmağın nə demək olduğunu çox yaxşı anladım. Seksizm və patronajlıq problemləriylə üzləşdim, məni təhqir etməyə və mənim nüfuzumu azaltmağa cəhd edənlərdə oldu. Qadın olduğum üçün mənə qarşı tənqidlər daha sərt idi. Geyimimə, danışığıma, saç düzümümə və hətta yerişimə görə də mənə hücumlar olurdu”.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]