Ramiz Zöhrabov

Zöhrabov Ramiz Fərzulla oğlu (2 may 1939 – 24 aprel 2017) — Azərbaycan mədəniyyətinin alimi. Tanınmış musiqişünas-alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Respublikasının Xalq artisti, sənətşünaslıq doktoru, professor.

Ramiz Zöhrabov
Zöhrabov Ramiz Fərzulla oğlu
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (77 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Elm sahəsi Musiqişünaslıq
Elmi dərəcəsi Sənətşünaslıq üzrə elmlər doktoru (1994)
Elmi adı Professor (1992)
Tanınır Bəstəkar, musiqişünas
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2008 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1990
"Şöhrət" ordeni — 2009"Humay" mükafatı

Ramiz Zöhrabov 1939-cu il may ayının 2-də Bakı şəhərində anadan olmuşdur. O, 1947–1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki orta ixtisas musiqi məktəbində təhsil almış və 1958–1960-cı illərdə Konservatoriyanın ifaçılıq fakültəsinin simli alətlər şöbəsində oxumuş, 1965-ci ildə isə Konservatoriyanı musiqişünaslıq ixtisası üzrə bitirmişdir. Əmək fəaliyyətinə 1965-ci ildə Gəncə şəhərindəki Qəmbər Hüseynli adına orta ixtisas musiqi məktəbində musiqi tarixi və nəzəriyyəsi üzrə müəllim kimi başlayan Ramiz Zöhrabov 1966–1968-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xalq musiqisi üzrə redaktor vəzifəsində işləmişdir. O, 1968–1969-cu illərdə Bakı şəhər 16 saylı musiqi məktəbində musiqi nəzəriyyəsindən dərslər aparmış, 1969-cu ildən etibarən indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi, baş müəllimi, dosenti və professoru, 1989-cu ildən isə həmin kafedranın müdiri olmuşdur. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının İdarə Heyətinin katibi seçilən Ramiz Zöhrabov 2012-ci ilədək həmin vəzifədə çalışaraq, ölkəmizdə musiqişünaslığın inkişafına dəyərli töhfələr vermişdir.

Professor Ramiz Zöhrabovun elmi fəaliyyəti Azərbaycanın zəngin musiqi irsinin tədqiqi və təbliği ilə sıx bağlıdır. Alimin Azərbaycan muğamlarına, o cümlədən təsniflərə, zərb-muğamlarına və dəsgahlara həsr etdiyi 200-dən artıq elmi əsər və kitab mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Görkəmli muğam ustadlarının ifasından çox sayda muğam və təsniflərin ilk dəfə nota alınması Ramiz Zöhrabovun səyləri nəticəsində gerçəkləşmişdir. Alimin tədqiqatları, eləcə də Azərbaycan bəstəkarlarının yaradıcılığını əhatə edir. Ramiz Zöhrabovun Azərbaycan musiqişünaslığının uğuru sayılan araşdırmaları xarici ölkələrdə nəşr olunaraq müxtəlif alimlər tərəfindən mötəbər mənbə kimi qəbul edilmişdir.

Ramiz Zöhrabov ölkəmizdə və onun hüdudlarından kənarda beynəlxalq simpoziumlarda, konfranslarda muğam sənətinə dair dərin məzmunlu çıxışları ilə Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil etmişdir. Milli mədəni nailiyyətləri müxtəlif səviyyələrdə daim tanıtmağa çalışan alim uzun illər ərzində apardığı silsilə radio və televiziya verilişləri ilə musiqisevərlərin rəğbətini qazanmışdır. Yarım əsrə yaxın bir müddətdə pedaqoji fəaliyyətlə məşğul olmuş Ramiz Zöhrabov respublikada musiqişünas alimlərin bir neçə nəslinin yetişdirilməsi üçün böyük əmək sərf etmişdir. Alimin rəhbərliyi ilə sənətşünaslıq sahəsində bir çox fəlsəfə və elmlər doktorları hazırlanmışdır. Ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən genişmiqyaslı mədəni proqramlarda, o cümlədən muğam müsabiqələrində musiqişünas kimi yaxından iştirak edən Ramiz Zöhrabovun muğam aləminin sirlərinin tamaşaçılara dəqiqliklə çatdırılması və insanların estetik zövqünün inkişaf etdirilməsində mühüm xidmətləri vardır. Ramiz Zöhrabovun Azərbaycan musiqi mədəniyyətinin zənginləşdirilməsi sahəsində çoxillik səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, 1990-cı ildə "Əməkdar incəsənət xadimi" və 2008-ci ildə "Xalq artisti" fəxri adlarını almış, 2009-cu ildə isə müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilmişdir.

Ramiz Fərzulla oğlu Zöhrabov 2017-ci il aprelin 24-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Ramiz Zöhrabovun oğlu rejissor Rəşad Zöhrabovu 22 oktyabr 2016-cı ildə avtomobil vurub və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, koma vəziyyətində olub. Həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb. Faciəli şəkildə dünyasını dəyişən rejissorun dörd övladı var idi.

Fəxri adları və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • Sənətşünaslıq namizədi (1974)
  • Dosent (1979)
  • Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi (1990)
  • Professor (1992)
  • Sənətşünaslıq doktoru (1994)
  • "Humay" mükafatı (1997)
  • Azərbaycan Respublikasının Xalq Artisti
  • Şöhrət ordeni
  1. Muğam. Monoqrafiya. B., "Azərnəşr", 1991;
  2. Azərbaycan təsnifləri. Təbriz, Enteşarate Məhran, 1991;
  3. Теоретические проблемы азербайджанского мугама. Tədqiqat. B., "Şur", 1992;
  4. Musiqi ədəbiyyatı. Uşaq musiqi məktəblərinin V sinfi üçün dərslik /həmmüəllif – S. Qasımova, T. Hüseynova/. B., "Şur", 1992;
  5. Hacı Xanməmmədov. Broşür. B., "Şur", 1992;
  6. Rauf Hacıyev. Broşür. B., "Şur", 1993;
  7. Bəstəkarlarımız haqqında söz. B., "Şur", 1995;
  8. Ramiz Mustafayev. Broşür. B., "Ergün", 1995;
  9. Şifahi ən'ənəli Azərbaycan peşəkar musiqisi. Ali məktəblər üçün vəsait. B., Azərbaycan Ensiklopediyası, 1996;
  10. Bəstəkarlarımızın portreti. B., "Gənclik", 1997;
  11. "Çahargah" muğam-dəstgahının nəzəri əsasları. B., "Şur", 2000;
  12. Tofiq Quliyevin mahnı yaradıcılığına bir baxış. "Azərbaycan milli musiqisinin tədqiqi problemləri" e/m toplusu /IV buraxılış/. B., BMA-nın nəşri, 2001.
  1. Ömrün müdrik illəri /Əşrəf Abbasovun yaradıcılığından səhifələr/. "Ədəbiyyat və incəsənət" qəzeti, № 13, 13.04.1990;
  2. Azərbaycan tarı /V. Əbdülqasımovun eyniadlı kitabı haqqında/. "Ədəbiyyat və incəsənət", 19.10.1990;
  3. Skripkaçalan və müğənni /R. Adıgözəlov – 50/, "Ədəbiyyat və incəsənət", 16.11.1990;
  4. Yaradıcılıq axtarış deməkdir /T. Bakıxanov – 60/, "Ədəbiyyat və incəsənət", 21.12.1990;
  5. Müəllifini yaşadan əsərlər /Ağası Məşədibəyov – 80/, "Mədəniyyət" qəzeti, 09.01.1992;
  6. Sevimli pedaqoq, mahir tədqiqatçı /Z. Qafarova – 50/, "Mədəniyyət", 08.01.1993;
  7. Nizami mövzusuna yeni müraciət /T. Bakıxanovun "Xeyir və Şər" baleti haqqında/, "İncəsənət" qəzeti, 13.07.1993;
  8. Görkəmli bəstəkar və müəllim /S. Ələsgərov/, "İncəsənət", 12.04.1994;
  9. Dəstgahda avaz. /12 muğam sistemi haqqında/. Təbriz, "Azadlıq beşiyi" qəzeti /fars dil./, 26. 10. 1997;
  10. "Rast" ailəsindən olan muğamlar. Təbriz, "Azadlıq əsri" qəzeti /fars dil./, № 31, 1998;
  11. Dəyərli tədqiqat. /E. Babayevin "Şifahi ən'ənəli Azərbaycan musiqisində intonasiya problemləri" monoqrafiyası haqqında mülahizələr/, "Musiqi dünyası" jurnalı, № 1, 1999;
  12. Zülfü Adıgözəlov xatirələrdə. "Musiqi dünyası", № 1, 1999;
  13. Bəstəkar–pianoçu Sevda İbrahimova. "Musiqi dünyası", № 1, 2000;
  14. Sənətinə sadiq insan /N. Şəfiyeva – 60/, "Musiqi dünyası", № 2, 2000;
  15. Vasif Adıgözəlov /bəstəkarın 65 illiyinə həsr olunub/. "Musiqi dünyası", № 3–4, 2000;
  16. Bülbül və Azərbaycan xalq musiqisi. "Musiqi dünyası", № 1–2, 2001;
  17. Aydın Ziyadlı – 50. "Musiqi dünyası", № 1–2, 2001;
  18. Ramiz Mustafayev /bəstəkarın 75 illiyinə həsr olunub/. "Musiqi dünyası", № 3–4, 2001;
  19. Nazim Bağırov – 60. "Musiqi dünyası", № 3–4, 2001;
  1. Silsilə televiziya verilişlərinin – "Musiqi kollektivlərimiz", "Poeziya və musiqi", "Xalq musiqisinin inciləri" – müəllifi və aparıcısı (1990–2001). Musiqi əsərləri: Kamança və piano üçün "Monoloq" (1993);
  2. Xalq çalğı alətləri orkestri üçün "Laylay" (1998);
  3. "Ərdəbil lövhələri" Süitası (1999). B. Vahabzadə, T. Mütəllibov, R. Əhmədzadə və b. şairlərin söz. mahnılar (1990 – 2001).

Məruzə və çıxışları

[redaktə | mənbəni redaktə et]

Respublika elmi konfranslarında məruzə və çıxışlar (1990–2001).

Dövri mətbuat məqalələri

[redaktə | mənbəni redaktə et]

Dövri mətbuatda məqalələr (1990–2001).

  1. Musiqişünas (film, 2001)
  2. Muğam (veriliş, 2007)
  3. Muğamat var olan yerdə... (film, 2009)
  4. Xalq təranələri (film)