Səadət Məmmədova (jurnalist)

Səadət Məmmədova (tam adı:Məmmədova Səadət Həsən qızı; 8 aprel 1977, Ağdam) — ATV (Azad Azərbaycan telekanalı) prezidentinin informasiya yayımı üzrə müşaviri, Mətbuat Şurası sədrinin müavini, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.[1]

Səadət Məmmədova
Doğum tarixi 8 aprel 1977(1977-04-08) (47 yaş)
Doğum yeri
Fəaliyyət illəri 1995-ci ildən
Mükafatları "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919–2019)" yubiley medalı
"Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2020

Məmmədova Səadət Həsən qızı 1977-ci il aprelin 8-də Ağdam rayonunda anadan olub. Orta məktəbə 1984-cü ildə Ağdam şəhərində gedib. Ermənistanın Ağdam rayonunu işğal etməsi nəticəsində ailənin məcburi köçkün kimi Bakı şəhərində məskunlaşmasına görə orta təhsilini Bakıda davam etdirib və 1994-cü ildə Bakıda S. C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasını bitirib. Həmin il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə qəbul olunub. 1994–98-ci illərdə bakalavr, 1998–2000-ci illərdə həmin fakültənin magistr pilləsində təhsil alıb. Televiziya və radio jurnalisti ixtisasına yiyələnib.

Mətbuat fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1995-ci ildə, II kursda oxuyarkən "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC (AzTV) ilə tələbə kimi ştatdankənar əməkdaşlığa başlayıb.

Azərbaycan Radiosunun Xəbərlər, Hərbi vətənpərvərlik redaksiyalarında freelancer müxbir işləyib. Sonra Azərbaycan Televiziyasının SƏHƏR proqramında təcrübəçi müxbir, daha sonra AzTV2-nin Xəzər studiyasında ştatdankənar müxbir kimi fəaliyyət göstərib.

1998–2000-ci illərdə ANS televiziyasında müxbir və aparıcı, redaktor-aparıcı vəzifələrində çalışıb. "Xəbərçi", "Nəzər nöqtəsi" verilişlərini aparıb.

2000-ci ildə yeni yaradılan LİDER televiziyasının xəbər xidmətinin təşkili məqsədilə həmin kanala dəvət olunub.

Lider TV-nin "SƏDA" xəbərlər departamentini yaradıb və baş redaktor kimi departamentə rəhbərlik edib. Həm də ilk dövrdə xəbərlərdə aparıcı, sonralar "167-ci saat" ictimai-siyasi analitik proqramının müəllifi və aparıcısı olub.

2002-ci ilin yanvarında işdən ayırılaraq Azərbaycan Dövlət İqtisad Universitenin internet studiyasının yaradılması prosesinə cəlb olunub. Universitetin saytının yaradılmasında birbaşa iştirak edib, Universitetin internet radiosunun layihəsini hazırlayıb. Paralel olaraq İNTERNEWS NETWORK-də (əsas ofisi ABŞ-də yerləşən beynəlxalq media şəbəkəsi) işləyib. İNTERNEWS NETWORK-un hazırladığı və SPACE telekanalında yayımlanan "Media və Mən" verilişinin redaktoru olub. 2003-cü ildə bu layihə ilə yanaşı İNTERNEWS NETWORK-un BBC Dünya xidmətinin Azərbaycan bölməsi ilə birgə layihələri reallaşdırmağa başlayıb BBC Azərbaycan xidmətinin (ARAZ radiosu və ANS ÇM-də yayımlanırdı) 2003-cü ildə Azərbaycan Prezident seçkiləri ərəfəsində, 2004-cü ildə Bələdiyyə seçkilərinə aid layihələrində müxbir-redaktor işləyib. 2005-ci ildə İNTERNEWS NETWORK-un SPACE telekanalında yayımlanan yeni layihəsində — XƏTT həftəlik informasiya-analitik proqramına redaktor, bir neçə aydan sonra müəllif-aparıcı olub. Eyni zamanda 2005-ci ildə mart-aprel-may aylarını əhatə edən, Böyük Britaniyanın LİNKS beynəlxalq təşkilatının, Beynəxalq Strateji Araşdırmalar Mərkəzi və İNTERNEWS NETWORK-un ilə birgə layihəsi olan və SPACE TV-də yayımlanan "Axşam debatları" tok-şousunun aparıcısı olub. Bu layihə oktyabr-noyabr aylarında ikinci mövsümdə də davam edib. Bunlarla yanaşı 2005-ci ildə İNTERNEWS NETWORK-lə BBC Azərbaycan xidmətinin bir illik böyük layihəsinin rəhbəri olub. Böyük Britaniyanın "Conciliation Resources" təşkilatının dəstəyi ilə hazırlanan aylıq radiooçerklər silsiləsi öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin mənəvi-psixoloji problemlərinə həsr olunub və bu layihə böyük uğur və rəğbət qazanıb.

2006-cı ilin iyununda "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC -də (AzTV) Xəbərlər redaksiyasının baş redaktoru təyin olunub. Eyni zamanda "Günün nəbzi", "Xəbərlər" proqramlarında aparıcılıq edib. 2007-ci ilin mayında AzTV-dən ayrılıb, dövlət qulluğuna keçib. 4 ildən çox Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi vəzifəsində işləyib.

2011-ci ildə Azərbaycanda ilk dəfə yaradılan HD formatlı internet televiziyasının (YURD TV) formalaşdırılması prosesinə dəvət alıb. Bu, ölkədə yeni rəqəmsal media sahəsində ən böyük, ciddi və uğur qazanan layihələrdən biri olub və sonra yaranan bir neçə internet TV məhz onun əsasında formalaşdırılıb. Layihə 3 il davam edib.

2015-ci il oktyabrın 15-də CBC beynəlxalq telekanalında yeni yaradılan Azərbaycan Redaksiyasına rəhbər, baş redaktor vəzifəsinə dəvət olunub. 2017-ci ilin dekabrında isə CBC TV-də Xəbərlər və İnformasiya Departamentinin direktoru vəzifəsinə təyin edilib.

2021-ci ilin martından etibarən "Azad Azərbaycan TV" (ATV) kanalı prezidentinin informasiya yayımı üzrə müşaviridir.

ATV-də yayımlanan "Ağdam və mən" sənədli-publisistik filmlər layihəsinin müəllifidir.

2022-ci ilin sentyabrında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinə üzv seçilb. Mətbuat Şurası sədrinin müavinidir.

Fəaliyyəti ərzində müxtəlif özünüinkişaf və ixtisas səviyyəsini yüksəltmə kurslarına qatılıb. İNTERNEWS NETWORK beynəlxalq şəbəkə olduğundan 4 il ərzində dünyada tanınan BBC, CNN və s. media qurumlarından dəvət olunan media üzrə mütəxəssislərin təlimlərində, o cümlədən tanınmış jurnalist, aparıcı Vladimir Poznerin analitik proqram aparıcılığı üzrə treninqində iştirak edib.

2009-cu ildə ABŞ-nin eks-prezidenti Corc Buşun mətbuat katibi işləmiş Dana Perinanın Bakıya səfər zamanı keçirdiyi təlim-görüşə qatılan məhdud sayda jurnalistdən biri olub.

2016-cı ildə Türkiyənin Antalya şəhərində təşkil olunan iki həftəlik TRT UMEP — Uluslararası Media Egitim Proqramına qatılıb.

2016–2017-ci illərdə Böyük Britaniyanın Tomson Fondu, British Council və PAŞABankın birgə layihəsi olan, Azərbaycanda ən faydalı və nüfuzlu sayılan "Biznes jurnalistikası" təlimlərinə qatılıb, tanınmış multi-media mütəxəssisi Dan Masondan dərs alıb.

  1. "Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrinin əməkdaşlarına fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.
  2. "Bu şəxslər "Əməkdar Jurnalist" oldu — Siyahı". 2021-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-30.