Səfirlər (1533) - Kiçik Hans Holbeynin rəsm əsəri. Əsər Tüdorlar hakimiyyəti dövründə, I Elizabetin doğulduğu ildə yaradılmışdır. İkili portret olmaqla yanaşı, rəsmdə ehtiyatla icra edilmiş bir neçə əşyanın natürmortu verilmişdir. Bu da özlüyündə böyük müzakirələr səbəb oldu. Əsər, həmçinin anamorfozun ən çox istinad edilən nümunəsini ehtiva edir. Səfirlər hal-hazırda London Milli Qalereyasında saxlanılır.
Səfirlər | ||
---|---|---|
| ||
Rəssam | Kiçik Hans Holbeyn | |
Tarixi | 1533 | |
Üslubu | portret | |
Texnikası | yağlı boya | |
Ölçüləri | 207 × 209.5 | |
Materialı | palıd | |
Saxlanıldığı yer | London Milli Qalereyası | |
Saytı |
musgym.salzburg.at/BE/Th… wga.hu/html/h/holbein/ha… |
|
İnventar nömrəsi | NG1314[2] | |
Vikianbarda əlaqəli mediafayllar |
Holbeyn 1493-1543-cü illərdə yaşamış alman rəssamdır. Öz dövrünün məşhur portret ustası olmuşdur. Yüksək yaradıcılıq qabiliyyəti sayəsində İngiltərə kralı VIII Henrixin və onun ətrafındakı saray əyanlarının portretlərini çəkməklə tanınmışdır. Şimal İntibahının parlaq nümayəndələrindəndir. Ailəsində bir çox məşhur rəssam var idi: atası Böyük Hans Holbeyn və əmisi Siqmund son dövr qotika üslubunda çəkdikləri rəsmlərlə tanınıblar. Qardaşı Ambrosius rəssam və oyma ustası olmuşdur. Ancaq erkən yaşında, 1519-cu ildə vəfat edib. Holbeyn qardaşları ilk təhsillərini atalarından almışlar. 1515-ci ildə hər ikisi sərbəst şəkildə Bazeldə işləməyə başlayır. Beləliklə, Holbeyn ailəsi XVI əsr Alman rəssamlığında ikinci nəslin təmsilçiləri idi. “Səfirlər” əsəri 1533-cü ildə palıd üzərində yağlı boya üsulu ilə çəkilmişdir. Əsər mürəkkəb quruluşa malikdir. Bununla belə, tərtibatının maraqlı olması, uyumlu rəng seçimi onu diqqətəlayiq edir. “Səfirlər” əsərində hər bir detal ən incə xırdalıqlarına qədər dəqiq işlənib. Kompozisiyanın ünsürləri bir-birini tamamlayacaq şəkildə yer alıblar. Əsərdə diqqət çəkən məqamlardan biri müəyyən şərq elementlərinin olmasıdır (ud, xalça). Boyakarlıq nümunəsi özündə bir sıra xüsusiyyətləri ehtiva edir: natürmort janrına yaxınlıq, ikili portret, anamorfik detalların mövcudluğu. Müxtəlif rakurslardan baxıldığı zaman, burdaki elementlər başqa cür görünə bilir. Məsələn, döşəmədəki anamorfik səciyyəli kəllə sağ rakursdan baxılanda tam formada görünsə də qarşıdan düz baxarkən onun yalnız müəyyən ön görüntüsünü görmək mümkündür. Bu da zaman-zaman sənətşünasların fərqli mülahizələr irəli sürməsinə, hətta əsərin gizli mənaları haqqında mübahisələrə gətirib çıxarmışdır.
Səfirlər əsərində adından da görüldüyü kimi əsas iki fərqli ölkənin gənc səfirlərinin təsvirləri verilib. İnsan obrazlarından başqa burda müxtəlif əşyalar da verilib: anamorfik kəllə, üzərində bürclərin bölgüsü verilən qlobus, adi qlobus, kompas, ilahilər kitabı, torkvetum, 2 günəş saatı, universal səma saatı, Müqəddəs Mixayıl ordeni, riyazi kitab, çarmıxa çəkilmə heykəli, Anadoluda hazırlanmış xalça, ud, fleyta qabları.[3] Sol tərəfdə əyləşən Jan de Dintevil Fransız diplomat idi. Holbeyn bu əsəri çəkəndə o, Londonda olub və rəsmdə özünün də yer almağını istəyib. Dintevil məşhur şüarı bu gün də xatırlanır: memento mori (bu dünyanın və sənin özünün də fani olduğunuzu unutma).[4] İkinci obraz sağ tərəfdə əyləşmiş George di Silvadır. De Silva alim, ruhani və diplomat olmuşdur. 18 yaşında ikən Lavaura yepiskop təyin edilib. 1540-cı ildə Fransaya səfir göndərilir. Eyni zamanda kral tərcüməçisi kimi də fəaliyyət göstərirdi. Anamorfik kəllənin işlənməsi bir qədər gizli qalan məqamdır. Çünki kəllənin tam təsvirini görmək üçün qalereydaki əsərin əslinə sağ tərəfdən baxmaq lazımdır. əsərin başqa surətlərində və internetdə yerləşdirilmiş variantlarında o daha böyük ölçüdə, yalnız üst hissədən görünən qismi verilib. Kompozisiyada iki fərqli qlobus var. Onlardan birinin üzərində bürclərin bölgüsü göstərilib. Buna coğrafi yox, astronomik qlobus demək daha düzgün olardı. İkinci qlobus sadə qlobusdur. Lakin qlobusun məhz Avropa qisminin təsvirdə yer alması onun haqqında düşünməyə vadar edir.[5][6]
Lüterin İlahiləri yer alan kitabı xüsusilə qeyd etmək lazımdır. Onun açıq qalan səhifəsində “Kom Heileger Geyst Herre Gott” sözləri qeyd olunub. Torkvetum astronomiyaya aid cihazlardan biridir. Cihazın köməyi ilə ekliptik, horizontal və ekvatorial ölçülər dəqiqləşdirilir. Dintevil boynunda asdığı Müqəddəs Mixayil orderi Fransada XI Lui tərəfindən 1469-cu ilin 1 avqust tarixində təsis olunub. Kiçik masanın üstündə Piter Apianın riyazi hesablamalar kitabı təsvir edilib. “Səfirlər”-in sirli obyektlərindən biri də pərdənin ardında göstərilən, çox da böyük olmayan çarmıxa çəkilmə heykəlidir. Rəsm əsərinə baxarkən nəzəri cəlb edən elementlərdən biri də xalçadır. Masanın üzərinə XVI əsrdə Anadoluda hazırlanmış xalça sərilib. Ümumiyyətlə, intibah dövrünün rəngkarlıq əsərlərində şərq xalçalarının təsvirinə yer verilirdi. Holbeyn, Memelinq, Lotto, Crivelli, Bellini kimi rəssamlar müxtəlif boyakarlıq nümunələrində Qarabağ xalça məktəbinə, Təbriz xalçaçılıq məktəbinə, Türkiyəyə məxsus bir çox örnəkləri öz əsərlərinin kompozisiyasına daxil etmişlər. Burada həmçinin ud yer alır. Rəmzi mənada udun simlərindən biri qırılmış göstərilib. Qırılmış sim nifaq və inciklik əlaməti hesab edilir. “Səfirlər” əsəri haqqında fərqli illərdə fərqli yazıçılar əsərlər yazmışlar. Onların kitabları yazmaqda məqsədi mistik əsərin sirlərini açmaq, izləyicilərə elementlərdəki əsl anlamı qavramaqda kömək etmək idi.