Riqanın qara balzamı (latış. Rīgas Melnais balzams) — 45 %-li tünd və möhkəm balzam zəngin və bir qədər acımtıl-şirin dada malikdir. İçki Latviyada istehsal olunur[1]. Alkoqol içki kimi Riqa balzamı bitter kareqoriyasına aid edilir[2]. Müxtəlif natural əlavələr (cökə ağacının çiçəkləri, ağcaqayın tumurcuqları, moruq, mərsin, zəncəfil kökü) içkinin dadına xüsusi əhəmiyyət verir. Riqa balzamı birbaşa günəş işığından və həddindən artıq temperatur dəyişikliyindən qorumaq məqsədilə keramik butulkalarda satışa buraxılır. Riqa qara balzamı Avropada hələ 1752-ci ildən məlum idi[2]. Balzamı həm təmiz, həm də çay, qəhvə, dondurma və ya kokteyl şəklində içmək olar. Balzam həmçinin dərman vasitəsi kimi də istifadə edilə bilər, məsələn soyuqdəymə, zökəm və ya həzmlə bağlı problemlər olduqda balzam çox kömək edir[3]
Riqa balzamı | |
---|---|
Növü | bitter |
Alkoqol | 45 % (V/V) |
İstehsalçı | Latvijas balzams |
Mənşəsi | |
Yaradıldığı il | 1752 |
Rəngi | tünd qəhvəyi çalarları |
rigablack.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Balzamın tərkibinə 24 inqredient daxildir. Onlardan ən əsası - xüsusi hazırlanmış su, etil spirti, təbii bitki ekstraktı, peru balzam yağı, şəkər, konyak, moruq, qarağat, zəncəfil, təbii bal aromatizatoru.
"Riqa balzamı" - geniş bitterlər ailəsinin üzvüdür. Bitter sonluqların alman mənşəli olması təəccüblü deyil - bitki mənşəli spirli içkilərin əsas arealı Almaniyadır.
Əfsanələrin birinə görə, XVIII əsrin ortalarında, riqalı əczaçı Abraham Kuntse XVII əsrə aid köhnə suda həll edilmiş otlu cövhərinin reseptinə əsaslanaraq, yeni "möcüzəvi balzam" hazırlamışdı. Yaratdığı yeni içkini o 1789-cu ildə "Kuntse balzamı" adı altında mədə-barsaq ağrılarından əziyyət çəkən rusiya İmperatriçası II Yekaterinaya dərman vasitəsi olaraq təqdim etmişdi. Balzamın müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirən II Yekaterina A.Kuntseyə balzamın istehsalına imtiyaz verdi. Və 1789-cu ildən başlayaraq, il ərzində Rusiyaya 300 000 keramik butulka göndərilirdi. Bunun əsasında "Riqanın qara balzamını" Pribaltikanın ən birinci alkoqol içkisi hesab etmək olar. Baxmayaraq ki, XVIII əsrdə içkinin tərkibi və rəngi təmamilə başqa idi (tərkibində zəfəran olan balzam, güman ki, qara deyil sarı rəngdə olub), dərəcəsi isə 12–16% idi. "Riqalı Kuntse" içkisinin tərkibinə o zaman daxil idi:
tərkib | faizlə |
---|---|
aromatik su | 75 % |
spirt tinkturası | 22,5 % |
zəfəran ekstraktı | 2,5 % |
Aromatik suyun alınması üçün lavanda çiçəkləri, nanə yarpaqları, rozmarin, adaçayı, şüyüd, darçın kompozisiyalarından istifadə olunaraq, 87% spirt qarışığı ilə doldurulur, 24 saat ərzində saxlandıqdan sonra isə 200 ml su ilə distillə edilirdi.
İohann Volfqanq Göte özünün məşhur "Faust" poemasında Riqa balzamını "cavanlıq eliksiri" adlandırmışdı.
1845-ci ildə Albert Volşmidt adlı sənayeçi Riqada balzamı istehsal edən zavod açmışdı. İçkinin resepti nisbətən mürəkkəbləşdirilmişdi, onun hazırlanma üsulu sirr olaraq saxlanılırdı, içkinin dərəcəsi isə 45% qədər artırılmışdı. O vaxtdən II Dünya müharibəsinə qədər içkinin hazırlanması Şrader sülaləsi gizli saxlayırdı və Riqa balzam zavodunda master və kargər şəklində çalışırdılar. 1939-cu ildə Şraderlər Latviyanı tərk etdilər və balzamın sirrini hətta müəssisənin sahibinə belə satmadılar.
Böyük Vətən müharibəsi illərində balzamın resepti itmişdi və yalnız 1954-cü ildə onu bərpa etmək mümkün oldu. Onun istehsalı "Riqa likör-vodka zavodunda" başlamışdı (hazırda Latvijas Balzams şirkətində)[4].
Latvijas Balzams şirkəti hazırda Riqa balzamının və balzamın digər növlərinin itehsalı ilə məşğuldur. Balzamın fərqli çeşidləri var[5]., məsələn:
Qarağatlı Riqa balzamı (latış. Rīgas Melnais balzams upeņu) - bu içki qara balzamın, qarağat nektarının və incə ətirli zənəfilin birgə kompozisiyaıdır. Qarağatlı Riqa balzamını həm təmiz, həm də kokteyl şəklində qəbulu məsləhət görülür. İçkinin həcmi 1, 0.7, 0.5, 0.35, 0.2, 0.04 L, dərəcəsi isə 30%-dir.
Riqa qara krem balzamı - əfsanəvi qara balzamın əsasında qaymaqlı likördur. Riga Black Balsam Cream özündə harmonik şəkildə sehrli və balzamın qaymaqlı kompozisiyayla unikal dadı birləşdirir. Bu da içkiyə şirin vanilli karamel aromatı verir. Liköru buzla, təmiz və ya kokteyl şəklində qəbul etmək məsləhət görülür. İçkinin həcmi 0.5 L, dərəcəsi isə 17%-dir.
Black Balsam Cherry - Qara balzam və albalı şirəli qazlı alkoqol kokteylidir. Təkrarolunmaz Riqa qara balzamı kokteylə orjinal dad və qalıcı ətir verir. Kokteylin soyuq halda içilməsi məsləhət görülür[6] İçkinin həcmi 0.275 L, dərəcəsi isə 5.5%-dir.
Black Balsam Currant - Qara balzam və qarağat nektarlı qazlı alkoqol kokteylidir. Təkrarolunmaz Riqa qara balzamı kokteylə nəfis və orjinal dad verir. Kokteylin soyuq halda içilməsi məsləhət görülür[7] İçkinin həcmi 0.275 L, dərəcəsi isə 5.5%-dir.
Ümumilikdə, 2012-ci ildə "Riqa Qara balzamın" 24%-i, yəni hər 4-cü butulkası digər ölkələrə ixrac edilmişdi. İçki Duty Free zonaları da daxil olmaqla artıq 22 ixrac bazarında satışda var. 2012-ci ildə ümumi ixrac həcmi 283 743 litr təşkil etmişdi. Balzam daha çox Kalininqrad vilayətinə, Polşa, Böyük Britaniya, Qazaxıstan, Azərbaycan və Gürcüstana ixrac edilir[8].
1860-cı ildən 1935-ci ilə kimi Riqa balzamı Beynəlxalq sərgilərdə 33 qızıl və gümüş medal qazanmışdı. İçki həmçinin Moskvada düzənlənən "Prodekspo-2006" sərgisində Qran-pri mükafatına layiq görülmüşdü.