Səbəb budaq cümləsi baş cümlədəki hərəkətin və ya əlamətin səbəbini bildirir və niyə? nə üçün? nəyə görə? nə səbəbə? suallarından birinə cavab olur.
- Səbəb budaq cümləsində baş cümlə budaq cümlədən əvvəl işlənir. Bu zaman əlaqə vasitəsi ki, çünki, ona görə ki, ondan ötrü ki və s. kimi bağlayıcılar olur. Məs: Günəşin çıxmağından qorxurdu, çünki günəş ağappağ dumanı dağıda bilərdi. İndi hamının kefi saz idi, ona görə ki hamısının yuxusu qaçmış, zehni açılmışdı.
- Səbəb budaq cümləsində baş cümlədə əvəzlik-qəlib də işlənə bilər. Həmin əvəzlik-qəliblər bunlardır: ona görə, ondan ötrü, o səbəbə və s. Məs: Kərim bunları ondan ötrü edirdi ki, dostunun bu yaxşılıqlara ehtiyacı var idi. Çayı ona görə tələsmədən içirdi ki, söhbətin mövzusu ona xoş gəlirdi.
- Verilmiş nümunələrdə hərəkətin səbəbi bildirilir və ya izah olunur. Bəzi səbəb budaq cümlələrində isə əlamətin səbəbi də izah olunur. Məs:Azərbaycanın təbiəti gözəldir, çünki iqlim tiplərinin doqquzu buradadır.
- Səbəb budaq cümləsi bəzən bağlayıcısız da işlənə bilər. Bu zaman həmin bağlayıcını asanlıqla artırmaq mümkündür. Məs: Bu saat gəlib çıxar , yol çox yaxındır. Bu saat gəlib çıxar, çünkinyol çox yaxındır.
- Səbəb budaq cümləsi sadələşən zaman budaq cümlə feili sifət (tərkibi) + qoşma şəklində sadələşir.Məs: Padşah sevinirdi, çünki Təbriz kimi böyük şəhərdə hökm verirdi. Təbriz kimi böyük şəhərdə hökm verdiyi üçün padşah sevinirdi.
- Sarvan tez əritdi yıxdığı dağı, Çünki ildırımmış əli ayağı.(V.S)
- Var olsun Naxçıvan məkanı ki, Cəlil kimi publisist, Cavid kimi dramaturq yetişdirib.
- Kəndə gedə bilmədim, yollar xarabdır.