Ribes

Qarağat (lat. Ribes) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinə aid bitki cinsi.

Qarağat
Elmi təsnifat
Beynəlxalq elmi adı

25-30 dərəcə şaxtaya və 30-40 dərəcə istiyə dözən, bol və sabit məhsul, tez bar verən qiymətli çoxbudaqlı kol bitkisidir. Qarağat üzüm kimi çoxillik meyvədir. Xəstəlik və ziyanvericilərə qarşı çox dözümlüdür. Əsasən qələm və kök vasitəsi ilə çoxalır. Qarağat mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri şivlərdə tək saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval formalıdır. Meyvələrinin rəngi yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı şirin, turşməzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları vardır. Hazırda qarağatın bir çox mədəni sortları yetişdirilmişdir.

3 növə ayrılır: qara qarağat (ribes nigrum), qırmızı qarağat (ribes rubrum) və ağ qarağat (ribes aureim). Qırmızı qarağatın yayılmış sortlarından Qırmızı Versalski, Qırmızı Hollandiya, Krasnıy krest, Məhsuldar Feya, Zamok Xautona, Qırmızı çutovka və s. göstərmək olar. Ağ qarağatın sortlarından Ağ Bulonski, Ağ versalski, Ağ Hollandiya və Yuterborq misal göstərilə bilər. 150 qram qırmızı qarağatda 40, qara qarağatda isə 79-80 milliqram "C" vitamini var. Qarağat meyvələrinin tərkibində şəkərin miqdarı 16,2-18, ümumi turşunun miqdarı isə 1,8-3 faizdir. Qarağatın tərkibində 13,5% şəkər, 2% üzvi turşu, 1% pektinli maddə, 54 mq% C, 0,25 mq% P, B qrupu vitaminləri və karotin vardır. 0,2-0,7% mineral maddə vardır ki, bunun da əsasını fosfor, mis, dəmir, kalium, natrium, kalsium və maqnezium təşkil edir.

Qırmızı və ağ qarağatın tərkibində orta hesabla 6,7-8,2% şəkər, 2,6-3,8% turşu, 20-45 mq% C vitamini, 0,19-0,26% pektin maddələri, 0,24-2,38% protopektin, 0,41% pentozan, 3,88% sellüloza, 0,11% aşı və boya maddəsi, 0,20-0,91% azotlu maddələr vardır. Azərbaycanda 2 növü yabanı halda bitir. Lənkəran, Şəki, Zaqatala rayonlarının meşəliklərində yayılmışdır. Həmçinin həyətyanı sahələrdə də kifayət qədər əkilib, becərilir.

Qarağat təzə halda yeyilir, mürəbbə, konfityur, kompot, jele, marmelad, konfet və karamel üçün içlik və şərab hazırlamaq üçün sərf edilir. Qış üçün qarağatı qurudur, sirkəyə qoyur və əzib şəkərlə 1:2 nisbətinə qarışdırırlar.