Vaqif Sultanlı (tam adı: Vaqif Soltan oğlu Verdiyev; 26 mart 1958, Şahsevən, Kürdəmir rayonu) — yazıçı, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru (1997), professor (1999).
Vaqif Sultanlı | |
---|---|
Vaqif Soltan oğlu Verdiyev | |
Doğum adı | Vaqif Verdiyev |
Təxəllüsü | Vaqif Sultanlı |
Doğum tarixi | 26 mart 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | türk |
Təhsili | |
İxtisası | filoloq |
Fəaliyyəti | yazıçı, tənqidçi |
Fəaliyyət illəri | 1974- cü ildən |
Janrlar | hekayə, roman, monoqrafiya, esse |
İlk əsəri | "Yovşan ətri" hekayəsi |
Tanınmış əsərləri | İnsan dənizi (roman), Səhra savaşı (roman) |
Vikianbarda əlaqəli mediafayllar |
Vaqif Sultanlı 1958-ci il martın 26-da Kürdəmir rayonunun Şahsevən kəndində anadan olmuşdur.[1]
Köhnəbazar kənd orta məktəbini bitirmişdir (1964–1974). Orta məktəbdə oxuduğu illərdə, eyni zamanda, Kürdəmir rayon musiqi məktəbində təhsil almışdır (1970–1975). Bir müddət Kürdəmir rayon elektrik şəbəkəsində fəhlə işləmişdir (1974–1976).
Azərbaycan Dövlət Universitetinin fılologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir (1981).[1]
Əmək fəaliyyətinə təyinatla göndərildiyi İsmayıllı rayonunun Qalacıq kəndində dil-ədəbiyyat müəllimi kimi başlamışdır. Sonra isə ADU-nun Müasir Azərbaycan ədəbiyyatı kafedrasının aspiranturasında təhsilini davam etdirmişdir.[2]
"Azərbaycan dramaturgiyasında xarakter problemi (1970–1980)" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1984). BDU-da müəllim, baş müəllim, dosent işləmişdir (1984–1991). Hazırda Universitetin Azərbaycan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində çalışır (1999). "Məhəmməd Əmin Rəsulzadənin həyatı və ədəbi fəaliyyəti" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir (1997). İctimai fəaliyyətlə ardıcıl məşğul olmuşdur. Ümumdünya Azərbaycanşünaslar Assosiasiyasını təşkil etmiş və onun sədri seçilmişdir (1991).[3]
Amerikanın "Azadlıq" və "Azad Avropa" radiostansiyalarının Azərbaycan redaksiyasında ədəbi verilişlər üzrə müxbir işləmişdir (1995–1998). Polşada ("Xudafərin" — 1995), İsveçdə ("Araz" — 1996–1997), ABŞ-də nəşr olunan ("Dünya azərbaycanlıları" — 2000–2012) dərgilərin baş redaktoru olmuşdur.[1]
Kipr-Balkanlar-Avrasiya Türk Ədəbiyyatları Qurumunun (Türkiyə) Qafqaz bürosunun rəhbəridir.
1999-cu ilin iyun-oktyabr aylarında Böyük Britaniyanın Edinburq Universitetində İngilis filologiyası və Qərb mədəniyyəti ixtisası üzrə təcrübə keçmişdir.
Həsən bəy Zərdabi adına mükafata (1995), Kipr-Balkanlar və Avrasiya Türk Ədəbiyyatları Qurumunun (KİBATEK) Uluslararası Türk Dilinə Xidmət Ödülünə (2003), Misir Mədəniyyət Nazirliyinin Fəxri-fərmanına (2014), Türkçənin Diriliş Hərəkatı Dərnəyinin Üstün Xidmət Ödülünə (2017) layiq görülmüşdür.
Dünya Azərbaycanlıları Konqresinin (DAK) İsveç (2001), Hollandiya (2002), Almaniya (2004), Belçika (2008) və Böyük Britaniyada (2010) keçirilən qurultaylarında İdarə Heyətinin üzvü seçilmişdir.
2012-ci ildə təsis olunan və mərkəzi ofisi Pekində yerləşən Beynəlxalq Epos Araşdırmaları Cəmiyyətinin (The International Society for Epic Studies) üzvüdür.
2018-ci ildə Amerika Birləşmiş Ştatlarında yerləşən Beynəlxalq Yazarlar Assosiasiyasına (International Writers Association) üzv seçilmişdir.
Əsərləri İngiltərə, Amerika Birləşmiş Ştatları, Almaniya, Türkiyə, Danimarka, Misir, İran, Rusiya, Ukrayna və b. ölkələrdə nəşr olunmuşdur.
Dünyanın qırxdan artıq ölkəsində keçirilən uluslararası simpozium, konfrans, forum və seminarlara qatılmış, Azərbaycan ədəbiyyatı və mədəniyyətini təmsil etmişdir.
Ailəlidir, iki övladı var.[1]
Ədəbi yaradıcılığa çox erkən başlasa da "Yovşan ətri" adlı ilk hekayəsi 1980-ci ildə "Azərbaycan qadını" jurnalında nəşr olunmuşdur. Həmin dövrdən başlayaraq hekayələri, tərcümələri, elmi-publisistik məqalələri ilə müntəzəm olaraq mətbuatda çıxış edir.
Real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış "İnsan dənizi" (1992) romanı müəllifin bədii yaradıcılığında xüsusi yer tutur. Hadisələrin ötən əsrin səksəninci illərində cərəyan etdiyi romanda ölüm cəzasından xilas olaraq yad bir şəhərdə gizli ömür sürən qəhrəmanın timsalında cəmiyyətin əxlaqına və mənəviyyatına yoluxmuş özgələşmə problemi bədii həllini tapmışdır.
Özünəməxsus təhkiyə tərzi ilə seçilən "Səhra savaşı" (2010) romanında təsvir olunan hadisələr zamanın çatlaması ilə gələcəkdən imtina edərək keçmişə üz tutan qəhrəmanın taleyi fonunda aşkarlanır. Hadisələrin bu müstəvidə aşkarlanması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini əks etdirməyə imkan vermişdir."Səhra savaşı" çağdaş dünyaya hakim olan özgələşmə, yaddasızlaşma, biganələşmə, gərəksizləşmə kimi mənəvi çöküş və humanitar deformasiya probleminə etiraz ruhu ilə seçilməkdədir.
Müəllifin diqqəti çəkən əsərlərindən biri olan "Ölüm yuxusu" povestində qəbiristanlığın köçürülməsi hadisəsi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Bu xaos təsvir olunan obrazların daxili-mənəvi dünyasını aşkarlamağa imkan verir. Qəbiristanlığı uçuran buldozerçinin intihar etməsi ilə tamamlanan povestdə yazıçı mənəvi-əxlaqi dəyərlərə qarşı çıxmağı ölümlə eyniləşdirmək məramı izləmişdir.
Vaqif Sultanlının "Ağ yol", "Səhər dumanı","Yarpaqsız budaqların yaşıl nəşməsi", "Dərviş", "Mağara", "Qütb gecəsi", "Vətən", "Ada", "İlğım", "Tərs axın", "Lal həlqə", "Kül qəfəs", "Zolaqlı yuva", "Çarpaz kölgə", "Gil ovsun" və digər hekayələri özünəməxsus dil və üslub xüsusiyyətləri ilə seçilməkdədir. Yazıçının "Görüş yeri","Nəvai-Qumru","Humayun" və başqa hekayələri tarixi mövzuda qələmə alınmışdır.
O, həmçinin lirik-romantik üslubda yazılmış bir çox miniatürlərin müəllifidir.
Bədii yaradıcılıqla yanaşı, sənətin nəzəri-estetik məsələləri ilə də məşğul olan müəllifin ədəbi tənqid və ədəbiyatşünaslıqla ilgili axtarışları "Məhəmməd Əmin Rəsulzadənin ədəbi dünyası" (1993), "Ağır yolun yolçusu" (1996), "Azadlığın üfüqlərı" (1997), "Azərbaycan mühacirət ədəbiyyatı" (1998), "Ədəbi-nəzəri illüstrasiyalar" (2000), "Ömrün nicat sahili" (2004), "Ədəbi tənqidin tədrisi məsələləri" (2007), "Azərbaycan ədəbi tənqidi" (2012), "İstiqlal sevgisi" (2014) və başqa kitablarda əksini tapmışdır. Müəllifin ədəbiyyatşünaslıq fəaliyyətində Azərbaycan mühacirət ədəbiyyatı ilə bağlı araşdırmalar xüsusi yer tutur. Tədqiqatçı ən qədim dövrlərdən başlayaraq çağdaş dönəmə qədər Azərbaycan mühacirət ədəbiyyatının keçib gəldiyi yolu dəyərləndirmiş, mərhələ təsnifatı aparmış, ayrı-ayrı görkəmli şəxsiyyətlərin ədəbi fəaliyyəti haqqında sistemli məlumat vermişdir.
O, çoxlu sayda publisistik yazıların, tənqid və ədəbi proseslə bağlı elmi-publisistik məqalənin müəllifidir.
Vaqif Sultanlının elmi yaradıcılığının mühüm bir qismini uluslararası konfrans, simpozium, forum və seminarlarda oxunmuş məruzələr təşkil edir.
Vaqif Sultanlı tərcümə fəaliyyəti ilə də məşğul olmuş,Rəşad Nuri Güntəkinin "Yarpaq tökümü" və "Dəyirman", Sergey Jitomirskinin "Sirakuzlu alim" tarixi povestini, habelə Ervin Ştritmatter, Yaroslav Haşek, Veyo Meri, Qustav Stopka və başqalarının hekayələrini doğma dilə çevirərək nəşr etdirmişdir. Məhəmməd Əmin Rəsulzadənin "Panturanizm haqqında" əsərini rus dilindən (şərikli) tərcümə etmişdir.
(ruscadan və türkcədən)