Rasim Gənzəli (tam adı: Rasim Qulu oğlu Məmmədli; 9 fevral 1962, Gənzə, Ordubad rayonu – 12 avqust 2018, Bakı) — Azərbaycan yazıçısı[1], jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin üzvü[2], Milli Dirçəliş Hərəkatı Partiyasının sədrinin humanitar məsələlər üzrə müşaviri[3], “Beynəlxalq Əlillər Cəmiyyəti”nin İdarə Heyəti üzvü[4]
Rasim Gənzəli | |
---|---|
Rasim Qulu oğlu Məmmədli | |
| |
Doğum tarixi | 9 fevral 1962 |
Doğum yeri | |
Vəfat tarixi | 12 avqust 2018 (56 yaşında) |
Vəfat yeri | |
Təhsili |
Rasim Qulu oğlu Məmmədli 9 fevral 1962-ci ildə Naxçıvan MSSR-nin Ordubad rayonunun Gənzə kəndində anadan olmuşdur.[5] Uşaqlıqdan əlildir, yeriyə bilmir. Evdə fərdi surətdə orta, daha sonra isə ali təhsil almışdır. Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakultəsinin kitabxanaçılıq və biblioqrafiya ixtisasını bitirmişdir.[6]
Gənc yaşlarından publisistik və bədii yaradıcılıqla məşğul olmuşdur. Ordubadda çap olunan "Yeni Ordubad" və "El həyatı" qəzetlərində ştatdankənar müxbir kimi fəaliyyət göstərib. 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[5][6]
Bütün kitablarının adları “Q” hərfi ilə başlayır. Səbəbini özündən soruşduqda belə cavab verib: “İki kitabım nəşr olunmuşdu. Bir gün qardaşım qızı gəldi ki, əmi, bəs fikir vermisənmi, sənin kitablarının adı “Q” hərfi ilə başlayır? Doğrusu, özüm diqqət etməmişdim. O gündən sonra yazdığım kitablarıma “Q” hərfi ilə başlayan adlar seçdim”.[7]
2012-ci ildə Bakıda Mahmud Allahmanlının "Elm və təhsil" nəşriyyatında Rasim Gənzəlinin yaradıcılığının təhlil olunduğu, hekayələrinin, povestlərinin, romanlarının mövzu istiqamətləri, problematikası elmi-nəzəri şərh edildiyi "Rasim Gənzəlinin bədii nəsri" əsəri çap edilib.[8]
2018-ci ilin fevral ayında Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist Rasim Gənzəlinin 55 illiyi münasibətilə tədbir keçirilib. Görüşdə həmçinin oxuculara yazıçının yenicə çapdan çıxmış “Qərib gecələr” kitabı da təqdim olunub.[9]
Respublikanın dövri mətbuatında 600-ə yaxın məqalə və publisistik yazıları dərc olunub.
"Ədəbiyyat sahəsində xidmətlərinə görə Prezident mükafatı"[2], "Qızıl qələm", "Vətən", "Yaddaş"[10], "Türk ədəbiyyatına xidmət", BMT-nin ədəbiyyat üzrə Avropa ordeni ilə təltif edilmişdir.[5][6]
12 avqust 2018-ci ildə Bakı şəhərində vəfat etmişdir.[11][12]
Ailəli idi. Həyat yoldaşı olmuş Kamilə Dönməz də şairədir, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.[5][6]