Ruh-bədən və ya nəfs-bədən problemi (ing. mind-body problem) — fəlsəfi fikir tarixinin əsas problemlərindən biridir. Hazırda zehin fəlsəfəsi daxilində müzakirə olunan ruh-bədən probleminin əsasında maddi olmayan ruh və ya nəfslə maddi olan bədən arasındakı əlaqənin keyfiyyətinin öyrənilməsi dayanır[1]. Bu problemi insanın nəliyi ilə bağlı fəlsəfi arayışlar doğurmuşdur. İnsan nədir? Adi maddi bir tərkibdən ibarətdir, yoxsa mental bir tərəfə, ruha da sahibdir? Əgər mental tərəfimiz də varsa o şey nədir? İnsan əslində nədir, bir ruha sahib bədən, yoxsa bir bədəni olan ruhdur? Ruh bədən problemində bu iki substansiya arasında əlaqəni müəyyənləşdirməzdən əvvəl həll edilməli olan iki problem ruh və bədənin nəliyi məsələsidir. Ruh və bədən haqqında suallara verilən cavablar bu problemə berilən cavabı böyük ölçüdə təmin etmiş olur. Qısaca desək, ruh-bədən problemi əslində üç problemdən təşkil olunmuş kompleks fəlsəfi bir problemdir[2].
Fəlsəfi fikir tarixində ruh bədən əlaqəsi mövzusunda iki əsas yanaşma mövcuddur: monizm və dualizm. Qədim yunan filosofu Parmenidesdən bəri aralarında XVII əsrin məşhur filosoflarından olan Benedikt Spinozanın da olduğu bir çox filosofun müdafiə etdiyi monist dünya görüşünə görə ruh və bədən fərqli mahiyyətlərə sahib iki substansiya olmayıb eyni mahiyyətə sahibdirlər. İki grupa ayrılan monizm tərəfdarlarından fizikalistlər adlandırılan birincilər ruh və bədənin hər ikisini maddiləşdirir. Ruha aid edilən bütün xüsusiyyətlərin beyindən doğan və onun funksiyaları hesab edən bu fikrin tərəfdarları arasında başda Otto Neyrat və Rudolf Karnap olmaqla Vyana Məktəbi filosoflarını qeyd etmək olar. Neytral monistlər olaraq tanınan ikinci grup isə bu iki şeyin fiziki və mental olmayan neytral bir substansiyadan törədiyi fikrini irəli sürür. İlk dəfə qədim yunan filosofu Platon tərəfindən sistemləşdirilərək müdafiə edilən, orta əsr xristian sxolastiklərinin və müsəlman peripatetiklərinin də davam etdirdiyi dualizmə görə isə nəfs və bədən və ya ruh və maddə bir-birindən ayrı iki substansiyadır[1].
Bu gün zehn fəlsəfəsi (philosophy of mind) içində müzakirə edilən ruh/nəfs-bədən probleminə dair psixoloji, fəlsəfi, neyroloji aspektdən yanaşmalarla irəli sürülən çox sayda nəzəriyyələr vardır, lakin bu problemə metafizik baxımdan yanaşaraq, insanın maddi, mənəvi yoxsa bu ikisinin qarışığından meydana gələn bir şey olduğunu aydınlaşdırmağa çalışan filosofların ortaya atdığı əsas nəzəriyyələr aşağıdakılardan ibarətdir.
Dualizm iki cür substansiyanın mövcudluğunu qəbul edən nəzəriyyədir. Bunlar ruhani, zehni və ya qeyri-maddi varlıqlar və maddi, fiziki varlıqlardır. Dualistlərə görə bunlar biri-birindən təmamilə ayrı iki substansiyadır, yəni heç bir ruh maddə deyildir və heç bir maddə də ruh deyildir. Dualist nəzəriyyəyə görə bir şəxs həm ruha (və ya zehnə), həm də bədənə eyni anda sahibdir, lakin əksər dualistlərin fikrincə insanı insan edən onun ruhudur, başqa cür desək inan ruhuyla eyni şey olub, bədəninə sahibdir. İnsanın varlğı ruhuyla eyni olduğu üçün, onlara görə bədən olmadan da insan varlığını davam etdirəcəkdir[3].
Məntiqi davranışçılıq nöqtəyi-nəzərindən zehni və ya mental hadisələr əslində davranışla bağlı hadisələrlə eyni şeydir. Məsələn, düşünmək, inanmaq, müşahidə etmək və xatırlamaq kimi şeylər bir davranış forması və ya bu davranışı ifadə etmə meyli və ya təbiəti olaraq qəbul edilməlidir. Yəni, bu düşüncədə olanlara görə, zehin də davranışdan fərqli onun fövqündə olan bir şey deyildir. Nəzərə almaq lazımdır ki, burada davranış deyildiyi zaman hamı tərəfindən müşahidə edilə bilən fiziki maddi davranışlar nəzərdə tutulur[4].
İdealizmə görə əslində var olan zehnlər və ya ruhani şeylərdir. Həm ruh, həm də maddənin varlığını qəbul edən dualizmdən fərqli olaraq idealistlərə görə maddi, fiziki varlıqlar xarici aləmdə zehindən xaric maddi bir cövhərdən meydana gələn şeylər deyillər. İdealislər stol, stul, ağac, daş və s. Gündəlik həyatda gördüyümüz fiziki şeylərin var olduğunu rədd etməsə də onların düşünülmədən var olduqlarını və "maddə" deyə fiziki bir substansiyadan təşkil olunduqlarını qəbul etmirlər. Onlar görə, fiziki varlıqlar zehnimizdən müstəqil olaraq mövcud deyillər. Əgər zehinlər var olmasaydı maddi varlıqlar da var olmazdı. Yəni əslində onlara görə bizim fiziki, maddi varlıqlar olaraq tanıdığımız şeylər əslində ruhani, zehni varlıqlardır[5].