Sədrəddin xan Ustaclı — Səfəvi sərkərdəsi, Astrabad hakimi, İsmayıl Mirzənin lələsi.
Sədrəddin xan Ustaclı | |
---|---|
Doğum tarixi | XVI əsr |
Vəfat tarixi | XVI əsr |
Fəaliyyəti | Astrabad bəylərbəyi, İsmayıl Mirzənin lələsi |
Anonim müəllif tərəfindən qələmə alınan Tarixi-Qızılbaşan adlı əsərdə onun barədə məlumata rast gəlinir. Müəllif yazır:[1]
“Başqa birisi Sədrəddin xandır ki, Astrabad hakimi və İsmayıl Mirzanın lələsi idi. Axırda əmirlikdən azad edildi. Öz səxavəti ilə bütün əmirlərdən seçilirdi.”
1539–1540-cı ildə Xacə Bitikçinin oğlu Məhəmməd Saleh Bitikçi Astrabbada üsyan qaldırdı. O, Astrabbadda "qara geyimlilər"dən bir dəstə adamı öz ətrafında topladı.[2] Yetəri qədər əsgər toplaya bilmədikdə Daşkənd və Fərqanə valisi ilə Burak xanın qardaşı oğlu Ömər Qazi Sultandan kömək istədi. Ömər Qazi öz ordusu ilə Astrabada gəldi. Astrabad hakimi Sədrəddin xan onlara qarşı mübarizə apara bilməyəcəyini anlayıb geri çəkilərək Bistana gəldi və Şah Təhmasibə üsyan xəbərini çatdırdı. Bu zaman Məhəmməd Saleh artıq Astrabadı ələ keçirmişdi. Ömər Qazi də Məhəmməd Salehdən dəyərli hədiyyələr alaraq Xarəzmə doğru yola düşmüşdü. Astrabadı ələ keçirdikdən sonra Məhəmməd Saleh burada istehkamlarını gücləndirmək yerinə hər gün eyş-işrət məclisləri təşkil etməklə məşğul idi.[3]
Şah Təhmasib Sədrəddin Ustaclıya köməkçi bir dəstə göndərdi. Lakin göndərilən birlik Bistana çatmamış Sədrəddin xan Ustaclı xəbər tutdu ki, Ömər Qazi Xarəzmə qayıdıb və Məhəmməd Salehin başı içki məclislərinə qarışıb. O, vaxt itirmədən Asrtabada hücum etdi. Məhəmməd Salehi tutub Şah Təhmasibin sarayına göndərdi. Şahın qarşısında kobud danışmasın deyə qızılbaşlar Məhəmməd Salehin dilinə çuvalduz batıraraq dilini ağzına salmağa mane oldular. Sonra isə şahın əmri ilə bir küpün içinə salıb Təbrizin Sahib-abad məhəlləsindəki Nəsiriyyə məscidinin minarəsindən aşağı atdılar. [4]
Əbdi bəy Şirazi 1538–1539-cu il hadisələrindən bəhs edərkən yazır ki, Xoca Müzəffərin nəvəsi Məhəmməd Saleh Bitikçi Astrabadi cahilliyi üzündən üsyan edib Astrabadın Qızılbaş hakimi Sədrəddin xan Ustaclıya qarşı çıxdığına görə Dəli Şahverdi Kəngərli onu tutub bir kupə qoydu və Təbrizin Nəsriyyə məscidinin minarəsindən atdı.[5]
1543–1544-cü ildə Din Məhəmməd xan Amudərya çayını keçərək yenidən Astrabad üzərinə hücum edir. Basqın zamanı mübarizə apara bilməyən Astrabad hakimi Sədrəddin xan Ustaclı isə şəhərdəki qalaya pənah aparır. Bu hücumdan xəbər tutan Bəhram Mirzə dərhal Astrabada köməyə getsə də, Din Məhəmməd mühasirəni dayandıraraq Xarəzmə qayıtmalı olur. Nəticədə döyüş vəziyyəti aradan qalxsa da, Sədrəddin xan Ustaclı əmir vəzifəsindən uzaqlaşdırılır.[6] Həsən bəy Rumlu bu hadisəni belə təsvir edir:
"Elə ki dinin pənahı olan şahın səhhətinin korlanması xəbəri Din Məhəmməd Özbəyə çatdı, dinin pənahı olan şahın hüquq səhifələrinə unutqanlıq qələmi çəkib böyük qoşunla Astarabada gəldi. O diyarın hakimi Sədrəddin xan bir dəstə qazini qaladan onların üzərinə göndərdi. Düşmənlərin sayı həddən və hüduddan ziyadə olduğu üçün qazilər geri qayıdıb şəhərə pənah gətirdilər. Din Məhəmməd qalanı mühasirə etməyi məsləhət bilməyib, öz vilayətinin yolunu tutdu. Bu xəbər Lar yaylağında Bəhram mirzəyə və əmirlərə çatdıqda Bədir xan, Hüseyncan sultan və Budaq xan Qacar Astarabad tərəfə sürətlə yürüdülər. Lakin Din Məhəmmədin çıxıb getdiyi haqqında xəbəri eşitdikdə Lar yaylağına qayıtdılar."[7]