Rüstəm və Söhrab dastanı – Güney Azərbaycanda dastançı aşıqlardan aşıq Əziz Şəhnazi tərəfindən yaradılmış və uzun illər aşıqların repertuarında qorunub saxlanmışdır. Aşıq Əziz Şəhnazi Firdovsinin məşhur “Şahnamə” əsərindəki Rüstəm və Söhrabla bağlı tarixi rəvayətlərə uyğun müxəlif saz havaları üzərində yeni bir dastan yaratmışdır. Dastan Zal, Rüstəm, Zöhrab, Giv, Tus, Birzu və s. tarixi-əfsanəvi qəhrəmanların şücaətləri, eləcə də incə-lirik hisslərə dayanan məhəbbət motivləri üzərində qurulmuşdur. “Rüstəm və Zöhrab” epik mətn strukturunda dastançılıq ənənəsinə uyğun olaraq nəsr və nəzmin növbələşməsi üzərində qurulmuşdur. Mətnlərin nəsr hissəsində kommunikativ funksiyada hadisələr konkret qəhrəmanlara yönəldilir, müxtəlif şeir formalarındakı lirik nümunələrsə əsrin poetik tərəfini tamamlayır. Dastan baş pərdədə – “Yanıq Kərəmi” – “Kərəm gözəlləməsi”, “Qəmərcanı”, “Qürbəti”, açıq kökdə – “Osmanlı divanisi”, “Bayramı”, şah pərdədə – “İran düveytisi”, “Çoban bayatısı”, ruhani pərdədə olan “İncəgüllü”, “Gəraylı”, “Şah Xətai”, “Cəlili” –aşıq havaları üzərində söylənilmişdir. Aşıq Əziz Şəhnazi hələ sağlığındaykən “Rüstəm və Zöhrab” dastanını Aşıq Əziz Dəhliyə öyrətmişdir.