Süleyman İfxan oğlu Allahverdiyev (ing. Suleyman I. Allakhverdiev; 1 avqust 1950, Çaykənd, Krasnoselsk rayonu) — Biofizika İnstitutu (Puşino) fizika-riyaziyyat elmləri üzrə elmlər namizədi. Rusiya Elmlər Akademiyasının (REA) Bitki Fiziologiya İnstitutunun (Moskva) İdarəolunan Fotobiosintez laboratoriyasının rəhbəri.
Süleyman Allahverdiyev | |
---|---|
Süleyman İfxan oğlu Allahverdiyev | |
Doğum tarixi | 1 avqust 1950 (74 yaş) |
Doğum yeri | |
Elm sahələri |
Biofizika Biokimya Bitki fiziologiyası Fiziki və kimyəvi biologiya |
Elmi dərəcəsi |
Fizika-riyaziyyat elmləri namizədi (1984) Biologiya elmləri doktoru (2002) Rusiya Federasiyasının əməkdar elm xadimi (2022) Rusiya Elmlər Akademiyasının (RAS) müxbir üzvü (2022) |
İş yeri | (REA) Bitki Fiziologiya İnstitutu |
Təhsili | |
Mükafatları |
K. A. Timiryazev mükafatı (2019) Qlobal Enerji Mükafatı (2021) Əl-Farabi adına KazNU-nun “Eren Enbegi Ushin” Qızıl medalı – “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif edilmişdir (2022) |
Allahverdiyev Süleyman İfxan oğlu 1950-ci il avqustun 1-də Ermənistan Respublikasının Krasnoselsk rayonunun Çaykənd kəndində anadan olub. 1973-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirib. 1973–1977-ci illərdə Çaykənd orta məktəbində fizika müəllimi vəzifəsində işləyib. 1977-ci ildə SSRİ Elmlər Akademiyasının Fotosintez İnstitutunun (indiki REA-nın Biologiyanın Fundamental Problemləri İnstitutu) aspiranturasına daxil olub. 1984-cü ildə SSRİ EA-nın Biofizika İnstitutunda (Puşşino) biofizika üzrə namizədlik dissertasiyası müdafiə edib və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi alıb. Namizədlik dissertasiyasının müdafiəsindən sonra S. Allahverdiyev SSRİ EA-nın Fotosintez İnstitutunda işləməyə başlayıb. 2002-ci ildə o, REA-nın Bitkilərin Fiziologiyası İnstitutunda "bitkilərin fiziologiyası və biokimyası" ixtisası üzrə biologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib.[1]
S. Allahverdiyev fotosintez, fiziologiya, biofizika, biokimya və molekulyar biologiya sahələrində elm aləmində tanınmış mütəxəssisdir. Onun tədqiq etdiyi 2-ci fotosistemin (FS-2) elektron-nəqliyyat zəncirində fəaliyyətin əsasını təşkil edən ilkin mexanizmlərin, fotosintez zamanı elektronların təklif olunan energetik və kinetik yerdəyişmə sxemi bütün dünyada fotosintez üzrə dərsliklərə daxil edilib. Sonradan S. Allahverdiyevin əldə etdiyi məlumatların məcmusu əsasında FS-2 bitki və sianobakteriyaların fəaliyyəti, eləcə də inaktivasiya mexanizmləri və stressli şəraitlərdə onun sonrakı reparasiyası haqqında yeni təsəvvürlər sistemi yaradılıb, bitkilərin fotosintez aparatının əlverişsiz ətraf mühit-şəraitinə uyğunlaşdırmanın molekulyar mexanizmləri tədqiq edilib.
S. Allahverdiyev tərəfindən duz stressinə qarşı FS-2-nin dayanıqlılığında qatqısız canlı hüceyrələrin rolu müəyyən edilib, FS-2-nin ətraf mühitin stressli amillərinə müqavimətini yetərincə gücləndirən gen mühəndisliyi yolları aşkarlanıb.
Hazırda S. Allahverdiyev nanobiotexnologiyanın yeni istiqamətlərindən biri olan təbii zülal strukturu əsasında süni fotosintez sistemlərinin yaradılmasını fəal inkişaf etdirir. Bu, gələcəkdə alternativ enerji mənbəyi kimi molekulyar hidrogenin əldə edilməsinə imkan verəcək.
Öz elmi araşdırmalarının nəticələrini S. Allahverdiyev müntəzəm olaraq "Chemical Reviwers", "Proceedings of National Academy of Science USA", "The EMBO Journal", "J Photochem. Photobiol", "Photosynthesis Research", "FEBS Letters" və s. nüfuzlu jurnallarda dərc edir. Bundan başqa, S. Allahverdiyev bu və digər jurnallarda bir sıra icmal məqalələrin, habelə Rusiyada və xaricdə nəşr edilən elmi əsərlərdə 39 fəslin müəllifidir. Bütün bunlar S. Allahverdiyevin elmi nailiyyətlərinin beynəlxalq miqyasda tanınmasına sübutdur. Alim dəfələrlə bir sıra beynəlxalq jurnalların xüsusi buraxılışlarına redaktor kimi dəvət olunub.
S. Allahverdiyev bitkilərin fiziologiyası və biokimyası, fotosintez və nanotexnologiyalara dair elmi əsərlər nəşr edən aparıcı beynəlxalq jurnalların (15 den cox), o cümlədən "Biochimica et Biophysica Acta (BBA-Bioenergetics)", "International Journal of Hydrogen Energy", "Journal of Photochemistry and Photobiology B: Biology", ""Frontiers in Plant Physiology" və s. redaksiya heyətinin üzvüdür. O, həm də doktorluq dissertasiyalarının müdafiəsi üzrə iki ixtisaslaşmış şuranın üzvüdür. Onun rəhbərliyi altında 2 elmlər doktoru və 6 elmlər namizədi hazırlanıb.
S. Allahverdiyev 350-dən çox məqalənin, 6 ixtiranın, ve 8 kitabin müəllifidir. ISI indeksinin və Hirş indeksinin məlumatına görə, S. Allahverdiyevdən sitatgətirmə və elmi əsərlərinə istinad sayı müvafiq olaraq təxminən 12000 və 59-dir. O, 1000-dən çox sitat indeksi ilə (cəmi 1795 nəfər) "Milli alimlərin lider siyahısı"na (Rusiya) daxildir (bax: scientific.ru). S.. Allahverdiyev belə yüksək sitat reytinqi (12000-dən çox) olan yeganə azərbaycanlıdır.
S. Allahverdiyev 25-dən çox ölkədə (Avstraliya, Fransa, Hollandiya, Almaniya, Sinqapur, İsveç, Çexiya, Macarıstan, Türkiyə, Hindistan və s.) dəvətli professor kimi çalışıb. O, Rusiya və digər ölkələrdə keçirilən 80-dən çox konfransda çıxış edib, dünyanın 40-dan çox ölkəsində, o cümlədən Avstraliya, Macarıstan, Yaponiya, Almaniya, İspaniya, Kanada, Hollandiya, Sinqapur, Fransa, İsveç, Türkiyə və s. dövlətlərdə dəvətlə mühazirələr oxuyub.
S. Allahverdiyev Yaponiya, Kanada, Hindistan, Macarıstan, Almaniya, Sinqapur, ABŞ, İsveç və s. dövlətlərin elmi-tədqiqat təşkilatlarının beynəlxalq layihələrində rəhbər və iştirakçıdır. O, böyük uğurla keçən "Postgenom dövrdə fotosintez: biofizikadan molekulyar biologiyaya qədər" (Kanada, 2004), "Fotosistemlərin struktur və funksiyası" (Puşşino, 2006; 2014, 2016), "Davamlı inkişaf üçün fotosintez tədqiqatları" (2011, 2013, Bakı, Azerbaijan); (2015, Krit, Yunanıstan), "Davamlı inkişaf üçün fotosintez ve hidrogen enerji tədqiqatları" (2017, Heydarabad, Hindistan) beynəlxalq simpozium və konfransların təşkilatçısı olub.
S. Allahverdiyev Rusiyanın ən tanınmış və ən istedadlı alimlərindən biridir, onun ən yüksək səviyyədə yerinə yetirdiyi elmi işləri isə dünya səviyyəsində Rusiya elminin nüfuzunu formalaşdırır.