Səhnə işıqlandırılması

Səhnə işıqlandırılmasının bir forması

Səhnə işıqlandırılması, Səhnə işığı və ya səhnə işıqlandırması — teatr, rəqs, opera və digər tamaşa sənətlərinin istehsalında istifadə olunan vasitədir. Müxtəlif növ səhnə işıqlandırma cihazları vasitəsilə fərqli prinsiplərlə və ya işıqlandırma məqsədləri üçün səhnə işıqlandırılması tənzimləmələri hazırlanır.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qədim Yunan və Roma teatrlarında işığın mənbəyi günəş idi. Tamaşalar günəş işığı altında oynanılır, hava qaralmamış da bitirilərdi. Ədəbiyyatlarda gecələr oynanılmış tamaşalardan bəhs edilmir. Qaranlığa qalmış tamaşalar zamanı ətrafı işıqlandırmaq üçün iri yanar maddələrdən və ya çıraqlardan istifadə olunduğunu düşünmək mümkündür.

Teatr qərbdəki hakim təbəqələrin əyləncəsi kimi kral saraylarına və zadəganların malikanələrinə daxil olduqdan sonra, qapalı salon teatrları yaranmışdır (İtaliya və Fransada Renessans dövründə, İngiltərədə restavrasiya dövründə). Səhnəni işıqlandırmaq üçün dövrün işıqlandırma alətləri: iri şamlar, yağ lampaları, tunc çıraqlar olmuşdur.

Bizansda I Yustinianın sarayında keçirilən əyləncələrdə, teatra oxşayan tamaşalarda boyalı şüşənin verdiyi rəngli işıqlardan və onları səhnədə əks etdirmək üçün qızılı lövhələrdən istifadə edildiyini bilirik. Belə işıq effektlərindən orta əsrlərdə kilsə teatrlarında da istifadə olunurdu.

XVII əsrin qərb teatrında xüsusi şamdanlar və səhnə boyu yanan ard-arda düzülmüş şamlar vasitəsi ilə səhnələr işıqlandırılırdı.

XVIII əsrdə kerosin lampalarından səhnələrdə istifadə olunmağa başlanmışdır. Bu lampalara bərkidilmiş şüşələr və fənərlər parlaqlıq dərəcəsini xeyli dərəcədə artırmışdır.

XIX əsr teatrlar üçün karbon qazı dövrüdür. Sarımtıl rəngdə bir işıq saçırdı. Yan-yana düzülmüş çoxlu lampalar səhnəni ön və yan tərəflərdən işıqlandırırdı. Yüksək istilik, səs-küy, his və duman bu cihazların mənfi cəhətlərindən idi. Bundan əlavə, bu metodun yüksək yanğın riskinin mövcud olması da onun daha bir çatışmazlığı idi.

Səhnə işıqlarına bir mərkəzdən nəzarət edilməsinə bu dövrdən etibarən diqqət yetirilmişdir. Bir sıra borulardan və qaz kranlarından ibarət olan qaz masasının vasitəsi ilə işıqların parlaqlığını effektiv formada artırmaq və ya azaltmaq mümkün idi.

1803-cü ildə Drummond kalsium lampasını icad etmişdir. İki ayrı boruda daşınan təzyiqli oksigen və hidrogen ülgüc kimi yandırılırdı və yaranan alov kalsium çubuğuna yönəldilirdi. Buna limelight deyilirdi. Bu lampalar ixtiralarından uzun illər sonra yalnız 1860-cı ildə, teatrlarda istifadə olunmağa başlanmış, lakin bundan sonra çox geniş formada yayılmışdırlar. Çarli Çaplinin məşhur filmindən də xatırladığınız kimi, “Limelight” səhnə işığının (ramp ışığı), yəni teatrın simvolu olmuşdur.

1809-cu ildə Davy qövs lampasını icad etmişdir. Güclü bir işıq verirdi. XIX əsrin sonlarında işıq mənbəyi kimi səhnələrdə elektrik qövsləri və kalsium lampaları yarışırdılar.

Şübhəsiz ki, səhnə işığında ən böyük inqilab 1879-cu ildə Amerikada Edison və İngiltərədə Swam adlı ixtiraçıların bir-birlərindən müstəqil formada elektrik lampasını icad etmələri ilə olmuşdur. Bununla da Limelight dövrü başa çatmışdır. Karbon qövsü istisna olmaqla, yerdə qalan bütün işıq mənbələri səhnələrdən uzaqlaşdırılmışdır. Beləliklə də elektrik lampalarının bu gün də davam edən imperatorluğu dövrü başlanmışdır.

İşığa nəzarət[redaktə | mənbəni redaktə et]

Elektrik lampası əsl inqilab idi, lakin bu da öz növbəsində, özünəməxsus problemlər gətirmişdir. Elektrik lampalarının şüarı: “işıq, işıq və daha çox işıq” idi. Lakin səhnə işığı boğularkən atmosfer deyilən şey də arxa plana atılmışdır. Şüar “İşıq, daha çox işıq” idi! Amma bu işıqlanma nəyin bahasına idi? İşıq səhnədəki rekvizitləri (dekorasiyanı) və aktyorları tamamilə düzləşdirir, yarı qaranlıqda qalmalı olan elementləri tamamilə meydana çıxarır, psixoloji effektləri məhv edirdi. Düyməni sıxdığınız zaman tam işıq və ya tam qaranlıq olurdu! Bəs ara işıqlar? Perspektiv? Psixoloji uyuşma?. Ciy işıq onları süpürüb aparırdı. Amma bunlar olmasa, teatr yarımçıq, keyfiyyətsiz və ləzzətsiz olardı.

Dövrün icadı olan, ampulun nəzarət altına alınması lazım idi.

Son 70 ildə bu istiqamətdə böyük irəliləyişlər olmuşdur.

Teatrların tələbləri işıqlandırma avadanlığı sənayesinə böyük təsir göstərmiş, bir növ onu formalaşdırmışdır. Çünki teatr səhnəsi davamlı olaraq işıq təcrübələrinin aparıldığı bir emalatxana kimi idi. Teatrlar üçün xüsusi olaraq hazırlanmış bir çox cihazlar başqa məqsədlər üçün də istifadə olunmağa başlanmışdır. Məsələn, 1896-cı ildə Amerikada gənc bir səhnə elektrikçisi olan Con H. Kliegl tərəfindən yaradılmış şirkət çox qısa müddətdə inkişaf edərək hər cür işıq cihazlarını istehsal etməyə başlamışdır.

Bu qabaqcıllığa cavab olaraq, teatr da digər sahələrdən təsirlənmişdir.

Kino ixtirası xüsusi displeylərin (proyektorların) istehsalını sürətləndirmişdir. Televiziya isə yüksək dərəcədə işığa həssas idarəetmə cihazlarının inkişafını sürətləndirərək səhnənin işıqlandırılmasına müsbət təsir göstərmişdir.

Səhnə işığının məqsədləri[redaktə | mənbəni redaktə et]

Görünüş və ya vizuallıq[redaktə | mənbəni redaktə et]

Səhnə işıqlandırılmasının bir forması

Səhnədəki insanları və əşyaları əhəmiyyətinə görə, gözü narahat etməyəcək, diqqəti yayındırmayacaq şəkildə görünməsi.

Görmə və eşitmə arasında sıx əlaqə mövcuddur. Üzünü görmədiyimiz aktyorun sözlərini də eşidə bilmirik.

İnandırıcılıq[redaktə | mənbəni redaktə et]

Tamaşanın janrına görə işıqlandırma qanuna zidd olmamalıdır. Həqiqi oyunda günəş işığı pəncərədən içəri daxil olurmu?; bu işıq paralel şüalar formasında gəlir və düşdüyü yerdə sərt bir işıq ləkəsi meydana çıxardır. Otağı bir lampamı işıqlandırır?; işığın bu lampadan gələn kimi görünməsi təmin edilməlidir. Dumanlı havada pəncərədən işıq paralel şüalar formasında deyil, diffuz formada sızır, otağı sərt ləkələr yaratmadan doldurur.

Kompozisiya[redaktə | mənbəni redaktə et]

Səhnənin elementlərini mənalı bir bütöv etmək və gözə xoş gələn səhnə mənzərəsi yaratmaq vacibdir. Gözə xoş gələn ifadəsi yanlış başa düşülməməlidir. Hətta bir zindanın daxili və ya dağınıq halda olan bir otaq belə estetik baxımdan xoş bir kompozisiya tələb edir.

Atmosfer[redaktə | mənbəni redaktə et]

Müəyyən bir səhnənin atmosferi yerli-yerində istifadə olunan rənglər və işığın parlaqlıq dərəcəsi ilə verilir. Canlı bir komediya səhnəsi yarı qaranlıq işıqlandırma altında ölür. Soyuq rənglər, dediyimiz rənglər belə bir səhnə üçün müvafiq deyildir. Digər tərəfdən, çox parlaq olan bir işıq və isti rənglər dramatik səhnədə emosiya intensivliyinin qarşısını alır.

Atmosfer işığın psixoloji ölçüsüdür. Şüuraltımıza nüfuz edərək bizə təsir edir. Əslində, bu məqsəd yuxarıdakı ilk üç maddəni ehtiva edir. Əgər bir səhnədə atmosfer dediyimiz şey mövcuddursa, deməli, kompozisiya, inandırıcılıq və vizuallıq prinsipləri effektiv bir formada tətbiq olunmuşdur.