Səbzəvar ekspedisiyası

Səbzəvar ekspedisiyası - Nadir xan Əfşarın hərbi fəaliyyəti dövründə həlledici hadisə. Bundan sonra o II Təhmasibin hərbi qüvvələrinin arxasındakı həqiqi gücə çevrilmişdir.

Nadir şah Əfşarın Xorasan səfəri
Nadirin yürüşləri
Tarix 1727-1728
Yeri Səbzəvar
Nəticəsi Nadir şah Xorasana nəzarətini möhkəmləndirir və cənub-şərqi Xəzər bölgəsini öz hakimiyyəti altına salır.
Münaqişə tərəfləri

Səfəvi imperiyası

Nadir şah Əfşar

Komandan(lar)

II Təhmasib

Nadir şah Əfşar

Konfliktin başlanğıcı

[redaktə | mənbəni redaktə et]

Sənqan ətrafındakı döyüşdən sonra Nadir Məşhədə qayıdıb bir müddət istirahət etdi. Həmin vaxt ərzində əsas diqqəti qoşunların toplanmasına və təminatına yönəltdi. O, yaxşı görürdü ki, əfqanlar ciddi düşməndir və onlara qalib gəlmək üçün ciddi hazırlıq görülməlidir. Sonuncu döyüş də bunu göstərirdi. Lakin Nadiri düşündürən təkcə səfər hazırlığının aparılması deyildi. O eyni zamanda ətrafındakı əyanlar tərəfindən təhrik edilən Şah Təhmasibin müqavimətini qırmalı idi. Çünki mühüm səfər ərəfəsində şahın mövqeyi tamam başqa idi. O, Herat istiqamətində deyil, İsfahan istiqamətində hərbi yürüşə başlanmasını tələb edirdi. Şah Təhmasibin istəyi ilə isə Nadir razı deyildi və bunun da öz səbəbləri var idi.[1] Daha geniş hərbi təcrübəyə və təfəkkürə malik bir şəxs kimi Nadir şübhə etmirdi ki, qoşunlar İsfahana doğru hərəkətə başlayan kimi Heratı tutmuş əbdali əfqanları Məşhədə hücum edə bilərlər.[2] Bu isə bir tərəfdən Xorasan kimi mühüm əhəmiyyətə malik vilayətin əldən getməsinə, digər tərəfdən isə Nadir qoşunlarının iki əfqan qoşunu arasında qalmasına səbəb ola bilərdi. Xorasan vilayətinin itirilməsi isə Səfəvi dövlətinin dirçəldilməsi üçün ələ keçirilmiş kiçik imkanları da məhv edə bilərdi. Nəhayət, Nadir Şah Təhmasibi inandıra bildi ki, İsfahan sarayına sahib olmaq üçün birinci İsfahanı deyil, Heratı tutmaq lazımdır. Onda qərara alındı ki, Nadir qoşunlarla Herata istiqamət götürsün. Şah Təhmasib isə Nişapura yollanmalı və orada lazımi sayda qoşun topladıqdan sonra Nadirə kömək üçün Herata gəlməli idi. Bundan sonra Nadir qoşun dəstəsi ilə Herata yollandı. O, Məşhədi tərk edəndən sonra əyanlar yenidən Şah Təhmasibi öz qərarından döndərdilər. Onlar şahı məcbur etdilər ki, Nadirə yardım göstərməkdən imtina etsin. Belə olanda o, Nadirə xəbər göndərdi ki, Nişapura deyil, Səbzəvara getməyi qərara alıb.[3]

Nadirin cavabı

[redaktə | mənbəni redaktə et]

II Təhmasib əmr verdiki, Nişapurla Səbzəvar arasında məskunlaşan Bəğayiri tayfasına divan tutsunlar. Çünki bu tayfa Nadiri müdafiə edirdi və həmin tayfanın talan edilməsi Nadiri də özündən çıxara bilərdi.[3] Nadir Herata tərəf hərəkət etdiyi zaman doğrudan da Səbzəvar ətrafında toplanmış olan dəstələr Bəğayiri camaatını soyub talamağa başladılar. Bəğayiri camaatı onları təhdid edən təhlükənin xeyli ciddi olduğunu görüb şah qoşunlarına qarşı müxalifət yaratdılar və müqavimətə əl atdılar.[2] Eyni zamanda baş verənlər barədə Nadirə xəbər göndərdilər. Bu xəbəri alan kimi Nadir qoşunları ilə yenidən Məşhədə döndü.[1] Təhmasibin Nadirə dost münasibətdə olan buğayri türklərinə hücuma keçdiyindən təəssüflənən Nadir abdalilərin Biyarcumand bölgəsinə hücumunun qarşısının alınması məqsədilə yürüşündən Təhmasibə xəbər göndərir ki, bu əməlindən əl çəksin və ona (Nadirə) əfqanlara qarşı mübarizədə yardımçı olsun. Cavab olaraq Səbzəvara geri çağırılan Nadir, yol boyunca, Təhmasibin Xorasanın bütün yerlərinə xəbər göndərib Nadirin əmr və sərəncamlarına əməl edilməməsini təlqin etdiyinin şahidi olur. Bu da azmış kimi, Səbzəvar darvazalarının üzünə bağlandığını görən Nadir radikal mövqe tutaraq şəhəri atəşə tutur. Əbdali əfqanları da bundan istifadə etdilər. Musa xanın rəhbərliyi altında olan əbdali əfqanları Biyarcümənd və Qayinə hücum edib oraları talan etdilər. Əbdali əfqanlarının bu yürüşləri Nadirin gümanlarının doğru olduğunu sübut etdi.[4]

Şah Təhmasib tam ciddiyəti ilə Nadirə qarşı mövqe tutdu. Nadir əfqanlara qarşı döyüşə başlamazdan əvvəl bu yeni qruplaşmanı zərərsizləşdirməyi qərara aldı. O öz qüvvələri ilə Şah Təhmasibin düşərgə saldığı Köhnə Sənqan qalasına gəldi. Şah Təhmasib qoşunu ilə qalaya sığınıb Nadirə müqavimət göstərdi. Nadir əvvəlcə qalanı top atəşinə tutdu. Qala daxilində yerləşən qoşun dəstəsi qaladan bayırda Nadirin dəstəsi ilə açıq döyüşə girdi. Amma göstərilən bütün cəhdlərə baxmayaraq şah qoşunu Nadirin hücumunun qarşısını ala bilmədi. Şah peşman şəkildə Nadirin düşərgəsinə gəlib onunla birləşməyə məcbur oldu.[2]

  1. 1 2 Azərbaycan Tarixi III cild. Bakı: Elm nəşriyyatı. 2005.
  2. 1 2 3 Süleymanov, Mehman. Nadir şah. 2010.
  3. 1 2 Ateş, Abdurrahman. AVŞARLI NADİR ŞAH VE DÖNEMİNDE OSMANLI-İRAN MÜCADELELERİ. Isparta. 2001.
  4. Lockhart, L. The fall of the Safavid dynasty and Afkhan occupation Persia. Cambridge. 1958.