Qruplararası münasibətlər

Qruplararası münasibətlərin tədqiqi problemləri— Qruplararası münasibətlərin öyrənilməsi psixolojisosioloji tədqiqatlarla sıx əlaqədardır. Əvvəla, bu sahədə aparılan tədqiqatlar ardıcıl surətdə nəzərdən keçirdildikdə məlum olur ki, bilavasitə qruplararası münasibətlər psixologiyası ilə məşğul olmayan, lakin sosial psixologiyanın digər müxtəlif sahələrini tədqiq edən alimlərin əsərlərində qruplararası münasibətlər probleminin müxtəlif aspektləri də ayırd edilir:

  • Q.Lebonun (1896) - Qruplararası aqresiya
  • Mak Dauqollun (1916) - Sosial davranış instinkti nəzəriyyəsi - sosial konfliktlər
  • Z.Freydin (1925) - “Yadlara” olan düşmənçilik münasibətləri və qorxu
  • Dollardın (1939) Qruplararası aspektdə aqressiv davranış (frustrasiya və aqressiyanın neobiheviorist nəzəryyəsində)

Bu işlər bilavasitə qruplararası münasibətlərin tədqiqinə həsr olunmasa da onlarda qruplararası münasibətlərin bəzi məsələləri öz əksini tapmışdır.[1]

U.Sammer tədqiqatları[redaktə | mənbəni redaktə et]

Qruplararası münasibətlər psixologiyasının qanunauyğunluqlarına diqqət yetirən alimlərdən biri U.Samner olmuşdur. O, 1906-cı ildə nəşr olunan “Xalq adətləri” əsərində etnosentrizm fenomenlərini təsvir etmişdir. Məlumdur ki, etnosentrizm öz etnik qruuna üstünlük vermək, digərinə münasibətdə isə ədavət hissi və qərəzli mövqe tutmaqla özünü göstərir. U.Samnerin “başqa etnoslarla münasibətdə pozitiv xarakteristikaların şişirdilmiş etnosentizm” konsepsiyasında öz etnosunun başqa etnoslardan üstünlüyü hissi, ədavət və neqativ münasibətlərin büruzə verilməsi təhlil olunur. Bu zaman öz etnik qrupunun mədəniyyəti, adət və ənənələri, dəyərləri və başqa psixoloji xüsusiyyətləri etalon kimi götürülür. U.Samner başqa etnoslarla münasibətdə yaranan ədavət və neqativ münasibətləri öz etnosu çərçivəsində qrupdaxili birliyi saxlamaqda zəruri şərt kimi qiymətləndirərək etnosentrizmə etnik qrupların qarşılıqlı əlaqəsinin universal mexanizmi kimi baxır.

Ziqmund Freyd tədqiqatları[redaktə | mənbəni redaktə et]

Ziqmund Freydin qruplararası münasibətlər aspektində iki tezisini qeyd etmək olar: autqrup ədavətin qaçılmazlığı, qrupun stabilliyinin və identifikasiyasının saxlanması vasitəsi kimi autqrup ədavətinin funksiyasının müəyyən olunması. Freyd autqrup düşmənçiliyinin - mexanizmini erkən ailə münasibətlərinin emosional ambivalentliyində görürdü. Freydə görə rəqiblik və aqressiyanın obyekti olan bu münasibətlər eyni zamanda təqlid edilən, yamsılanan sevgi və nifrətlə də xarakterizə oluna bilər. Erkən uşaqlığın emosional münasibətlərinin ambivaletliyi qrupa keçir: ataya olan sevgi qrup liderinə transformasiya edilir, düşmənçilik və aqresiya autqrupa yönəlir. Lakin sonrakı tədqiqatların əksəriyyətində Freydin qruplararası münasibətlər konsepsiyası qəbul olunmasa da, bütövlükdə digər qruplara münasibətdə qruplararası münasibətlərin tədqiqinə ədavət, aqressivlik məsələləri ana xətti təşkil edirdi.

T.Adorno tədqiqatları[redaktə | mənbəni redaktə et]

Z.Freydin ideyaları T.Adornonun (1950) “Avtoritar şəxsiyyət” tədqiqatlarına birbaşa təsir etmişdir. Adornonun fikrincə, tipik, “avtoritar şəxsiyyət” həddindən artıq ciddi ailə tərbiyəsi ilə nəticələnən sosial yönəlişliyin sərt sistemi ilə xarakterizə olunur. Bu prosesdə valideynlərə münasibətdə bütün aqressiv hisslər və incikliklər artır. “Avtoritar şəxsiyyətdə” öz valideynlərini ideallaşdırmaq tendensiyası ilə yanaşı şüuraltı ədavətə keçən sarsıntı hissi də saxlanılır. Adorno avtoritarlıq və ya eqosentrizmi sadəcə olaraq şəxsiyyətin keyfiyyətlərindən biri kimi deyil, onun davranışının qruplararası situasiyaları müəyyən edən baza kimi xarakterizə edir. Beləliklə, T.Adornonun qruplararası determinasiya anlayşı prinsipcə Z.Freydin yanaşmasından o qədər də fərqlənmir. Qruplararası ədavət və aqressivlik şəxsiyyətlərarası konfliktlərin həll edilməsi üsulu kimi bir sıra tədqiqatlarda öz əksini tapmışdır: şəxsiyyətə frustrativ təsir göstərən aqressiyaların ümumiləşdirilməsi (L.Berkovits-1972); müxtəlif etnosların nümayəndələrinin münasibətlərini tənzim edən etnik stereotiplərin rolu (Q.Ollport-1954, T.Pettiqryu-1958). Berkovits öz tədqiqatlarında aqresiyanın ümumiləşdirilməsi fenomenini təhlil etmişdir. Alimin fikrincə qruplararası münasibətlər sonda fərdin psixoloji probleminə çevrilir. Müharibəyə getməyi fərdlər müəyyən edir; döyüşdə fərdlər vuruşur; sülh müqaviləsini fərdlər bağlayır... Lakin praktik olaraq, proseslər belə getsə də müharəbəyə getməyin, vuruşmağın tək fərdin fikri olduğunu düşünmək sadəlövhlük olardı. Olportun fikrincə qruplararası münasibətlər sosial persepsiya səviyyəsində əsasən iki qrupun nümayəndələri arasında (interindividual) fərddaxili münasibər kimi öyrənilir.

M.Şerif tədqiqatları[redaktə | mənbəni redaktə et]

M.Şerif qruplararası konflikt problemini başqa istiqamətdə tədqiq etmişdir. O, qruplararası ədavətin kökünü müxtəlif qrupların məqsəd və maraqlarında, yəni bu qrupların nümayəndələrinin rəqiblik münasibətində görür. M.Şerif eksperimentlərini 50-ci illərin ortalarında Amerikanın Robers Keyve vilayətində keçirmişdir. Eksperimentlər bir neçə il ərzində yeniyetmələrin yerləşdiyi yay düşərgəsində aparılmışdır. Tədqiqatın əsas məqsədi qruplararası qarşılıqlı əlaqənin xarakterinin (rəqib, yoldaşlıq, kollektiv, kooperasiya) qruplar arasında və kollektiv daxilində təşəkkül tapmış qarşılıqlı münasibətin xarakterinə təsirini öyrənmək olmuşdur. Bu məqsədlə düşərgənin administrasiyası yeniyetmə qruplar arasında qarşılıqlı əlaqəni elə təşkil etmışdir ki, o, sırf yarış xarakteri daşısın və bu yarışda yalnız bir qrup qalib gələ bilsin. Müşahidə və sorğuların nəticəsinə uyğun olaraq tədqiqatçılar qruplararasında əmələ gələn ədavətin (digər qrupun nümayəndələrinə aqressiv, neqativ münasibət, stereotip qavrayışın) və eyni zamanda qrupdaxili həmrəyliyin möhkəmlənməsinə şahid olmuşlar. Eksperimentin müxtəlif mərhələlərində qrupların təşəkkülü müxtəlif cür baş verdi. Eksperimentin əvvəlində yeniyetmələr düşərgənin təmizliyi ilə birlikdə məşğul olurdular və tədqiqatşılar yeniyetmələr arasnda baş verən təbii proseslərə, yəni tanışlıq və qarşılıqlı münasibətlərin formalaşmasına müdaxilə etmirdilər. Lakin sonrakı mərhələdə, yəni yarışdan sonra yeniyetmələr iki qrupa bölünərək tanışlıq zamanı əmələ gələn dostluq münasibətərini pozmağa başladlar. Rəqabətdən qabaq isə qrupların nümayəndəliyi arasında ədavət olmamışdır. Tədqiqatçılar sonra eksperimentdə dəyişiklik edirlər: əvvəlcə rəqib olan qruplar həlli güclərinin birləşməsini tələb edən problemli situasiyaya salınırlar. Bu mərhələdə tədqiqatçılar ədavətin azaldığını, lakin tam aradan qalxmadığını müşahidə etmişlər. Bu eksperiment əsasında M.Şerif belə bir nəticəyə gəlir ki, qruplararası konfliktin əsas səbəbi qruplar arasındakı qarşılıqlı əlaqənin xarakterindən: həmrəylik və rəqabətdən asılıdır. M.Şerifin eksperimentləri qruplararası münasibət psixologiyasının eksperimental tədqiqinin əsasını qoymuşdur. M.Şerifin tədqiqatlarında situasiyanı dəyişməklə, qruplararası ədavətin aşağı salınmasının mümkünlüyü nəzəri cəhətdən əsaslandırılmış və eksperimentlərlə sübut olunmuşdur.

Q.Teşfelin tədqiqatları[redaktə | mənbəni redaktə et]

Qruplararası qarşılıqlı münasibətlər sahəsində əsasən qərbi Avropa alimlərinin tədqiqatları həm nəzəri keyfiyyətinə, həm də kəmiyyətinə görə daha irəlidədir. Bu baxımdan Q.Teşfelin tədqiqatları daha diqqətəlayiqdir. Son illər onun tədqiqatları başqa ölkələrdə keçirilən tədqiqatlara mühüm təsir göstərmişdir. Qərbi Avropada bu sahədə bir çox samballı işlər meydana çıxmışdır. Q.Teşfel və J.Ternerin sosial identiklik nəzəriyyəsi qrupdaxili favoritizm və qruplararası diskriminasiya fenomenlərini müxtəlif qrupların nümayəndələri arasında olan oxşarlıq və fərqin müəyyənləşməsi ilə bağlı olan koqnitiv proseslərin nəticəsi kimi izah edirlər. Teşfelin fikrincə, qrupdaxili favoritizm və qruplararası diskriminasiya qruplararası münasibətlər psixologiyasının universal fenomenləridir. Sosial identiklik nəzəriyyəsi sosial-iqtisadi dəyişiklik şəraitində yeni sosial qrupların yaranması ilə əlaqədar qruplararası differensasiya və qrupdaxili inteqrasiya probleminə daha konstruktiv yanaşmağa imkan verir. İlk dəfə Teşfelin tədqiqatlarında qruplararası münasibətlərin tənzimlənməsi sosial psixologiyanın predmeti kimi tədqiq edilir. Onun tədqiqatlarında qruplararası münasibətlərin tənzimlənməsini müəyyən edən bir sıra koqnitiv proseslər öz əksini tapır. Teşfelin konsepsiyasnda qruplararası münasibətlər psixologiyası sosial psixologiyanın müstəqil sahəsi və hətta sosial psixologiyanın əsas predmeti kimi qəbul olunub. Qərb sosial psixologiyasında qruplararası münasibətlər problemi əsasən qruplararası ədavət problemi kimi qəbul olunur və həll edilir. Qərb sosial psixologiyasında qruplararası münasibətlər nəzəriyəsinin qoyuluşu və işlənməsi əsasən cəmiyyətin həyatının reallıq və problemlərinin mövcudluğuna əsaslanır: cəmiyyətin iqtisadi, siyasi və mədəni differensasiyası, sosial, etnik konfliktlər və s. Qərbdə geniş yayılmış qruplararası münasibətlər konsepsiyasında başqa qrupun nümayəndələrinə münasibətdə əsas diqqət qruplararası differensasiya, dezinteqrasiya, ədavət və konfliktlərlə əlaqədar proseslərə verilir. Bu tədqiqatlarda qruplararası inteqrasiya proseslərinə isə daha az yer verilir. Qruplararası münasibətlər probleminə aid tədqiqatları təhlil edərkən belə bir nəticəyə gəlmək olar ki, qruplararası münasibətlər psixologiyasına aid müxtəlif nəzəri və metodoloji yanaşmalar mövcuddur. Bu sahədə Avropa ölkələrində aparılmış eksperimental tədqiqatlar da diqqəti cəlb edir. Lakin bir cəhət nəzərdən qaçırıla biməz ki, qruplararası münasibətlər dinamik prosesdir, müxtəlif amillərin təsiri ilə həmin münasibətlər sistemində bir sıra dəyişikliklər baş verir. Həmin dəyişikliklərə cəmiyyət miqyasında mövcud olan sosial-iqtisadi, sosial-siyasi şəraitlə yanaşı sosial-psixoloji amillər də ciddi surətdə təsir göstərir. Burada etnik-psixoloji amillərin təsiri də mühüm rol oynayır. Onu göstərmək kifayətdir ki, bizim etnosda şəxsi mənafenin ön plana keçməsi qruplararası münasibətlərə də ciddi surətdə təsir göstərir və çox halda qrup mənafeyi şəxsi mənafeyə qurban verilir. Bu da heç şübhəsiz, qruplararası münasibətlərə çox ciddi mənfi təsir göstərir: münasibətlər sistemində neqativ cəhətlərin özünü daha aşkar surətdə büruzə verilməsini şərtləndirir.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Musa Qəhrəmanov. Sosial Psixologiya (mühazirələr) (az.).