Səbail rayonu

Səbail rayonu (əvvəlki adı: 26 Bakı komissarı rayonu) — Bakıda rayon. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Bakı şəhərinin 26 Bakı komissarı rayonu Səbail rayonu adlandırılmışdır.[2]

Səbail rayonu
40°20′20″ şm. e. 49°47′24″ ş. u.
Ölkə
Başçı Vüqar Zeynalov
Tarixi və coğrafiyası
Əsası qoyulub 1920[1]
Sahəsi
  • 29 km²
Əhalisi
Əhalisi
  • 102.600 nəf. (1 yanvar 2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +994 12
Nəqliyyat kodu 10, 90
Digər
sabail-ih.gov.az
Xəritəni göstər/gizlə
Səbail rayonu xəritədə
Səbail rayonu
Səbail rayonu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Səbail rayonu Abşeron yarımadasının xəritəsində

Bakı şəhərinin Xəzər dənizi sahili boyu yerləşən mərkəzi rayonu. Paytaxtın Nəsimi, Yasamal, Qaradağ rayonları ilə həmsərhəddir.

Səbail rayonu Bakı şəhərinin ən qədim yaşayış məskəni olsa da, ötən əsrin 20-ci illərindən inzibati ərazi vahidi kimi formalaşmışdır. Rayon əvvəlcə "Bayıl Bibi-Heybət", 1931-ci ildən "Stalin", 1960-cı ildən isə "26 Bakı Komissarları" adını daşımış və 29 aprel 1992-ci ildən Səbail rayonu adlandırılmışdır.

Səbail — Bakı buxtasında, sahildən təqribən 350 m cənub-qərbdə yerləşmiş tarixi-memarlıq abidəsinin adıdır. Uzunluğu 140, eni 35 m-dir. 3 dairəvi və 12 yarımdairəvi bürcü olan daş divarla (eni 1,2–2 m) əhatələnmişdir. Arxeoloci tədqiqatlar zamanı Səbaildən üzərində ərəb dilində kitabə, insan, quş və heyvan təsviri olan 700-dək daş, habelə Şirvanşah Gerşasbın (1203/04–1224-cü illər) adından kəsilmiş mis pul, bina qalıqları, gil qablar, dəndaşı, daş pərsəng, bıçaq tiyəsi, mismar və s. tapılmışdır. Kitabələrdə Quran ayələri, 1234/35-ci il tarixi, müxtəlif şəhərlərin, sənətkarların və Şirvanşahların adları yazılmışdır.

Xalq arasında "Sualtı şəhər", "Bayıl daşları", "Şəhri-i Yunan", "Karvansara", "Bayıl qəsri" və s. adlanan Səbail təqribən XIII əsrin əvvəllərində tikilmiş, XIV əsrin əvvəllərində isə tektonik dəyişikliklər nəticəsində Xəzərin suları altında qalmışdır. Sonralar suyun səviyyəsi tədricən aşağı enmiş və 1723-cü ildə abidə yenidən görünməyə başlamışdır. Ehtimal ki, Səbail müdafiə qalası və gömrükxana (bəzi alimlərin fikrincə ibadətxana) olmuşdur.

Səbail rayonunu, mübaliğə etmədən, tarix və memarlıq abidələrinin əsl xəzinəsi adlandırmaq olar. Rayonun ərazisində antik dövrə və orta əsrlərə aid abidələr mövcuddur. İçərişəhər Azərbaycanda mövcud olan və YUNESKO tərəfindən dünya mədəniyyət irsinin inciləri sırasına daxil edilmiş tarixi abidələrindən ən möhtəşəmidir. İçərişəhərin min ildən çox yaşı var. Onun başlıca abidəsi — dəbdəbəsi və möhtəşəmliyi ilə insanı heyran qoyan və dövlət tarixi-memarlıq muzey-qoruğu olan Şirvanşahlar sarayı ansamblıdır.

Bünövrəsində divarlarının qalınlığı 5 metr, hündürlüyü 28 metr olan səkkiz yaruslu monumental tikili — Qız Qalası Səbail rayonunun rəmzidir.

Azərbaycan Respublikasının əsas idarəetmə orqanları Prezident Sarayı, Milli Məclis, Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Konstitusiya Məhkəməsi, Bakı şəhər İcra Hakimiyyəti, Milli Təhlükəsizlik Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, bir çox nazirliklərin, idarələrin yerləşdiyi Hökumət Evi və s. idarələr Səbail rayonu ərazisində yerləşir. Bakılıların və şəhər qonaqlarının əsas ziyarət yerləri olan "Şəhidlər Xiyabanı" və "Fəxri Xiyaban", Heydər Əliyev Fondu, habelə bir çox istirahət və gəzinti obyektləri, o cümlədən "Fəvvarələr Meydanı", Nizami küçəsi (keçmiş "Torqovaya"), Dənizkənarı Bulvar, Azadlıq Meydanı da Səbail rayonunda yerləşir.

Rayon ərazisində:

Təhsil müəssisələri: 18 ümumtəhsil məktəbi, 7 ali təhsil məktəbi;

Səhiyyə müəssisələri: 23 səhiyyə müəssisəsi;

Park və bağlar: 4 park və 8 bağ yerləşir.

Rayondakı mədəniyyət ocaqları bunlardır:

  • 15 teatr;
  • 2 kinoteatr;
  • 7 kitabxana;
  • 15 muzey;
  • 5 mədəniyyət evi.
  1. 1 2 http://www.baku.azstat.org/section/demography/001.xls.
  2. "Azərbaycan Respublikası Bakı şəhərinin bəzi rayon və qəsəbələrinə, Ağdaş, Bərdə, Qobustan, İmişli, İsmayıllı, Yevlax, Gədəbəy, Goranboy, Lənkəran, Salyan, Füzuli, Xaçmaz, Cəlilabad rayonlarının bir sıra yaşayış məntəqələrinə yeni adlar verilməsi və inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı". 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-26.