Ramazan Qorxmaz

Ramazan Qorxmaz (tam adı: Ramazan Qorxmaz, türk. Ramazan Korkmaz; 1962[1], Çıldır, Qars ili) — Ərdəhan Universitetinin rektoru,[2] Qırğızıstan-Türkiyə Manas Universiteti Qəyyumluq Şurasının üzvü, Qafqaz Universitetlər Birliyinin sədri.[3]

Ramazan Qorxmaz
türk. Ramazan Korkmaz
Doğum tarixi 1962[1]
Doğum yeri
Fəaliyyəti akademik[d]

Həyatı[redaktə | mənbəni redaktə et]

1962-ci ildə Ərdahanın Çıldır rayonunun Qayabəyi kəndində anadan olmuşdur. İbtidai təhsilini Ərdahanda, orta təhsilini Ərzurum Yavuz Səlim Müəllim liseyində (1978) alan Ramazan Qorxmaz ali təhsilini Atatürk Universitetinin dil-ədəbiyyat fakültəsinin türk dili və ədəbiyyatı ixtisasında başa vurmuşdur (1985). Elə həmin il Fırat Universitetində imtahandan keçərək elmi tədqiqatlara başlayır.

Elmi fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Fırat Universiteti Sosial Elmlər İnstitutunda Keçəcizadə İzzət Molla və Mihnət Keşan haqqında tədqiqatı (VI+ 447 s.) ilə magistr (1988); "Səbahəddin Əli - İnsan və əsər" (XII+403 s.) adlı elmi işi ilə isə doktorantura təhsilini 1991-ci ildə tamamlayan Qorxmaz 1996-cı ildə Yeni türk ədəbiyyatı fundamental elmi sahəsində dosent və 2001-ci ildə professor oldu.

2009-cu ilədək Fırat Universitetinin əməkdaşı olan Ramazan Qorxmaz həm də Şərqi Aralıq Dənizi Universitetində "qonaq müəllim" kimi 4 il (2000-2002 və 2004-2006-cı illərdə) işləmişdir.

O, 2001-ci ildə Bişkek Elmlər Akademiyasında Aytmatov ilə əlaqədar tədqiqatlar aparmış və Bilkənd Universitetinin Türk dili və ədəbiyyatı fakültəsi ilə birlikdə müəllifi və redaktoru olduğu "Türk ədəbiyyatının tarixi layihəsi"ni (4 cild) tamamlamışdır. Ramazan Qorxmazın həm ölkə daxilində, həm də ABŞ, Ukrayna, Rusiya, Azərbaycan, QırğızıstanŞKTR kimi ölkələrdə öz sahəsi üzrə 60-dan çox elmi məqaləsi dərc edilmişdir. Dekan müavini, kafedra müdiri və idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmış Ramazan Qorxmaz rəsmi qəzetdə yayımlanan xəbərə görə Qırğızıstan-Türkiyə Manas Universitetinin Qəyyumluq Şurasının üzvü təyin edilmişdi.

Türkiyə Böyük Millət Məclisinin 22 may 2008-ci ildə qəbul etdiyi 5765 saylı qanunla qurulan Ərdahan Universitetinə 2008-ci ildə qurucu rektor kimi təyin edilmiş Ramazan Qorxmaz 27 iyun 2016-cı ildən Fatih Universitetinin rektorudur.

60-dan çox elmi məqalənin müəllifidir. Öz ixtisası üzrə 50-dən çox magistr və doktoranta elmi rəhbərlik etmişdir.

Ramazan Qorxmaz ingilis dilini bilir. Evlidir, üç övladı var.

Qafqaz Universitetlər Birliyi[redaktə | mənbəni redaktə et]

Ramazan Qorxmazın qurucusu və rəhbəri olduğu Qafqaz Universitetlər Birliyi (KÜNİB) Ərdahan Universitetinin təşəbbüsü ilə Türkiyədən Ərdahan, Artvin Çoruh, Atatürk, Qars Qafqaz, İğdır Universitetləri ilə Gürcüstandan Axısqa Dövlət Universiteti və Naxçıvandan Naxçıvan Dövlət Universitetinin rektorlarının 11 noyabr 2009-cu ildə Ərdahanda imzaladıqları protokol ilə qurulub.

Beynəlxalq akademik əməkdaşlıq təşkilatı olan və "Gələcəyin layihəsi" şüarı ilə qurulan Qafqaz Universitetləri Birliyi dünyanın digər universitet birlikləri ilə güclü əlaqələr qurmuşdur və qlobal sülhə mühüm töhfələr vermişdir. Birlik konfranslar, konqreslər, layihələr, simpoziumlar, görüşlər və təhsil sərgiləri də təşkil edir.

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • Səbahəddin Əli - İnsan və əsər (1997)
  • İkarın yeni üzü - Cahid Sidqi Tarançı (2002)[4]
  • Yeni türk ədəbiyyatı/1839-2000 (Müəllif və redaktor, 2004)
  • Aytmatovun hekayələrində yadlaşma problemi və dönüş yolu (2004)

Kitabları[redaktə | mənbəni redaktə et]

  • Səbahəddin Əli - İnsan və əsər, Yapı Kredi Yayınları (1997)
  • İkarın yeni üzü - Cahid Sidqi Tarançı, Akçağ Yayınları (2002)
  • Aytmatovun hekayələrində yadlaşma problemi və dönüş yolu, Grafiker Yayınları, (2008)
  • Türk ədəbiyyatında yeni bir növ: kiçik hekayə, Mutlu Dəvəçi ilə birlikdə, Grafiker Yayınları, (2011)
  • Çıldır folklor və etnoqrafiyası, Karadeniz Dergi Yayınları (2015)
  • Ədəbi oxular, Kesit Yayınları, (2015)

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Səbahəddin Əli - İnsan və əsər" elmi işinə görə 1997-ci ildə TİSAV-ın Ədəbiyyat elmi mükafatına layiq görülmüşdü.
  • Avropa Biznes Yığıncağı tərəfindən İngiltərənin Oksford şəhərində 25-27 oktyabr 2012-ci ildə keçirilən "Oksford Liderlər Zirvəsi" görüşündə Qafqaz və Orta Asiya Universitetləri ilə əlaqədar gördüyü sabit və sistematik işlərə görə professor Ramazan Qorxmaza "İlin rektoru" mükafatı təqdim edilmişdir.
  • Türkiyə-Gürcüstan əlaqələrinə verdiyi töhfələrə görə Gürcüstan Samtsxe-Cavaxeti Dövlət Universiteti (2015) və Qori Dövlət Universiteti (2016) tərəfindən mükafatlara layiq görülüb.
  • 2016-cı ildə Odlar Yurdu Universitetinin fəxri doktoru adı verilib.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Ramazan Korkmaz // NUKAT. 2002.
  2. "Yanvarın 26-da təhsil naziri Misir Mərdanov Türkiyənin Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin rəhbəri Ramazan Qorxmaz və Qafqaz Universitetinin rektoru Sami Özcan ilə görüşüb" (az.). edu.gov.az. 2015-09-21. 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  3. "Akademik Georq Xazai və professor Ramazan Qorxmaz AMEA Mərkəzi Elmi Kitabxanasında olublar" (az.). science.gov.az. 2014-01-21. 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.
  4. "Ramazan Korkmaz" (türk). biyografya.com. 2019-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-30.