Səhra savaşı – Azərbaycan yazıçısı Vaqif Sultanlının 2015-ci ildə yayınlanan fəlsəfi-mifoloji mövzuda yazdığı roman
Şərti-metafоrik üslubda qələmə alınmış "Səhra savaşı" rоmanında təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Əsərin qəhrəmanı olan Qoca keçmişə dönərkən Çilli Dərvişlə qarşılaşır, onun tövsiyəsilə vaxt bazarını ziyarət edir, Sarı Dərvişlə görüşür, nəhayət, Ağ Dərvişlə qarşılaşaraq Ruh dərgahını ziyarət edir. Lakin Ruh dərgahının ruh bazarına çevilməsini görüncə dərin sarsıntı keçirir. Romanın finalında əsrlərin, minillərin bağrından qopub gələn və yer üzünü lərzəyə gətirən qurdun ulaş səsi səsi eşidilir və Qocanın gözlərinə tük gəlir.
Hadisələrin bu müstəvidə çözümü müəllifə insan, zaman və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir.
Yazıçının əvvəlki yazılarından yalnız məzmunca deyil, həmçinin forma-sənətkarlıq baxımından seçilən "Səhra savaşı" çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə diqqəti çəkir. Süjeti fəlsəfi-mifoloji düşüncədən qaynaqlanan romanın bədii üslubu mürəkkəb təhkiyə hörüyü ilə müşayiət olunan hadisə və epizodlarla şərtlənir. Romanda məkan və zaman vəhdəti orijinal müstəvidə qoyulur və zaman məkan müstəvisinə köçürülür.
Vaqif Sultanlının "Səhra savaşı" romanı ("Struggle in the desert") ingilis dilinə çevrilərək Böyük Britaniyada nəşr olunmuşdur. Londonun "Rossendale books" nəşriyyatında yayınlanan kitabı ingilis dilinə Cavid Abbaslı çevirmişdir. Əsər yazıçı-tərçüməçi Vinsent Valşın redaktəsi ilə nəşr edilmişdir. Roman, eyni zamanda, türk ("Sahra savaşı") və rus ("Сражение в пустыне") dillərinə də çevrilmişdir.
Yazıçı-ədəbiyyatşünas Vaqif Sultanlının "Səhra savaşı" kitabının təqdimatı keçirilib [1]
Vaqif Sultanlının "Səhra savaşı" romanı İngiltərədə nəşr olunub [2]