Rebekka (ing. Rebecca) – ABŞ prezidenti Kalvin Kulic və həyat yoldaşı Qreys Kulic tərəfindən saxlanılan dişi yenot.
Rebekka Mississippi ştatında tutulub.[1] 1926-cı ildə Şükran günü naharında servis edilmək məqsədilə Ağ evə göndərilsə də, Kulic ailəsi onu yemək əvəzinə ev heyvanı kimi saxlamaq qərarına gəlmişdilər. Milad bayramında Rebekka üçün üzərində "Ağ evin yenotu" sözləri olan naxışlı yaxalıq hazırlanmışdır. Rebekka hər il Ağ evdə keçirilən Pasxa bayramı zamanı yumurta diyirləmə yarışlarında iştirak etməyi sevirdi.[2]
Rebekka korolyok və krevet ilə yedizdirilirdi, yumurta isə sevimli qidası idi.[3] Ağ evdə və həyətdə sərbəst şəkildə gəzməsinə icazə verilirdi. Rebekka bəzən Ağ evdə yaramazlıqlar da edirdi: lampaları sökür, kabinetləri açır və otaq bitkilərini dibçəkdən çıxarırdı.[4]
Qreys Kulic onun haqqında yazmışdır:
Böyük ağacların birində onun üçün ev düzəltdik və onu qorumaq üçün ətrafına tikanlı məftil düzdük. Çöldə olanda zəncir taxırdıq, amma Ağ evin içində sərbəst idi. Yaramaz idi və Ağ evin içində olanda ona nəzarət etməli olurduq. Bir az su ilə doldurulmuş vannanın içinə qoyanda və oynaması üçün bir parça sabun verəndə çox əylənirdi. Özünü bir saatdan çox bu məşğuliyyətlə əyləndirə bilirdi.[3] |
1927-ci ilin martında Ağ evin bərpa işləri zamanı Kulic Rebekkanı müvəqqəti olaraq Dupon dairəsi malikanəsinə gətirmişdir.[5] Kulic ailəsi Blek-Hillsə tətilə gedərkən 2 it və 5 bülbüllə yanaşı Rebekkanı da səbətə qoyub özləri ilə aparmışdı.[6][2][5] Kalvin Kulicin Ağ evi tərk etməyə hazırlaşarkən 1929-cu ildə Rebekkanı Vaşinqtonun Rok-Krik parkında yerləşən zooloji sığınacağa (indiki Milli Zooloji Park) bağışlamışdır.[2][7] Lakin Rebekka bura uyğunlaşa bilməmiş və tezliklə ölmüşdür.[8]
Rebekkaya yoldaş olması üçün Ağ evə Ruben adlı erkək yenot da gətirilmişdir. Ruben tez-tez qaçmağa çalışırdı və hər dəfə Ağ evin heyəti tərəfindən yaxalanırdı. Ən sonda isə həmişəlik qaça bilmiş və bir daha ondan xəbər alınmamışdır.[2][3]
Kalvin Kulicdən sonra gələn növbəti ABŞ prezidenti Herbert Huver ev heyvanı kimi saxladığı Billi adlı opossumu Ağ evə gətirmiş və Rebekkanın ağacdakı evini Billi tutmuşdur.[2][9]