Rafiq Quliyev (neftçi alim)

Rafiq İsrafil oğlu Quliyev (12 sentyabr 1945, Bakı15 may 2008, Bakı) — texnika elmləri doktoru (1982), professor (1985), AMEA-nın müxbir üzvü (2001).[1]

Rafiq Quliyev
Doğum tarixi 12 sentyabr 1945(1945-09-12)
Doğum yeri
Vəfat tarixi 15 may 2008(2008-05-15) (62 yaşında)
Vəfat yeri
Milliyyəti azərbaycanlı
Atası İsrafil Quliyev
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Üzvlüyü
Mükafatları "Tərəqqi" medalı

Rafiq Quliyev 1945-ci ildə Bakı şəhərində ziyalı neftçi ailəsində anadan olub. 1967-ci ildə Neft və qaz quyularının qazılması ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft-mədən fakültəsini bitirib.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rafiq Quliyev əmək fəaliyyətinə 16 yaşında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Nəzarət ölçü cihazları kafedrasının preparatoru vəzifəsindən başlayıb. Neft elminə olan həvəsi hələ tələbəlik illərində (1963–1967) oan dərslərilə əmək fəaliyyətini uğurla əlaqələndirməyə imkan verir. O, 1965–1969-cu illərdə "Leninneft" Neft Mədənləri İdarəsində operator, Azərbaycan Dəniz-Kəşfiyyat İdarəsində operator, Azərbaycan Dəniz-Kəşfiyyat Trestinin qazma kontorunda laborant-kollektor, qazmaçı köməkçisi, böyük sahə mühəndisi vəzifələrində çalışıb.[1]

Rafiq Quliyev 1969–1983-cü illərdə Azərbaycan Neftelmitədqiqatlayihə İnstitutunda böyük mühəndis, kiçik elmi işçi, böyük elmi işçi və hidromexanika bölməsinin müdiri olub. 1983-cü ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İqtisadiyyat, təşkilat və idarəetmə kafedrasının müdiri vəzifəsini icra edib. 1988-ci ildən 2005-ci ilə kimi Neft və qaz quyularının qazılması kafedrasına rəhbərlik edib. O, 2006-cı ildən ömrünün sonuna qədər Neftqazelmitədqiqatlayihə İnstitutunun Beynəlxalq layihələr və xarici əlaqələr şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb.[1]

Rafiq Quliyev görkəmli neftçi-alim kimi təkcə Azərbaycanda və keçmiş SSRİ-də deyil, həm də xarici ölkələrin də mütəxəssislərinə tanış idi. O, dəfələrlə BMT-yə ekspert kimi işə dəvət olunub, 1988-ci ildə Çin Xalq Respublikasında, 1990, 1993, 1994-cü illərdə Albaniyada elmi fəaliyyət göstərib. Bundan əlavə, xarici ölkələrdə keçirilən bir çox elmi simpozium və konqreslərdə məruzələrlə çıxış edib.[1]

Alim 1997-ci ildən ABŞ Mühəndis Neftçilər Cəmiyyətinin üzvü olub. Azərbaycan Milli Elmlər Akademiyasının Yer elmləri bölməsinin "Neft-qazçıxarma problemi" üzrə elmi şuranın, həmçinin "Neft və qaz quyularının qazılması" seksiyasının sədri olub.[1]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Rafiq Quliyev neft və qaz quyularının qazılması sahəsində tanınmış alim olub. Belə ki, 1971-ci ildə "Başlanğıc təzyiq qradiyentinin təzahürü şəraitlərində quyularının qazılmasının hidravliki xassələri" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru, 1982-ci ildə isə "Quyuların mürəkkəbləşmiş şəraitlərdə qazılması üçün hidravlik proqramın işlənilməsinin nəzəriyyəsi və praktikası" mövzusunda doktorluq dissertasiyaları müdafiə edərək texnika üzrə elmlər doktoru elmi dərəcələrini alıb. 1985-ci ildə professor elmi adını alan Rafiq Quliyev 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü seçilib.[1]

Elmi tədqiqatların sahəsi: quyunun qazıma məhlulunun hidrodinamiki göstəricilərinin idarə edilməsi və operativ nəzarət üsullarının işlənilməsi; təşkilati idarəetmə nəzəriyyəsindən istifadə etmək əsasında quyuların qazılmasının hidravlik proqramının optimallaşdırılması; dərin maili quyuların qazılması zamanı əyriliyinin idarə edilməsi prosesinin optimallaşdırılması.

Rafiq Quliyev 260-dan artıq elmi məqalənin, 3 monorafiyanın, 20 tədris-metodik vəsaitlərin və rəhbər sənədlərin müəllifidir. İxtiralara görə 11 müəlliflik şəhadətnaməsi alıb. O, 10 elmlər namizədi hazırlayıb.[1]

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]

Rafiq Quliyev "Əməkdə igidliyə görə" (1981) və "Tərəqqi" (2000) medalları ilə təltif olunub.[1]

  1. 1 2 3 4 5 6 7 8 9 "Quliyev Rafiq İsrafil oğlu" (Azərbaycan). science.gov.az. 21.09.2021 tarixində arxivləşdirilib.