Sübhan Əliyev (tam adı: Sübhan Fərmayıl oğlu Əliyev; 15 oktyabr 1981, Bakı) — Azərbaycan hüquqşünası, hüquq elmləri doktoru (2019),[mənbə göstərin]AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri (2020),[mənbə göstərin] Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, BDU Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının professoru (2022), "Sirius" Vəkil Bürosunun təsisçisi və müdiri (2022).[1]
Sübhan Əliyev | |
---|---|
Sübhan Fərmayıl oğlu Əliyev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Elm sahəsi | Hüquq |
Elmi dərəcəsi | Hüquq elmləri doktoru |
Elmi adı | professor |
İş yerləri |
Bakı Dövlət Universiteti AMEA Hüquq və İnsan Haqları İnstitutu |
Təhsili | Bakı Dövlət Universiteti |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
Sübhan Əliyev 15 oktyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1998-ci ildə Bakı şəhəri 245 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra elə həmin il ödənişsiz əsaslarla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olub. 2003-cü ildə isə həmin fakültədə Dövlət hüququ ixtisaslaşması üzrə dövlət hesabına magistratura təhsili almağa başlayıb. Sübhan Əliyev 2005–2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında aspirantura, 2012–2018-ci illərdə isə yenə həmin kafedrada doktorantura təhsilini davam etdirib.
Sübhan Əliyev evlidir, iki uşağı var.
Sübhan Əliyev 2010-cu ildə "Azərbaycan Respublikası yerli özünüidarəetməsinin təşkilati-hüquqi formaları" mövzusunda dissertasiya işini müdafiə etmiş və 2011-ci il iyunun 22-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir.
2013-cü ildə Konstitusiya hüququ kafedrasının dosenti seçilmiş, 2015-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir.
2018-ci ildə "İnsan Hüquqları sahəsində beynəlxalq hüquq normalarının realizəsinin dövlətdaxili təminat mexanizmləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş[2] və 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona hüquq elmlər doktoru elmi dərəcəsi verilmişdir.
Sübhan Əliyevin əsas tədqiqat sahələri inzibati hüquq, inzibati-prosessual hüquq, parlament hüququ, konstitusiya hüququ, vəkillik hüququ və bələdiyyə hüququdur.
Sübhan Əliyev 2006-cı il 5 sentyabrdan BDU-nun Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasında müəllim qismində çalışır və "İnzibati hüquq", "Müqayisəli inzibati hüquq", "Hüququn əsasları", "İnzibati-prosessual hüquq", "Dövlət qulluğu" fənnlərini tədris edir. O, 2015-ci ildən etibarən Təhsil Nazirliyinin "SABAH" qruplarında, 2018-ci ildən isə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında "İnzibati hüquq" və "İnzibati-prosessual hüquq" fənnlərini tədris edir.[3]
Sübhan Əliyev, həmçinin, 2013-cü il Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin təsdiq və rəsmən elan edilməsinə,[4] 2015-ci il Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkilərinin nəticələrinə,[5] eləcə də ayrı-ayrı qanunvericilik aktlarının şərh edilməsinə[6][7] dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının qəbul edilməsi zamanı hüquqşünas-ekspert kimi iştirak etmişdir.
2015-ci ildən mütəmadi olaraq Ədliyyə Akademiyasında Ədliyyə Nazirliyinə, hakimliyə və vəkilliyə qəbul olanlara "İnzibati hüquq" fənnindən təlimlər keçir. Sübhan Əliyevin təlim keçdiyi şəxslər arasında Dövlət Miqrasiya Xidmətinin aparatında və sisteminə daxil olan qurumlarda çalışan işçilər də vardır.[8]
Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü[9] olan Sübhan Əliyev 2020-ci ilin sentyabr ayından AMEA Hüquq və İnsan Haqları İnstitutunun Dövlət və Konstitusiya hüququ şöbəsinin müdiri vəzifəsini icra edir.[10] Onun təşəbbüsü ilə 10 fevral 2022-ci ildə Bakı şəhərində Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Milli Məclisin deputatları Kamal Cəfərov və Bəhruz Məhərrəmovun da iştirakı ilə "Sirius" Vəkil Bürosunun açılışı keçirilmişdir. Sübhan Əliyev həmin tarixdən etibarən həmin büronun müdiri kimi fəaliyyət göstərir.[1] Fəlsəfə doktorluğu dissertasiyasının təsdiqini həyata keçirən Əlaqələndirmə Şurasının hüquq üzrə 3 üzvündən biridir. Milli Aviasiya Akademiyasında hüquq üzrə fəlsəfə doktoru və hüquq elmləri doktoru dərəcələri almaq üçün Seminar Şurasının sədridir.