Rəna Zinçenko (azərb. Rəna Zinçenko Əbülfəz qızı, rus. Зинченко Рена Абульфазовна; d. 1963-cü il, 23 mart, Bakı, Azərbaycan SSR, SSRİ) - Tibb elmləri doktoru, professor. N.İ.Piroqov adına Rusiya Milli Tibb Universitetinin hüceyrə və molekulyar genetika kafedrasının professoru.[1]
Rəna Zinçenko | |
---|---|
Rəna Zinçenko Əbülfəz qızı rus. Зинченко Рена Абульфазовна | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ |
Elmi dərəcəsi | Tibb elmləri doktoru |
Elmi adı | professor |
Alma-mater | N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutu |
Təhsili | Azərbaycan Tibb Universiteti |
Zinçenko (qızlıq soyadı Məmmədova) Rəna Əbülfəz qızı 1963-cü il martın 23-də Bakıda anadan olub.
1979-1986-cı illərdə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) pediatriya fakültəsində təhsil alıb. 1986-cı ildə həmin institutu “pediatriya” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1986-1989-cu illərdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu (Bakı) yanında Tibbi-Genetik Məsləhətxanada həkim-pediatr vəzifəsində işləyib. 1989-1992-ci illərdə Tibbi-Genetik Elmi Mərkəzin (TGEM) genetik epidemiologiya laboratoriyasında “genetika” ixtisası üzrə aspiranturada oxuyub. 1993-cü ilin mayında “genetika” ixtisası üzrə “Genetik dreyfin ərazi bölgüsünə təsiri və Kirov vilayətinin populyasiyalarında irsi xəstəliklərin spektri” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1993-2006-cı illərdə R.Zinçenko TGEM-in Klinik Genetika İnstitutunda əvvəlcə elmi işçi, sonra elmi katib, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində işləyib, 2006-cı ilin fevral ayından TGEM-in genetik epidemiologiya laboratoriyasının müdiridir.
2001-ci ilin dekabrında R.Zinçenko “genetika – tibb elmləri” ixtisası üzrə “Rusiya populyasiyalarında irsi xəstəliklərin epidemiologiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2009-cu ildə “genetika” ixtisası üzrə professor elmi adı alıb. R.Zinçenko 2008-ci ildən bu günə qədər TGEM yanında Dissertasiya Şurasının elmi katibidir. R.Zinçenko kliniki və fundamental tibbi genetika sahəsində mütəxəssisdir. Onun məşğul olduğu konkret fundamental məsələ – irsi xəstəliklərin genetik epidemiologiyasıdır. Bu tədqiqatlarda əsas məqam - müxtəlif populyasiyaların və etnik qrupların genomlarının şərti neytral genlər və irsi xəstəliklərin genləri üzrə genetik diferensiasiyasının öyrənilməsidir. Hazırda “İnsan genomunun müxtəlifliyi” proqramının dünyada müvəffəqiyyətlə reallaşdırılması davam edir. R.Zinçenko tərəfindən aparılmış tədqiqatlar əsasında tez-tez rast gəlinən, həm konkret regionların bütün əhalisi üçün səciyyəvi, həm də ayrı-ayrı etnik qruplar üçün spesifik irsi xəstəliklər seçilib.
Əvvəllər təsvir edilməmiş autosom-resessiv irsi hipotrixoz xəstəliyi sonuncular arasında yenilikdir. Bu xəstəliyin geni müəyyən edilərək xəritələşdirilib, onun mutasiyası təsvir olunub, özü isə yeni xəstəlik kimi qeydə alınmışdır. R.Zinçenkonun rəhbərliyi altında 10 namizədlik və 2 doktorluq dissertasiyası hazırlanıb. O, TGEM və N.İ.Piroqov adına Rusiya Milli Tibbi Tədqiqatlar Universiteti (RMTTU) bazasında aspiranturada və doktoranturada “genetika” ixtisası üzrə, həmçinin “genetika”, “dermatologiya”, “oftalmologiya” və “nevrologiya” ixtisaslarının qovuşması istiqamətində müvəffəqiyyətlə elmi kadrlar hazırlayır. R.Zinçenko “Science”, “The Lancet”, “European Journal of Human Genetics”, “Balkan Journal of Medical Genetics”, “Russian Journal of Genetics”, “Genetika” və digər elmi nəşrlərdə dərc olunmuş 420-dən çox işin müəllifidir: ISI-nin məlumatına görə, R.Zinçenkonun elmi işlərinin RİNS-də sitat gətirilməsi indeksi və Scopusda Xirş indeksi, müvafiq olaraq 12-yə və 6-ya bərabərdir. 2000-ci ildə R.Zinçenko “Rusiyanın bəzi populyasiyalarında irsi xəstəliklərin epidemiologiyası” mövzusunda silsilə işlərinə görə Rusiya Tibb Elmləri Akademiyasının S.N.Davidenkov adına mükafatının laureatı olub. 2008-ci ildə ona Rusiya təbabətinə kömək Regional İctimai Fondunun profilaktik təbabət sahəsində diplomu və qrantı, 2009-cu ildə – “Tibb elminin və Səhiyyənin inkişafı üzrə səmərəli işinə görə” Rusiya Tibb Elmləri Akademiyasının Fəxri Fərmanı verilib. 2008-ci ildə R.Zinçenko “Gen coğrafiyası və irsi xəstəliklərin epidemiologiyası” elmi-tədqiqat mövzusu üzrə aparıcı elmi məktəblər sahəsində RF Prezidentinin qrantının rəhbərlərindən biri, Rusiya Fundamental Araşdırmalar Fondunda və tələbə diplom işlərində qrantların daimi rəhbəri, TGEM nəzdində ETM-in (elm-təhsil mərkəzi) “Rusiya populyasiyalarında genom müxtəlifliyi” mövzusunun rəhbəri olub. R.Zinçenko digər ölkələrdə də tanınıb. Rusiya və beynəlxalq miqyaslı konfranslarda müntəzəm olaraq elmi məruzələrlə çıxış edir. 1999-cu ilin iyun ayında ona “həkim-genetik” ixtisası üzrə ali ixtisas kateqoriyası verilib.[2]
R.Zinçenko tələbələr üçün 5 tədris-metodik vəsaitin və 5 monoqrafiyanın müəllifi və həmmüəllifidir[1]: “Genomics And Health In The Developing World” (ABŞ, 2012), “Milli rəhbər vəsait. İrsi xəstəliklər” (Moskva, 2012), “İnsan populyasiyalarında irsi xəstəliklər” (Moskva, 2002), “Çuvaşiya populyasiyasının genetik strukturu və irsi xəstəlikləri” (Çeboksarı, 2006), “Rostov vilayətinin əhalisində anadangəlmə və irsi patologiyanın kliniki-genetik aspektləri” (Rostov-Don, 2010).[2]