E.ə. 49-cu ildə təxminən yanvarın 10-da Yuli Sezar Qalliyadan qayıdarkən XIII Legion Gemina ilə Romaya doğru irəliləyirdi.[1] Bu, həmin dövrdə respublika qanunlarına zidd idi. Tarixçi Svetoni bu hadisəni təsvir edərkən qeyd edir ki, Sezar Rubikon çayını keçməzdən əvvəl xeyli tərəddüd içində idi, lakin fövqəltəbii bir hadisə nəticəsində bu addımı atmağa qərar verdi. Svetoninin dediyinə görə, Sezar məşhur ālea iacta est ("Püşk atılmışdır") ifadəsini həmin vaxt işlədir.[2] "Rubikonu keçmək" ifadəsi isə bu hadisədən sonra bir şəxs və ya qrup tərəfindən geri dönüşü olmayan riskli addım atmaq mənasında istifadə edilir. Sezarın sürətli hərəkətini görən Senat və konsullar ona qarşı döyüşməyə hazır deyildilər, buna görə də, Romanı tərk edərək Pompeyə ordu yığmaq səlahiyyəti verdilər.