Quriya üsyanı (gürc. გურიის აჯანყება, guriis agentq'eba ; rus. Мятеж в Гурии, myatezh v Gurii ) — Rusiya hökumətinin gürcü kəndlilər üçün təyin etdiyi yeni rüsumlar və vergilər səbəbindən o dövrdə Rusiya imperiyasının Gürcüstan-İmeretiya quberniyasının tərkibindəki Quriyada meydana çıxan üsyan. Quriya Gürcüstanın Rusiyaya birləşməsindən əvvəl knyazlıq kimi mövcud olmuşdur. Üsyana bir neçə zadəgan tərəfindən də dəstək verilmişdir. İlk dövrlərdə üsyançılar Quriyanın xeyli hissəsini ələ keçirməyi bacarsalar da, 1841-ci ilin sentyabrında rus ordusu və rus ordusunu dəstəkləyən digər gürcü zadəganları tərəfindən məğlub edildilər.
Quriya üsyanı | |||
---|---|---|---|
Tarix | 1841-ci ilin may-sentyabr ayları | ||
Yeri | Quriya, Rusiya imperiyası | ||
Nəticəsi | Rusiyanın hərbi qələbəsi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Qara dənizin sahilində yerləşən kiçik və kasıb Gürcü əyaləti olan Quriya 1810-cu ildən etibarən Rusiyanın hakimiyyəti altına keçmişdir. 1829-cu ildə ruslar yerli muxtar-knyazlıq idarəetmə sistemini ləğv etdilər və yerinə Rusiya idarəetmə sistemini gətirdilər. Həmçinin əyalətdə 1820-ci ildə də üsyan baş vermişdir.[1]
1841-ci ildə yerli şərait nəzərə alınmadan Rusiya hökuməti tərəfindən quriyalı kəndlilərə kartof əkmək və vergiləri rus pulu ilə ödəmək əmr edildi. Lakin bu dövrdə Quriyada qarğıdalı və darı əkinləri əyalət təsərrüfatının əsasını təşkil edirdi. Həmçinin kəndlilər arasında tezliklə pul ödəməli olacaqları və hərbi xidmətə cəlb ediləcəkləri barədə şayiələr yayılmağa başlamışdı.[2]
1841-ci ilin may ayında vergi yığımları başlayanda Quriyanın Lançxuti icmasının kəndliləri müqavimət göstərdilər və 22 may 1841-ci ildə silahdan istifadə etdilər. Xaos bütün Quriya ərazisinə yayıldı və qısa müddətdə üsyançıların sıralarına təxminən 7200 nəfər yığıldı. Üsyançılar əyalətin strateji nöqtələrini nəzarətə götürdülər və Kutaisi şəhərinə gedən yolları bağladılar. 9 avqust 1841-ci ildə Abes Bolkvadzenin başçılıq etdiyi üsyançılar və polkovnik Brusilovun başçılıq etdiyi rus qoşunları arasında döyüş baş verdi. Döyüşdə ruslar ağır itkilər verdilər və geri çəkilməyə məcbur oldular. Quriyalılar həmin ayda iki dəfə Quriyanın əsas şəhəri olan və rus qoşunlarının son qərargahının yerləşdiyi Ozurgetiyi ələ keçirməyə cəhd etdilər. Lakin bu cəhdlər uğursuzluq ilə nəticələndi. Bu dövrdə üsyançı sıralarında narazılıqlar baş qaldırmağa başladı. Həmçinin üsyana dəstək verən bir çox gürcü zadəganları, başda knyaz David Ququnava da olmaqla mövqe dəyişdirərək rusların tərəfinə keçdilər. Sonda 1841-ci il sentyabrın 5-də polkovnik Moisey Dolqorukovun komandanlığı altındakı 2500 nəfərlik rus əsgəri və Rusiyapərəst zadəganların verdiyi könüllü qoşunların da dəstəyi ilə həlledici döyüş baş verdi. Üsyançılar döyüşdə məğlub oldular və üsyan yatırıldı. Döyüş zamanı üsyançılardan 60 nəfər həlak oldu. Sentyabr ayının sonunda artıq Quriya ərazisində sakitçilik hökm sürməyə başladı və Rusiyanın nəzarəti yenidən tam təmin edildi. 1842-ci ildə Sibirə sürgün edilmiş knyaz Ambako Şalikaşvili xaricində tutulmuş üsyan liderlərinin çoxu sərbəst buraxıldı.[2] 1901-ci ildə nəşr olunan bir rus mənbəsinə görə, qiyamda ən az 32 rus öldürülmüş, 115 nəfər yaralanmış və 17 nəfər isə əsir götürülmüşdür.[3]
Gürcü yazıçı Eqnate Ninoşvili bu haqda "Quriyada üsyan" adlı roman yazmışdır.[4] 1928-ci ildə roman əsasında gürcü kinorejissoru Aleksandr Tsutsunava tərəfindən film çəkilmişdir.[5]