Qumral-Rəna Zəki qızı Kazımzadə (5 noyabr 1942, Bakı) — fizika-riyaziyyat elmləri doktoru (1998), professor (1999), “Tərəqqi”medalı laureatı (2010). [1]
Rəna Kazımzadə | |
---|---|
Qumral-Rəna Zəki qızı Kazımzadə | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Zəki Əli İskəndər oğlu Kazımzadə |
Elm sahəsi | elektrotexnika |
Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
Elmi adı | professor |
Mükafatları |
Kazımzadə Rəna Zəki qızı 1942-ci il noyabr ayının 5-də Bakıda, milli nəzəri elektrotexnika məktəbinin banisi Zəki Əli İsgəndər oğlu Kazımzadənin ailəsində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Fizika-riyaziyyat fakültəsini “Fizika və ümumi texniki fənlər” ixtisası üzrə bitirən Rəna Kazımzadə elə həmin ildə də Azərbaycan Neft və Kimya İnstitutunun (indiki ADNSU) aspiranturasına daxil olmuşdur və o zamandan elmi fəaliyyətə başlayaraq ömrünün təqribən 50 ilini nəzəri elektrotexnika elminə həsr etmişdir. [2]
Rəna Kazımzadə əmək fəaliyyətinə 1969-cu ildən həmin institutun “Elektrotexnikanın nəzəri əsasları” (sonradan “Elektrotexnika və elektrik təchizatı”, indiki “Elektroenergetika”) kafedrasında assistent kimi başlamış, sonradan bu kafedranın dosenti olmuşdur. O, 1998-ci ildə doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsi almışdır. 1999-cu ildən kafedranın professoru, 2000 – 2017-ci ildə isə kafedra müdiri vəzifəsində çalışmışdır. Universitetin Elmi Şurasının üzvüdür.
Rəna Kazımzadə Kembricin Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən "XX əsrin 2000 ən görkəmli alimi" diplomuna layiq görülmüş və "Kim kimdir" Beynəlxalq Sorğu kitabına daxil edilmişdir. Həmçinin Amerika Bioqrafiya İnstitutu Bioqrafiya Assosiasiyasının həqiqi üzvü seçilmiş, 2000 – 2001-ci ilin "Beynəlxalq Qadını" adına layiq görülmüş, "2002-ci ilin Beynəlxalq şəxsiyyəti" adını almış, Kembricdə nəşr olunmuş "XX əsrin 2000 intellektualı" Beynəlxalq sorğu kitabının 28-ci nəşrinə və XXI əsrdə "Kim kimdir" sorğu kitabının birinci nəşrinə daxil edilmişdir. Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü seçilmişdir. Rəna Kazımzadə 20-dən artıq dərsliyin və dərs vəsaitinin, elektrotexnika sahəsi üzrə beş dildə (Azərbaycan, alman, fransız, türk, ingilis) terminologiya lüğətinin, "Rusca - azərbaycanca elektrotexnika terminləri lüğəti"nin, 200-dən artıq elmi məqalənin müəllifidir. Rəna Zəki qızı Kazımzadə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidentinin 18 noyabr 2010-cu il Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.