Ramiz Qurbanov (Qurbanov Ramiz Seyfulla oğlu; 30 oktyabr 1935, Salyan, Salyan rayonu) — texnika elmləri doktoru, professor, AMEA müxbir üzvü (30.06.1989).[1], SPE Beynəlxalq Neft Mühəndisliyi cəmiyyətinin, SSRİ Ali Təhsil Nazirliyinin Mexanika Elmi-Metodik Şurasının Rəyasət Heyətinin, İxtisaslaşdırılmış dissertasiya şuralarının, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Ali Ekspertiza Komissiyasının üzvü. AMEA-nın Мexanika Problem Şurasının sədri. AMEA-nın Fizika, Riyaziyyat və Texnika Bölməsinin büro üzvü.
Ramiz Qurbanov | |
---|---|
1989 – 1990 | |
Əvvəlki | Mirzə Ağa Bağırov |
Sonrakı | Əli Sadıxov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 oktyabr 1935 (89 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | Professor |
Ramiz Qurbanov 1934-cü ildə Azərbaycan Respublikasının Salyan şəhərində Seyfulla Qurbanovun ailəsində anadan olmuşdur. Ailənin ilk övladıdır. Atası 1937-ci ildə Kürdəmir Rayon Partiya Komitəsinin katibi işləyən zaman repressiya qurbanı olmuşdur. O, ölümündən əvvəl Millətlər Sovetinə namizəd göstərilmişdi. Həmin vaxt Ramiz Qurbanov 3 yaşında idi. Anası Raziyyə Hənifə qızı Qurbanova isə həyat yoldaşının ölümündən sonra Qazaxıstanın Karaqanda şəhərinə sürgün edilib. Bu hadisədən sonra Ramiz və kiçik qardaşı Rafiq əvvəlcə uşaq evinə daha sonra isə dayılarının himayəsinə keçir. Dayıları II Dünya müharibəsində həlak olduğuna görə yenidən uşaq evinə göndərilirlər. Sürgün illərini başa vuran Raziyyə xanım Salyana qayıdır, övladları yaşayan uşaq evində xidmətçi işləyir və kirayəşin yaşayır. Onlar orta məktəbi bitirənə qədər uşaqlar evində qalırlar.[2]
Ramiz Qurbanov 1956-cı ildə "Neft yataqlarının işlənilməsi və istismarı" ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun neft-mədən kafültəsini fərqlənmə ilə bitirmişdir. "26 Bakı komissarı adına" NQÇİ-də operator kimi əmək fəaliyyətinə başlayaraq, usta köməkçisi, neft və qaz hasilatı üzrə usta, böyük mühəndis vəzifələrində işləmişdir. 1961-ci ildən başlayaraq AzNKİ-nin (indiki ADNSU) “Nəzəri mexanika” kafedrasında assistent (1961-1963), böyük müəllim (1963-1965), dosent (1965-1969), professor (1970), kafedra müdiri (1969) işləmişdir. 1963-cü ildə "Neft işində maye və qaz axmasının təyin edilmə məsələləri" mövzusunda namizədlik, 1968-ci ildə isə "Qeyri-nyuton neftlərinin hasilatının hidrodinamik xüsusiyyətləri" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. 1968–1989-cu illərdə AzNKİ-da "Nəzəri mexanika" kafedrasının müdiri, institutun elmi işlər üzrə prorektoru işləmişdir. 1989–1990-cı illərdə AzPİ-nun rektoru olmuşdur. 1989-cu ildə Qurbanov R. S. AMEA müxbir üzvü seçilmişdir.
AMEA-nın müxbir üzvü Ramiz Qurbanov keçmiş SSRİ-də qeyri-Nyuton neftlərinin çıxarılmasının nəzəri və praktik əsaslarının işlənməsi sahəsində tədqiqat aparan ilk alimlərdəndir. Apardığı tədqiqatların nəticələri əsasən neft-mədən işində baş verən texnoloji proseslərin layihələndirilməsində yeni üsulların işlənilməsi və neft texnikasının işgörmə qabiliyyətinin artırılması ilə əlaqədardır. Onun tərəfindən ilk dəfə olaraq ştanqlı quyu nasoslarında (ŞQN) baş verən proseslərin hidrodinamikasını əsaslandırmaq hesabına həmin nasosların istismar göstəricilərinin yaxşılaşdırılmasına yönəlmiş metodika işlənmiş, nəzəri və laboratoriya-sənaye tədqiqatları əsasında plunjer-silindr cütündə özlü və anomal mayelərin qeyri-stasionar rejimdə sızmasını təyin etmək üçün asılılıqlar müəyyən olunmuş və bunun sayəsində sızmanın azaldılması yolları müəyyən edilmişdir. Yüksək qaz debitli quyularda qazın zərərli təsirinin aradan qaldırılmasına və nasosun səmərəli iş rejiminin layihələndirilməsinə imkan verən ŞQN-də dolma əmsalını təyin etmək üçün yeni metodika işlənilmiş, qeyri-Nyuton xassələrinin ŞQN-nin işinə təsiri öyrənilmişdir.[3]
Qeyri-Nyuton neftlərinin süzülməsinin xüsusiyyətlərinin və özlüplastik mayelərin tədqiqi əsasında qeyri-Nyuton neftli yataqlarda geniş tətbiq olunan lay təzyiqinin təyinedilmə üsulu təklif olunmuşdur. Bu üsuldan layda və quyu gövdəsində hərəkət zamanı neftin qeyri-Nyuton xassəsini aşkar etmək üçün istifadə olunur. Çoxfazalı axının rejim təsnifatı əsasında qaz-maye qarışığının borularda hərəkətinin hesablanmasında dəqiqliyi təmin edə bilən prinsipcə yeni nəzəri yanaşma üsulu təklif olunmuşdur. Bu üsuldan dəniz mədənlərində geniş istifadə olunur.[3]
AMEA-nın müxbir üzvü Ramiz Qurbanovun rəhbərliyi ilə 35-dən çox fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. O, 250-dən artıq elmi iş və ixtiranın, o cümlədən 7 monoqrafiya və dərsliyin, 31 müəlliflik şəhadətnaməsinin, 9 patentin müəllifidir.[1]
Aşağıdakı siyahıda alimin elmi əsərlərindən bəzilərinin adları verilmişdir:[4]